Məhkəmə qərarları › İş №2(103)-5945/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5945/2024

04.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5945/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1717/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2019cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1717/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin ləğv edilməsi” tələbinə dair 2(009)-1717/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericilik normalarının tələblərinə əsasən mülki işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərməli idi. Belə ki, məhkəməyə verilmiş iddia ərizəsindən də göründüyü kimi, cavabdeh olaraq Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan ünvan 2 məhkəmə tərəfindən əsassız olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1717/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5945/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1717/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə kollegiyası tərəflərin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1717/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisələndirdiyi müqavilənin predmetini təşkil edən mənzilin Cavabdeh2 MTK tərəfindən ünvan 3 ünvanında inşa edildiyini rəhbər tutub, bu barədə iddia ilə məhz Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iş materiallarında olan məlumatlara əsasən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37, mənzil 86, Cavabdeh2 MTK isə hüquqi şəxs olaraq ünvan 5 ünvanı üzrə qeydiyyata alınmışdır. Hazırki iddianın müstəsna aidiyyət qaydalarına uyğun olaraq mübahisələndirilən mənzilin olduğu yerə görə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilməsi üçün də hər hansı əsas yoxdur. Qeyd edilənlər mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi zərurətini yaratmışdır. Bu səbəbdən həmin məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirəyə çıxarılmış və məhkəmə iclasında iştirak edən iddiaçı mülki işin məhz cavabdeh MARS-A” MTK-nın hüquqi ünvanı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil isə başqa məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla belə, birinci instansiya məhkəməsi haqlı olaraq mülki işi ərazi aidiyyəti üzrə Cavabdeh2 MTK-nın hüquqi ünvanının olduğu yerə görə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Hər bir halda, prosessual statusundan irəli gələrək, bu məsələdə seçim hüququ məhz iddiaçıya məxsusdur. Cavabdeh tərəfin özü də hazırki şikayət üzrə mövqeyindən fərqli olaraq həmin vaxt işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı hər hansı fikir söyləməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 1717/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35-36-cı, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1717/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar