Məhkəmə qərarları › İş №2(103)-5937/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5937/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5937/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Arif qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5937/2023 (Açar sözlər: aliment borcundan azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1482/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan 2009-cu il təvəllüdlü X2 anasının yanında saxlanılması, hər ay 100 manat alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. 2014-cü ilin noyabr ayından iddiaçı yenidən keçmiş həyat yoldaşı və qızı ilə bilikdə yaşamağa başlamışdır. 2022-ci ilin sentyabr ayına kimi iddiaçı cavabdeh və övladı ilə birlikdə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ünvanında olan evdə yaşamışlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 2009-cu il təvəllüdlü X1 üçün 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi 6823 manat məbləğində aliment borcundan azad olunmasına dair qətnamə çıxarılması xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan 2009-cu il təvəllüdlü X2 anasının yanında saxlanılması, hər ay 100 manat alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Tərəflər 2007-ci ildə ailə qurduqdan sonra Bakı şəhərində müxtəlif vaxtlarda qohum evlərində yaşamış, 2010- cu ildə iddiaçı Bakı şəhəri Binəqədi rayonu Zəngəzur şossesində torpaq alaraq fərdi yaşayış evi tikilmiş və tərəflər birgə olaraq həmin evdə yaşamışlar. Tərəflərin nikahlarına 2014-cü ildə məhkəmə qətnaməsi ilə xitam verisə də, qətnamə qəbul edildikdən sonra ilk 5 ay ərzində onlar ayrı yaşamış, 2014-cü ilin noyabr ayından isə iddiaçı yenidən keçmiş həyat yoldaşı və qızı ilə bilikdə yaşamağa başlamışdır. 2022-ci ilin sentyabr ayına kimi iddiaçı cavabdeh və övladı ilə birlikdə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ünvanında olan evdə yaşamış, birgə yaşadıqları dövr ərzində heç bir sözsöhbətləri olmamış və nikahın pozulmasına baxmayaraq bir ailə kimi yaşamışlar. Nikah pozulduqdan sonra ilk 5 ay ərzində iddiaçı cavabdehin X17 hesabına hər ay 100 manat aliment üçün kəsilmiş pulu ödəmiş, lakin 2014-cü ilin noyabr ayından birgə yaşadıqlarından alimentin ödənişini dayandırmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Zəngəzur şossesi sakinləri X13, X8 və X12 tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı həqiqətəndə 2010-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Zəngəzur şossesində yerləşən fərdi evdə 2010-cu il tarixdən ailəsi birlikdə yaşamış, qeyd olunan ünvanda yerləşən fərdi ev İddiaçı şəxsi vəsaiti hesabına tikilmiş və akta imza atan şəxslər buna şahid olmuşlar. İddia ərizəsinə əlavə olunmuş müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillərdən müəyyən olunur ki, iddiaçı qeyd olunan dövr ərzində yəni 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi ailəsi ilə bilrikdə yaşamışdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ona məxsus olan avtomobili idarə etmək üçün iki dəfə notarius vasitəsilə etibarnamə verilmişdir. Yuxarıda qeyd olunan xüsusatlarla sübuta yetirir ki, tərəflər 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi birlikdə yaşamışlar. Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının işlədiyi X6 göndərilmiş 277499/2022 saylı icra sənədinə əsasən, 6823 manat məbləğində aliment borcunun tutulması xahiş edilmişdir. İddiaçı hesab edir ki, nikahın pozulmasından sonra birgə yaşadıqları və birgə təsərrüfat apardıqları dövr üçün alimentin tələb edilməsi qanunsuz və əsassızdır. Belə ki, onlar 2014cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi bir yerdə ailə kimi yaşamış və ailənin bütün ehtiyacları iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də iddiaçının 2009-cu il təvəllüdlü X1 üçün 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi 6823 manat məbləğində aliment borcundan azad olunmasına dair qətnamə çıxarılması xahiş olunur.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahı pozulduqdan sonra İddiaçı bu günə kimi bir manat da aliment ödəməmişdir. İddia ərizəsində guya X17 hesaba aliment ödədiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut tədim etməmişdir. Çünki belə bir sübut yoxdur. İddiaçı ilə bu müddətdə bir yerdə yaşasalar da, iddiaçı heç vaxt ailəsinə baxmamış, uşağın xərclərində iştirak etməmiş, dəfələrlə iddiaçı cavabdehi döymüş, təhqir etmiş, ondan aliment tələb edəcəyi təqdirdə öldürəcəyi ilə hədələmişdir. İddiaçıdan qorxduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ödənilməli olan alimenti tələb etməmişdir. Hesab edir ki, alimenti məhkəmə icraçısı vasitəsi ilə tələb etməməsi alimentdən imtina etməsi anlamına gəlməməlidir. 2014-cü il tarixdən 2022-ci il tarixədək iddiaçı ailənin xərclərində iştirak etməmiş, bütün xərcləri cavabdeh özü çəkmiş, çətinliklə uşağına baxmışdır. Bundan başqa hesab edir ki, alimentdən azad olunmaq üçün hüquqi əsas da yoxdur. Aliment borcu iddiaçının xəstəliyi və ya digər səbəblərə görə əmələ gəlməmişdir. Aliment borcu iddiaçının həmin borcu heç bir səbəb olmadan ödəməməsinə görə yaranmışdır. Bundan başqa, iddiaçının maddi durumu da ona imkan verib ki, bu müddətdə alimenti ödəyə bilsin. Belə ki, iddiaçı X5 böyük energetik vəzifəsində çalışır və aylıq əmək haqqısı 1881,60 manat təşkil edir. İddiaçının iddia ərizəsində Bakı şəhəri Binəqədi rayonu Zəngəzur şossesi sakinləri X13, X9 və X12 tərtib etdiyi xx.xx.2022ci il tarixli akta istinad edərək tərəflərin bir yerdə yaşadıqları və qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının hesabına tikildiyini göstərmişlər. Həmin aktın mötəbərliyi şübhə altındadır. Həmin şəxslər aktda göstərilənləri məhkəmədə şahid qismində ifadə verməklə təsdiqlədikdə, akt mötəbər sənəd kimi qəbul edilə bilər. Bundan əlavə, həmin şəxslər qonşu olumuş, onlar evdə baş verənləri bilə bilməzdilər. Onlar evin kimin vəsaiti hesabına tikildiyini və ya iddiaçının öz ailəsinə baxıb-baxmadığını, aliment ödəyib-ödəmədiyini bilə bilməzlər. Ona görə də İddiaçı aliment ödəməkdən azad olunmaq barədə iddiasının rədd olunmasına dair qətnamə çıxarılması xahiş olunur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1482/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Tovuz Rayon Məhkəməsinin 2(62)- 851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 2014cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı daxil olmaqla olan dövr üçün yaranmış aliment borcundan azad edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəllənin 6.1, 6.2, 106.1, 106.2, 106.3, 106.4, 106.5, 107.2, 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. 88, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qatnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onların nikahı 2014-cü il tarixdə pozulduqdan sonra onların ailə münasibətləri barpa edilməmişdir. Ailə münasibətlərinin bərpa edilməsi üçün onlar yenidən nikaha daxil olmali idilər. Onlar birgə yaşasalar da, iddiaçı ailəsinə baxmamış, onun xərclərində iştirak etməmiş və məhkəmə qatnaməsi üzrə ödəməli olduğu alimenti ödəməmişdir. Bundan başqa, onların hansısa ailə tədbirlərində birlikdə iştirak edib foto vo video çəkdirmələri, onun iddiaçıya etibarnamə verməsi də onların möhkəm ailə münasibətlərində olduğunu təsdiq edən sübut deyildir və iddiaçının aliment öhdəliyindən azad olunması üçün əsas deyildir. Onun alimenti tələb etməməsi ilə bağlı isə bildirir ki, bu onun hüququdur və alimenti nə vaxt tələb edib-etməməkdə sərbəstdir. Bu icra məmurunun vəzifəsidir və icra mamuru tələbkarın icra işi ilə maraqlanıb-maraqlanmamasından asılı olmayaraq öz vəzifələrini icra etməli və alimentin alınması üçün tədbirlər görməli idi. İcra məmurunun öz vəzifələrini icra etməməsi alimentdən azad olunmaya gətirib çıxarmamalıdır. Onu da əlavə edir ki, o, alimentdən imtina etməklə bağlı icra məmuruna müraciət etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia tələbində silinməli olan konkret məbləğ müəyyən etsə də, məhkəmə aylar üzrə silinməli olan məbləği müəyyən etmişdir. Aylar üzrə müəyyən edərkən silinməli olan alimentin məbləği daha çox hesablanır. Bu da özlüyündə iddia tələbindən kənara çıxma hesab olunmalıdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 106.1. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər.

14. Maddə 106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər.

15. Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.

16. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.

17. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

18. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

23. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə azad edilmiş aliment borcunun məbləğinin müəyyən edilməsinə aid hissəsində dəyişdirilməlidir.

29. Belə ki, iş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2018ci il tarixdə 7E-7500 nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən müəyyən olunur ki, Hyundai Accent minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün mülkiyyətçi Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir.

30. Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə 7E-7072 nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən müəyyən olunur ki, **-HR-*** dövlət qeydiyyat nişanlı Hyundai İX-35 minik markalı nəqliyyat vasitəsitəsini idarə etmək üçün mülkiyyətçi Cavabdeh tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixinədək qüvvədə olan etibarnamə vermişdir.

31. Binəqədi RİH-nin Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.G.Məmmədovun xx.xx.2023-cü il tarixli 202 saylı arayışın surətindən müəyyən olunur ki, qonşuların təsdiq etdiyi akta əsasən İddiaçı Binəqədi şossesi Zəngəzur küçəsində ailəsi ilə birlikdə 2010-cu ilin iyul ayından 2022-ci ilin oktyabr ayına kimi yaşamışdır.

32. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)- 6530/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir.

33. Ə.Ə.İsmayılov, K.S.Fərzəliyev və Ə.N.Usubov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi Zəngəzur küçəsində yerləşən fərdi evi 2009-cu ildə tikməyə başlamış, 2010-cu ildə həmin fərdi evə ailəsi ilə birlikdə köçərək yaşamış, fərdi ev İddiaçı şəxsi vəsaiti hesabına tikilmiş, onlar qonşu olaraq buna şahid olmuşlar. Hal-hazıra kimi İddiaçı ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayır.

34. Ə.Ə.İsmayılov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X13 2015-ci ildə Binəqədi rayonu Binəqədi şossesi Zəngəzur şossesində yaşayan qızının evinə köçmüş, İddiaçı xx.xx.2022-ci il tarixdə onu evdən çağırıb, yalan danışaraq evə sənəd düzəldəcəyini, bunun üçün də imzası lazım olduğunu bildirmiş, onun nə evi tiktirdiyini, nə də ora köçdüyünü görməmiş, hərdən gəlib-getdiyini görmüş, ailəsi ilə ayrılmasından sonra xəbəri olmuş, sonradan bilmişdir ki, onun imzaladığı sənədi məhkəməyə və digər dövlət orqanlarına təqdim edib.

35. K.S.Fərzəliyev tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 2022- ci il tarixdə İddiaçı onu evindən çağıraraq evinə sənəd düzəldilməsi üçün imzası lazım olduğunu bildirmiş, o, Ramilin hərdən evə gəlib-getdiyini görürdüyündən ailə münaqişəsindən və onların ayrılmasından xəbəri olmamış, yaxşılıq etməsini düşünmüşdür. Ondan istifadə edərək yalan danışıb ev sənədi üçün imzaladığı kağızı məhkəməyə və digər dövlət qurumlarına verdiyindən sonradan xəbəri olmuşdur.

36. Ə.N.Usubov tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, o, 2018- ci ildə Binəqədi rayonu Binəqədi şossesi Zəngəzur şossesində olan evinə köçmüş, xx.xx.2022-ci il tarixdə İddiaçı ona yalan danışaraq, guya evǝ sənəd düzəltdirəcəyini bildirib gətirdiyi sənədi imzalamasını xahiş etmiş, o da inanaraq sənədi imzalamışdır. O, A.Ramilin hərdən evə gəlib getdiyini görmüş, evin nə tikilməsini, nə də evə köçməsini görməmişdir. A.Ramilin ailəsindən ayrılmasından sonradan xəbəri olmuşdur. Sonradan bilmişdir ki, onu aldadaraq, çəktiyi imzanı məhkəməyə və digər dövlət qurumlarına təqdim etmişdir.

37. Tovuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 277499\2022 saylı məktubunun surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə icraata daxil edilmiş və hazırda icra sənədi üzrə 6823 manat aliment borcu yaranmış Tovuz Rayon Məhkəməsinin 2(062)-851/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi borclu İddiaçı əmək haqqından, yaranmış borc aradan qaldırılanadək hər ay 70% tutularaq tələbkar Cavabdeh verilməsi üçün borclunun işlədiyi X6 göndərilmişdir.

38. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 2015, 2016, 2017, 2018, 2019, 2020, 2022-ci illərdə çəkilən fotoşəkillərdən və qohumlarının özəl günləri ilə bağlı video çəkilişlərdən müəyyən olunur ki, tərəflər birgə, ailə şəklində özlərinin və qohumlarının özəl günlərində iştirak etmiş, birgə istirahət etmişlər.

39. Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli 048 saylı arayışından müəyyən olunur ki, Cavabdeh mərkəzi filialda xx.xx.2020-ci il tarixdə ******************** saylı hesaba əsasən rəsmiləşdirilmiş 2300 manat məbləğində BRED2564861A102 saylı kredit müqaviləsi üzrə borcu tam ödənilmişdir.

40. Satıcı V.S.Fətəliyev ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqavilə şahid qismində İddiaçı tərəfindən də imzalanmışdır.

41. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan kommunal xidmətlərin ödənişi ilə bağlı qəbzlərdən müəyyən olunur ki, kommunal xidmətlərlə bağlı ödənişlər İddiaçı və Cavabdeh tərəfindən aparılmışdır.

42. Tovuz rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 277499/2014 saylı məktubda qeyd edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 851/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi 08.08 2014-cu il tarixdə icra mamuru Vidadi Yolçuyevin icraatina daxil olmuşdur Vidadi Yolçuyev 15 05 2019-cu il tarixli əmrlə öz arzusu ilə Ədliyyə orqanlarından xaric edilmişdir. İcra sənədi naməlum səbəbdən şöbənin icraatında aşkar edilməmiş, sonradan tələbkar Cavabdeh xx.xx.2022-ci il tarixili şikayət müraciəti nəzərə alınaraq, 14 11.2022-ci il tarixdə rəsmi olaraq Tovuz Rayon Məhkəməsinə müraciət edilmiş və 18 11.2022-ci il tarixdə icra vərəqəsinin dublikatı alınmışdir. Qeyd olunan müddatə qədər tələbkar alimentlə bağlı heç vaxt şöbəyə müraciət etməmişdir.

43. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin ailə nikah münasibətləri bərpa olunduqdan sonra onlar övladları ilə birlikdə ailə şəklində yaşamış, birgə təsərrüfat aparmışlar. Tərəflərin ailə nikah münasibətləri bərpa olunduqdan sonra iddiaçının ailəsinin qayğısına qalması, valideynlik vəzifələrini icra etməsi məhkəməyə təqdim olunmuş tərəflərin birgə yaşadıqları evin kommunal xidmətlərinin onların hər ikisi tərəfindən aparılmasını təsdiq edən ödəniş qəbzləri, tərəflərin birlikdə, birgə nikahlarından olan uşaqla özlərinin, qohumlarının özəl günlərində, özlərinin istirahət etdikləri məkanlarda çəkdirdikləri fotoşəkillərlə, video çəkilişlərlə, cavabdehin mülkiyyətində olan nəqliyyat vasitələrinin idarə edilməsi üçün iddiaçıya etibarnamələr verməsi ilə, birgə yaşadıqları səkkiz il müddətində cavabdehin alimentlə bağlı icra sənədinin icrasını tələb etməməsi ilə, Tovuz rayon İcra və probasiya şöbəsinə alimentin tutulması ilə bağlı icra sənədinin təkrarən xx.xx.2022-ci il tarixdə daxil olması ilə, təyin olunmuş alimentin artırılmasına dair cavabdehin məhkəməyə, yalnız 2022-ci ilin sentyabr ayından sonra müraciət etməsi ilə öz təsdiqini tapmışdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment borcunun silinməsi barədə düzgün nəticəyə gəlsə də, silinməli olan məbləği aylar üzrə silinməsini müəyyən etməklə yanlışlığa yol vermiş və nəticə etibarı ilə iddiadan kənara çıxmışdır.

45. Belə ki, iddiaçı öz iddia tələbində 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi 6823 manat məbləğində aliment borcundan azad olunmasına dair qətnamə çıxarılması xahiş etmişdir.

46. Silinməli olan aliment borcunu aylar üzrə 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi hesabladıqda isə daha çox məbləğ müəyyən olunur.

47. Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həcmində iddia təmin olunaraq İddiaçı 6823 manat məbləğində aliment borcundan azad olunmalıdır.

49. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Tərəflərin ailə nikah münasibətləri bərpa olunduqdan sonra iddiaçının ailəsinin qayğısına qalması, valideynlik vəzifələrini icra etməsi məhkəməyə təqdim olunmuş tərəflərin birgə yaşadıqları evin kommunal xidmətlərinin onların hər ikisi tərəfindən aparılmasını təsdiq edən ödəniş qəbzləri, tərəflərin birlikdə, birgə nikahlarından olan uşaqla özlərinin, qohumlarının özəl günlərində, özlərinin istirahət etdikləri məkanlarda çəkdirdikləri fotoşəkillərlə, video çəkilişlərlə, cavabdehin mülkiyyətində olan nəqliyyat vasitələrinin idarə edilməsi üçün iddiaçıya etibarnamələr verməsi onların birgə təssərüfat aparmalarını təsdiq edən kifayət qədər əsaslı sübutlardır. Bunların əksini təsdiq edəcək hər hansı bir sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir.

50. Bundan başqa cavabdeh icra və probasiya şöbəsinə müraciət etmək onun hüququnun olması, ica məmuru onun müraciətindən asılı olmayaraq icra vərəqəsinin icrasını təmin etməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə Cavabdeh iddiaçı ilə birlikdə yaşağıdığndan və birgə təssərüfat apardıqlarından o, aliment ödənilməsində maraqlı olmamışdır. Buna görə də, o, icra və probasiya şöbəsinə aliment borcunun ödənilməsi ilə bağlı müraciət etməmiş, o, yalnız iddiaçı ilə münasibətləri pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İcra və probasiya şöbəsi tərəfindən icra vərəqəsinin icra olunmaması səbəbi isə icra vərəqəsinin naməlum səbəbdən şöbənin icraatında aşkar edilməməsi olmuşdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1482/2023 saylı iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Tovuz Rayon Məhkəməsinin 2(62)- 851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 2014cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı daxil olmaqla olan dövr üçün 6823 (altı min səkkiz yüz iyirmi üç) manat aliment borcundan azad edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar