Məhkəmə qərarları › İş №2(103)-5955/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5955/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5955/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-554/2020 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyi hərbi xidmətlə bağlı olduğundan İİ qrup əlil kimi ona verilməli olan 6600 manat məbləğin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət X3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz RHK tərəfindən xx.xx.1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü ildə N saylı hərbi hissənin tərkibində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, Tovuz rayonu ərazisində “çoxlu sayda odlu silah qəlpələri, qapalı kəllə beyin travması” diaqnozu ilə N saylı hərbi hissənin həkim rotasında ilk tibbi yardım almışdır. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası MN Hərbi Həkim Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası MN Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi ordudan tərxis olunmuşdur. Azərbaycan Respublikası MN Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin, Tovuz rayonu 28 saylı TSEK-nin xx.xx.2003-cü il tarixli aktı ilə əmək qabiliyyətsiz kimi ona İİ qrup əlillik təyin olunmuşdur. Sonuncu dəfə xx.xx.2016-cı ildə Tovuz rayonu 28 saylı TSEK-də əmək qabiliyyətsiz kimi İİ qrup əlillik təyin edilmişdir, növbəti müayinə xx.xx.2021-ci ildə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-554/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 İddiaçı xeyrinə 6600 manat məbləğində sığorta pulunun tutulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Resplikasının Qanunu isə xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti xx.xx.1997-ci il tarixdə Fərman imzalamış və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu Qanun İddiaçı münasibətdə şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 11 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Göründüyü kimi İddiaçı əlillik dərəcəsi 11 il sonra təyin edildiyindən Mülki Məcəllənin 373cü maddəsinin 3 və 4-cü bəndlərinə görə sığorta ödənişi verilməli deyil. 1991-1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədlər üçün müvafiq vəsait büdcədən ayrılmamışdır, ona görə də məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət X3 üzərinə qoyulması əsassızdır. İddiaçının tələbi onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin xx.xx.2014-cü il taixli, 414 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1987-ci ildən xx.xx.1989-cu il tarixədək ordu sıralarında xidmət etmiş və xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1993-cü ildə Tovuz rayonunun Ermənistanla sərhəddində yerləşən Əlibəyli kəndində gedən döyüş zamanı yaralanmışdır. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Tovuz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Dövlət X7 Tovuz rayon şöbəsində xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək İİ qrup Qarabağ əlili kimi uçot qeydiyyatında olmuş və müvafiq dövr üzrə ona pensiya ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli qərarından görünür ki, Tovuz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1995-ci ildən fərarlik etdiyi üçün barəsində Qazax qarnizonu hərbi prokurorluğu tərəfindən xx.xx.1998-ci ildə amnistiya qərarı tətbiq olunmuş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1993-cü ildə aldığı yaralanma və travma – diaqnoz: “keçirilmiş qapalı kəllə beyin travmasının mikroocaqlı üzvi-nevroloji nişanələr, asteno-nevrotik təzahürlər və mülayim dərəcədə artması ilə keçən, serebral araxnoiditlə nəticələnmiş qalıq əlaməti sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə sol çiyin nahiyyəsinin toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı çapıqları”, nə səbəbə ki, xx.xx.1994-cü ilə kimi Tovuz rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmamışdır. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxx 2017-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir”. Göstərilənləri nəzərə alan Kollegiya mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Məhkəmə tərəfindən hazırki işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət X3 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi nisbətində verilir. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona 2-ci qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. İddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyinə etiraz edən cavabdeh Şirkətin apellyasiya şikayətində iddiaçıya sığorta ödənişinin ödənilməsi səlahiyyətinin Şirkətin üzərinə qoyulmasının əsassız olduğu qeyd edilir. Apellyasiya şikayətində göstərilir ki, qətnamədə istinad olunan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu isə xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barədə heç bir şərt yoxdur. Burada 1991- 1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin verilməsi nəzərdə tutulmur. Buna görə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sığorta ödənişinin ödənilməsi qaydası və şərtlərinin hələlik müəyyən olunmamasının iddiaçının qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməməsi barədə gəldiyi qənaət düzgündür. Belə ki, faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətində irəli sürülən daha bir dəlil isə onunla bağlıdır ki, sığorta ödənişinin ödənilməsi üçün sığorta olunana hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar Qanunda 3 il müddətində əlillik təyin olunması tələb olunur. Lakin hazırki iş üzrə iddiaçı əlillik dərəcəsini 11 il sonra almışdır. Kollegiya qeyd edir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. Apellyasiya şikayətinin bu dəlilli əsassızdır, belə ki, iş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 2-ci qrup əlillik təyin olunmasına Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması səbəb olmuşdur. Bu baxımdan apellyasiya şikayətinin müvafiq dəlili də əsassız hesab olunmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-554/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar