Məhkəmə qərarları › İş №2(103)-5940/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5940/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5940/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(005)-2381/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 09.06.2015-ci il və 13.02.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə verərək, hazırki mülki iş üzrə qətnamə çıxarılanadək başqa mülki işlə bağlı icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(005)- 2381/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçılar şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, hazırkı iş üzrə tərəflər arasında olan məhkəmə mübahisələri üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1083/2017 saylı 23.01.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2078/2018 saylı 24.08.2018-ci il tarixli qətnamələri qəbul edilmişdir. Həmin qətnamə icraya yönəldilmişdir. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir". Birinci instansiya məhkəməsi məsələ ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olmasını, həmin qətnamənin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraya yönəldilməsini və bununla bağlı icra sənədi üzrə icra işinin icrasının dayandırılmasının müvafiq icra orqanının səlahiyyətinə aid olmasını nəzərə alaraq, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması hallarının qarşısının alınmasına yönəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Hazırki halda iddianın təmin tədbirinin təmin edilməsini zəruri edən hər hansı bir əsas yoxdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(005)- 2381/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar