Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5931/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1705/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 27.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 14.07.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 14.07.2018-ci il tarixdən hesablanmaqla hər ay 220 manat və 15.05.2018-ci il tarixdən hesablanmaqla uşağa üç yaşına çatanadək qulluq etmək üçün hər ay 80 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1705/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş - 14.07.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.01.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat, eləcə də 14.07.2018-ci il təvəllüdlü X3 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya şikayətləri və onların dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi uşaq üçün alimentin 14.07.2018-ci il tarixdən, uşağa üç yaşına çatanadək qulluq etmək üçün alimentin 15.05.2018-ci il tarixdən hesablanması hisədə iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o hazırda uşaqla hər həftə görüşmək üçün məhkəməyə müraciət etmişdir. Hazırda 500 manat maaş alır, qanunvericiliklə müəyyən edilmiş qaydada aylıq 175 manat aliment müəyyən edilməsinə etiraz etmir. Göstərilənlərə əsasən, qətnamənin iddianın alimentin tutulmasına dair hissəsində qismən ləğv edilərək həmin hissədə cavabdehdən cəmi 175 manat aliment tutulmasına, iddia tələbinin uşağa üç yaşına çatanadək qulluq etmək üçün aylıq 80 manat aliment hissədə isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili C.Cəfərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Həmçinin, məhkəməyə iş yeri barədə elektron sistemdən arayış təqdim edərək "xxxx" ASC-də mütəxəssis işlədiyini, aylıq 610 manat əmək haqqı aldığını, uşaq anadan olandan aylıq 1000 manat olmaqla iddiaçıya köməklik etdiyini, hazırda isə aylıq 175 manat aliment ödəyə biləcəyini qeyd etdi. Sübutların tədqiqi: İddiaçı və Cavabdeh 08.06.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.05.2018-ci il tarixli 2(004)-3878/2018 nömrəli qətnaməsi ilə tərəflər arasında Bakı Nikah Evində 08.06.2017-ci il tarixdə 1694 saylı akt ilə bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 14.07.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Murad anasının yanında yaşayır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin uşaq üçün alimentin 14.07.2018-ci il tarixdən, uşağa üç yaşına çatanadək qulluq etmək üçün alimentin 15.05.2018-ci il tarixdən hesablanması barədə dəlilinə münasibətdə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı AM-nin 103-cü maddəsində təsbit olunmuş əsaslarla bağlı, yəni tədbirlər görməsi, lakin cavabdehin uşağa hazırkı vaxta kimi maddi yardım göstərməkdən boyun qaçırmasına dair sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən də aliment məhkəməyə alimentə dair müraciət edildiyi vaxtdan tutulur. Kollegiya cavabdehin apellyasiya şikayətinin uşaq üçün aylıq 175 manat aliment tutulması barədə dəlilinə əsasən qeyd edir ki, Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almalıdır. Hazırkı iş üzrə cavabdeh məhkəmə iclasında iş yeri barədə elektron sistemdən arayış təqdim edərək "xxxx" ASC-də mütəxəssis işlədiyini, aylıq 610 manat əmək haqqı aldığını, uşaq anadan olandan aylıq 1000 manat olmaqla iddiaçıya köməklik etdiyini, lakin iddiaçı məhkəməyə müraciət etdiyindən prinsipal olaraq qanunla müəyyən olunmuş məbləğdə, yəni 175 manat aliment ödəyəmək istədiyini qeyd etmişdir. Belə olanda Kollegiya hesab edir ki, rayon məhkəməsi uşaq üçün alimenti aylıq 220 manata olmaqla müəyən etməkdə tam haqlı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin iddia tələbinin uşağa üç yaşına çatanadək qulluq etmək üçün aylıq 80 manat aliment hissədə rədd edilməsinə dair dəlilinə münasibətdə bildirir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı işləmədiyindən, cavabdeh isə işləməsi və müntəzəm gəliri olması səbəbindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 19-cu maddəsinin tələbinə görə uşağın maddi və mənəvi tələbətlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşağın üstün hüquqi mənafeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq qəbul etdiyi qətnamə qanuni və əsaslı olduğundan, apellyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1705/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5931/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5931/2021
07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver