Məhkəmə qərarları › İş №2(103)-5944/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5944/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5944/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin tutulmasının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə olunmuş pulun geri qaytarılması və aliment tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: nikahın pozulması, aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulmasının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə olunmuş pulun geri qaytarılması və aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-85/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Binəqadi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-7971/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan uşaqlar - xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 Cavabdeh himayəsinə verilməsi və onların saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 manat alimentin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 3717/2017 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-7971/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 136,6 manat, cəmi 273,2 manat tutulmuşdur. İddiaçı tutulan alimentin məbləği sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2877/2019 saylı qətnaməsi ilə artırılaraq hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində müəyyən edilərək Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-674/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, xx.xx.2020-ci il tarixindən etibarən xx.xx.2021-ci il tarixədək xx.xx.2008ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ondan tutulan aliment məbləğinin Cavabdeh tərəfindən öz xeyrinə istifadə edərək əsassız varlandığına görə əldə etdiyi 2458,80 manat pulun geri qaytarılması və birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər bir uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-674/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları İddiaçı-onun himayəsində saxlanılmaları qət edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixində onunla görüşdükdən sonra anaları Cavabdeh yanına qayıtmaqdan imtina edərək, hal-hazıradək onun himayəsindədirlər. Lakin xx.xx.2020-ci il tarixindən xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 onun himayəsində yaşamalarına baxmayaraq, uşaqların saxlanması üçün ondan tutulan aliment məbləğini Cavabdeh tərəfindən öz xeyrinə istifadə edilmiş və əsassız varlanmışdır.

5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-85/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 2458,8(iki min dörd yüz əlli səkkiz manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aliment məbləği 11 iyul 2023-cü il tarixdən hesablanması qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aliment uşaqların saxlanılması ilə bağlı valideynlərin vəzifəsidir və bu öhdəlik uşağın saxlanılmasında iştirak etməyən valideyndən uşağı yanında saxlayan valideynə ödənilməli olan məbləğdən ibarətdir. Lakin işin mübahisəsiz halı kimi müəyyən edilənlərdən göründüyü kimi, məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulsa da, xx.xx.2020ci il tarixindən uşaqlar aliment ödəyən valideynin yanında olmuşdur. Alimenti alan valideyn isə bu halı bilməsinə baxmayaraq, ödənişləri 2021-ci ilin aprel ayına kimi etirazsız qəbul etmişdir. Halbuki bunun üçün onun hüquqi əsası artıq aradan qalxmışdır. Bu səbəbdən də həmin müddət ərzində onun aliment kimi əldə etdiyi vəsait əsassız varlanma predmetinə çevrilmişdir. Odur ki, cavabdehdən 2458,80 manat məbləğində vəsait əsassız varlanma qaydalarına uyğun olaraq məhrum olanın tələbinə əsasən geri alınmalıdır. Cavabdehin nümayəndəsi isə etirazının dəlillərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyndən aliment tələb etməsi əsaslıdır. Məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 mənafeyini, uşaqların əvvəlki təminatının səviyyəsini, uşaqlar haqqında yaşayış minimumu haqqında tələbləri, nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Telman qızından hər ay, hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.Qanunvericilik alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasını aliment almaq hüququnun yarandığı vaxtdan keçən müddət ərzində aliment almalı olan şəxsin himayəsində olan uşağın maddi tələbatını qarşılamaq baxımından təsbit etmişdir. Nəzərə almaq lazımdır ki, uşaqlar xx.xx.2020-ci il tarixində iddiaçının himayəsindədirlər. Lakin həmin vaxtdan xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində tərəflər arasında məhkəmə mübahisəsi olsa da, iddiaçının cavabdehdən aliment tələbi olmamış və iddiaçı uşaqların saxlanılmasını könüllü olaraq öz üzərinə götürmüşdür. Daha sonra həmin məhkəmə mübahisəsinin davam etməsinə görə hazırki icraat uzun müddət dayanmışdır. Odur ki, hazırda məhkəmə iddiaçının da, etirazının olmamasına əsaslanmaqla, hesab edir ki, uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləği məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan hesablanmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələri, Ailə Məcəlləsinin 22, 55.2, 75.1, 75.2, 75.4, 76.1, 78.1, 78.2, 100.2-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-85/2023 saylı qətnaməsinin qismən - “Cavabdeh 2458,8(iki min dörd yüz əlli səkkiz manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hisədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, aliment uşaqların saxlanılması ilə bağlı valideynlərin vəzifəsidir və bu öhdəlik uşağın saxlanılmasında iştirak etməyən valideyndən uşağı yanında saxlayan valideynə ödənilməli olan məbləğdən ibarətdir. İddiaçının tələb etdiyi pul vəsaiti cavabdeh - Cavabdeh tərəfindən məhz uşaqların tərbiyə, təlim-təhsil məsələlərinə xərclənmişdir. Belə ki, cavabdeh işlədiyi vaxt uşaqlara dayə baxmışdır, eyni zamanda uşaqlar müxtəlif sənət növləri və idman üzrə hazırlığa getdiklərindən qeyd edilən pul vəsaiti yığılıb qalmış borclara xərclənmişdir. Çünki, o dövrdə cavabdehin əmək haqqısının məbləği çox aşağı olmuşdur. Dolayısıyla, iddiaçının tələb etdiyi pul vəsaiti məhz uşaqların həyat və inkişaf səviyyəsinin saxlanılmasına sərf edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, 7 ildir ki, məhkəmə gedir. Uşaqlar bugün də ana ilə görüşmək istəmirlər. Ana uşaqlarının qayğısına qalmayıb. O pulun tutulmasın istəyir. Uşaqlardan birinin 15, birinin 11 yaşı var. Analarının yanında olanda nə qədər əziyyət görüblərsə, görüşməyə razılıq vermirlər. Ana özü də cəhd etmir. Ancaq məhkəmədən öncə 2 dəqiqə zəng edib danışıb. İcra şöbəsində akt da tərtib olunub. Həmin aktda uşaqların ana ilə görüşmək istəmədikləri öz əksini tapır. Uşaqlar onda ola-ola ödədiyi alimenti tələb edib.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: Maddə 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; Maddə 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; Maddə 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin “Cavabdeh 2458,8 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində cavabdehə münasibətdə yoxlanlır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir.

18. İşin mübahisəsiz hallarıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(001)-7971/2016 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların saxlanması üçün atadan ananın xeyrinə aliment tutulmuşdur. Daha sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-674/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən uşaqların atanın himayəsində saxlanılması qət edilmişdir.

19. İddiaçı xx.xx.2020-ci il tarixdən uşaqların faktiki olaraq onun yanında olmasına baxmayaraq uşaqların saxlanılması üçün Cavabdeh xeyrinə 2021-ci ilin aprel ayına kimi hər ay hər uşaq üçün əsassız olaraq stabil olaraq 273,20 manat olmaqla, 2458,80 manat məbləğində aliment tutulduğuna istinad edərək, həmin məbləğin ona geri qaytarılması və birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər bir uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

21. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, alimentin geri qaytarılması halları birbaşa ailə qanunvericiliyi ilə tənzimlənir. Ailə qanunvericiliyinə əsasən alimentin geri qaytarılmasını mümkün edən hallar hazırki işdə yoxdur §13.

22. Belə ki, atadan uşaqların saxlanması ilə bağlı ananın xeyrinə alimentin tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən icra edilmişdir. İddiaçı tərəfindən uşaqların onun yanında olduğu müddətdə saxlanması üçün alimentin tutulması ilə bağlı icra sənədinin icrasının dayandırılması ilə əlaqədar rəsmi müraciəti olmamışdır. Uşaqlar xx.xx.2020-ci il tarixdən faktiki olaraq atalarının yanında olsa belə yalnız Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-674/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən uşaqların ataları İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Yəni uşaqların saxlanması üçün ananın xeyrinə alimentin tutulması üçün əsas məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmuşdur və bu əsas artıq uşaqların atanın himayəsinə verilməsi ilə aradan qalxmışdır. Göründüyü kimi işə baxan məhkəmə hazırki iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməyərək səhv qənaətə gəlmişdir.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-85/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh 2458,8 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

24. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

25. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-85/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh 2458,8 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar