Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5929/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh İKB ASC (hazırda “xxxxxxxxx” ASC), Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və “X3” MMC-yə (“X1 Mərkəzi” MMC və Nəsimi rayon İcra və Probasiya şöbəsinin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İKB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin, 54 saylı mənzilinin əldə edilməsinə dair Cavabdeh İKB ASC ilə “X1 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 106/4 saylı hərracın yekunları barədə protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh İKB ASC-nin ipotekasına xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində bu barədə müvafiq qeydlər aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh İKB ASC ilə “X1 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 106/4 saylı hərracın yekunları barədə protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin, 54 saylı mənzili üzərindəki ipotekaya xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh İKB ASC, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, sözügedən mənzilin hərrac vasitəsilə satılmasından iddiaçının məlumatı olmuşdur. İddiaçı, həmçinin, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddia müddətinin axımı 2017-ci il tarixdən deyil, 2011-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə 2011-ci ildə keçirilmiş hərracı nəzərə alaraq bank ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, bankın iddia ərizəsi üzrə qəbul edilmiş 2010-cu il tarixli qətnamə üzrə aparılmış bütün icra hərəkətlərindən iddiaçının məlumatı olmuşdur. Bu da, onunla təsdiqini tapır ki, iş materiallarında olan və məhkəmə qətnaməsində göstərilən müxtəlif məhkəmə mübahisələri olmuş və həmin mübahisələrə dair məhkəmə qərarları var. Odur ki, iddiaçının 2011-ci il tarixdən icra vərəqəsi üzrə aparılmış bütün hərəkət və hərəkətsizlikdən məlumatı olmuş, lakin ipoteka müqaviləsinə xitam verilməsi və digər tələbləri ilə bağlı məhkəməyə vaxtında müraciət etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmədən, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh İKB ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İKB ASC (hazırda “xxxxxxxxx” ASC), həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-270/2010 saylı qətnaməsi ilə, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı 169.246 ABŞ dolları əsas, 24.744 ABŞ dolları faiz və 21.790 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 215.780 ABŞ dolları borcun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11-də yerləşən 54 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Nəsimi rayon Məhkəmə İcraçıları şöbəsinin xx.xx.2011-ci il tarixli, 17/70 4723/4 nömrəli məktubuna əsasən, “xxxxxx” MMC-nin xx.xx.2011-ci il tarixli, 11-229 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ilə sözügedən mənzil 232.500 manat dəyərində qiymətləndirilmiş və həmin mənzilin hərrac vasitəsi ilə satılması “X1 Mərkəzi” MMC-yə sifariş edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən qiymətləndirici tərəfindən müəyyən edilmiş məbləğə müvafiq olaraq ilkin satış qiyməti müəyyən olunmaqla, qeyd olunan mənzillə bağlı hərracın keçirilmə tarixi xx.xx.2011-ci il tarixə, saat 11:00-a təyin edilmiş, bununla bağlı “Elanlar” qəzetində elan yerləşdirilmiş, bu barədə İddiaçı və Cavabdeh İKB ASC-nin ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2011-ci il tarixli bildiriş göndərilmişdir. xx.xx.2011-ci il tarixli, 2140 nömrəli protokola əsasən hərrac baş tutmamışdır. Satılmalı olan mənzilin ilkin satış qiyməti 197.625 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi isə xx.xx.2011-ci il tarixə, saat 11:00-a təyin olunmuş, bununla bağlı “Market” qəzetində elan yerləşdirilmiş, bu barədə İddiaçı və Cavabdeh İKB ASC-nin ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2011-ci il tarixli bildiriş göndərilmişdir. xx.xx.2011-ci il tarixli, 2300 nömrəli protokola əsasən, təkrar hərrac da baş tutmamışdır. Hərrac təşkilatçısı tərəfindən xx.xx.2011-ci il tarixli, 11048 nömrəli məktubla, sözügedən mənzil hərracda satılmadığına görə həmin əmlakı almaq Cavabdeh İKB ASC-yə təklif olunmuş və bildirilmişdir ki, Bank əmlakı almadığı halda ipotekaya xitam verilir. Bundan sonra, xx.xx.2012-ci il tarixli, 16334 nömrəli məktubla, Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı əmlak satılmadığından qanunvericiliyə uyğun qərar qəbul olunması üçün iş Nəsimi rayon İcra şöbəsinə geri qaytarılmışdır. Cavabdeh İKB ASC-nin xx.xx.2015-ci il tarixli, 5352/15 nömrəli məktubunda qeyd olunmuşdur ki, tərəflər arasında borcun ödənilməsi ilə bağlı əldə olunmuş razılığa əsasən, icra sənədi “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinin tələbinə uyğun olaraq müvafiq məhkəməyə qaytarılmışdır. İddiaçı əldə olunmuş razılığı yenidən pozaraq öhdəliyi lazımınca yerinə yetirməmişdir. Ona görə də qətnamənin məcburi qaydada icra olunması zərurəti yaranmışdır. Odur ki, Nəsimi Rayon Məhkəməsindən icra sənədinin yenidən icra yönəldilməsi xahiş olunur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məktubu ilə, xx.xx.2010-cu il tarixli icra sənədi yenidən icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2015ci il tarixli sifariş məktubuna əsasən, “xxxxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 15-704 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ilə sözügedən mənzil 125.000 manat dəyərində qiymətləndirilmiş, xx.xx.2016-cı il tarxili, 17/70-145/1 saylı məktubla, hərracın keçirilməsi “X1 Mərkəzi” MMC-yə sifariş edilmişdir. Lakin “X1 Mərkəzi” MMC-nin xx.xx.2017-ci il tarixli, 3357 nömrəli məktubuna əsasən, Nəsimi İŞ-nin sifarişləri üzrə hərraclar “xxxxxxxxxxx” MMC tərəfindən keçirildiyi üçün sifariş icra olunmadan geri qaytarılmışdır. “X3” MMC-nin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişlərindən görünür ki, mübahisəli mənzil satılmaq üçün hərraca çıxarılmış, lakin iştirakçısı olmaması səbəbindən hərraclar baş tutmamış, xx.xx.2017-ci il tarixli, 970 nömrəli ipoteka predmetini almaq barədə təklifə əsasən, sözügedən mənzilin 30 gün ərzində əldə edilməsi Cavabdeh İKB ASC-yə təklif edilmişdir. xx.xx.2017-ci il tarixli, 106/4 nömrəli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, Cavabdeh İKB ASC, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində ev 11-də yerləşən 54 saylı mənzili 79.687,50 manatqiymətlə əldə etmişdir. Hazırda iddiaçı, “İpoteka haqqında” Qanun 43.8-ci maddəsinə istinad edərək, ipotekaya xitam verilməsinə baxmayaraq, icra şöbəsi tərəfindən mənzilin açıq hərracdan satılması üçün qanunazidd olaraq ikinci dəfə sifariş verildiyini bildirərək, həmin hərracın yektunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və mübahisəli mənzilin ipotekadan azad edilməsini tələb edir. Cavabdeh “xxxxxxxxx” ASC isə, iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş edir. Kollegiya ilk öncə vurğulayır ki, Ali Məhkəmə, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli, 106/4 saylı hərracın yekunları barədə protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi Cavabdeh İKB ASC ilə “X1 Mərkəzi” MMC arasında deyil, digər cavabdeh olan “X3” MMC arasında bağlanmışdır. İşin 76-cı vərəqində olan iddia ərizəsində “X3” MMC cavabdeh kimi, “X1 Mərkəzi” MMC isə üçüncü şəxs kimi göstərilsə də, birinci instansiya məhkəməsi yalnız həmin üçüncü şəxsi işə cəlb etmiş, cavabdeh “X3” MMC-ni isə ümumiyyətlə işə cəlb etməmişdir. Apellyasiya istiansiya məhkəməsi isə, bildiriş məktublarına əsasən yalnız İddiaçı və Cavabdeh İKB ASC-ni işə cəlb etmiş, işdə iştirak edən digər şəxsləri isə işə cəlb etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası, Ali Məhkəmənin yuxarıdakı mövqeyini nəzərə alaraq, “X3” MMC-ni işə cəlb etmiş, lakin cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayarq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Kollegiya tərəfindən MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, ipoteka predmetinin qiymətləndirilməsi, hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. “İpoteka haqqında” Qanunun 43.1-43.7-ci maddələrinə görə, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə və hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir. Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bəzən təcrübədə müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təsadüf edilir. Plenum, bununla bağlı qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Qərarda, həmçinin, qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Baxılan işdən görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən mübahisəli mənzilin satılması ilə bağlı xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixlərdə qanunla müəyyən edilmiş qaydada hərraclar keçirilmiş və hər iki hərrac baş tutmamışdır. Bundan sonra hərrac təşkilatçısı ipoteka predmetini ipoteka saxlayana təklif etmiş, lakin əmlak satılmadığından işi xx.xx.2012-ci il tarixdə icra şöbəsinə geri qaytarmışdır. Göründüyü kimi, təkrar hərrac baş tutmamış elan edildikdən (xx.xx.2011-ci il) sonra ipoteka saxlayan Cavabdeh İKB ASC, qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, bununla da, ipoteka predmetini almaq imkanını itirmiş və ipotekaya xitam verilmişdir. Buna baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin müraciəti əsasında “X3” MMC tərəfindən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixrixlərdə mübahisəli mənzilin satılması ilə bağlı yenidən hərraclar keçirilmiş və bu hərracların nəticəsində həmin mənzil xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh İKB ASC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində ev 11-də yerləşən 54 saylı mənzil üzərində Cavabdeh İKB ASC-nin ipoteka hüququna xitam verilməsinə baxmayaraq, ipoteka predmetinin yenidən hərraca çıxarılmaqla, bu hərrac nəticəsində Cavabdeh İKB ASC-yə satılması nəticəsində ipoteka haqqında qanunvericiliyin yuxarıda sadalanan tələbləri pozulmuşdur. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən isə, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Odur ki, Kollegiya, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin, 54 saylı mənzili üzərindəki ipotekaya xitam verilməsinin təsbit olunması və sözügedən məznilin satılması ilə bağlı “X3” MMC tərəfindən keçirilmiş hərrac etibarsız sayıldığından, həmin hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 106/4 saylı protokolun və eyni tarixli əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi əsaslı olmuşdur. Kollegiya, Cavabdeh İKB ASC-nin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə bildirir ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi hərrac bununla bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutlmuş məcburi (imperativ) qaydalar pozulmaqla keçirildiyindən əhəmiyyətsiz ədqdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən isə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, həmin müddət əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmuş müddətdir. Çünki, əhəmiyyətsiz əqdlər məhkəmədə iddia qaldırmadan özü-özlüyündə etibarsız olan əqdlərdir (MM, maddə 337.3). Yuxarıda qeyd edildiyi kimi belə əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürməyə gərək yoxdur. İddia irəli sürməyə ehtiyac olmadığı halda, belə tələb üçün müddət də nəzərdə tutulmaz. Odur ki, həmin müddəa əvəzedilən əşyaların verilməsi nəticəsində müqavilənin qarşı tərəfi əsassız varlandığı halda əqdin etibarsızlığının nəticələrinin tətbiqinə (pul və ya digər əvəzedilən əşyaların geri qaytarılmasına) dair iddia müddətidir. Çünki, bu xarakterli əşyalar əqdin qarşı tərəfinə verildiyi andan təqdim edənin onlar üzərindəki mülkiyyət hüququ aradan qalxır, əldə edənin mülkiyyətinə keçir. Əşyanın keçməsinin hüquqi əsası olmadığı (əqd əhəmiyyətsiz olduğu) üçün əldə edən əsassız varlanmış sayılır. Bu səbəbdən, belə tələblərə “mülkiyyətin müdafiəsinə iddia müddəti tətbiq olunmaz” qaydası nəzərə alınmır və qanunverici bir illik müddət müəyyən edir. Etibarsız əqd üzrə əvəzedilməyən əşyalar verildiyi təqdirdə isə, əqdin qarşı tərəfi əsassız varlanmış olmur. Çünki əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə yaratmadığı (MM, maddə 337.4) üçün daşınmaz əmlakın dövlət reyestrində alıcının adına aparılan qeydiyyat əsassız olur və o, həmin əşya üzərində mülkiyyət hüququ əldə etmir. Etibarsız əqd üzrə əşya verildiyi (daşınmaz əşyaya dair reyestrdəki qeyd alıcının adına keçdiyi) təqdirdə ona olan mülkiyyət hüququnun keçmədiyi Konstitusiya Məhkəməsinin H.Cəfərovun şikayəti üzrə xx xxxxxxxx 2014-cü il qərarında da qeyd olunmuşdur. Belə olan halda, hüquq elə mülkiyyətçinin özündə qaldığına görə, əşyanı alan qarşı tərəf varlanmış olmur. Məhz buna görə mülkiyyətçi özündə qalan mülkiyyət haqqına istinad edərək, əqdin əhəmiyyətsizliyinin təsbit edilməsini və əşyanı müddətsiz olaraq geri qaytarılmasını müqavilənin qarşı tərəfindən istəyə bilir. Baxılan işdə mübahisə predmeti olan mənzilin Cavabdeh İKB ASC-yə satılmasına dair alqı-satqı müqaviləsi etibarsız olduğundan hazırda mülkiyyəti iddiaçıdadır. İddiaçı da özünün mülkiyyət hüququna istinad edərək hazırkı iddianı irəli sürür. Əşya hüquqlarına (o cümlədən tam əşya hüququ olan mülkiyyət haqqına) söykənən tələblər isə iddia müddətinə tabe deyil. Bu qayda, Mülki Məcəllənin 384.0.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir. Həmin maddəyə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İKB ASC-nin (hazırda “xxxxxxxxx” ASC) apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2845/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5929/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5929/2020
19.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver