Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5957/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-460/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövründə xidməti vəzifələrinin icrası zamanı 2-ci qrup əlil olduğunu nəzərə alaraq ona 6600 manat məbləğində sığorta pulunun AR Dövlət X1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycanın Respublikası Silahlı Qüvvələrində Müdafiə Nazirliyinin döyüşən N nömrəli hərbi hissələrində hərbi xidmət keçərkən xidməti vəzifələrinin icrası zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bunun nəticəsində keçirdiyi stresslərdən onda psixoloji dəyişikliklər baş vermişdir. 1994-cü ildə xidməti vəzifələrinin icrası zamanı trama almışdır. Bu səbəbdən də hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, xəstəliyinin səbəbi “Travmadır Hərbi Xidmət vəzifələrinin icrası zamanı alınmışdır.” Sonda İddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-460/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət X1 6.600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-460/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Resplikasının Qanunu isə xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti xx.xx.1997-ci il tarixdə Fərman imzalamış və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu Qanun İddiaçı münasibətdə şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 3 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Sənədlərdən də məlum olduğu kimi İddiaçı əlillik dərəcəsi 3 il sonra təyin edildiyindən Mülki Məcəllənin 373-cü maddəsinin 3 və 4-cü bəndlərinə görə sığorta ödənişi verilməli deyil. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 saylı Fərmanına əsasən Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəniş verilməsinə başlanmışdır. Bu Fərmanın icrası Əmək və X4 Nazirliyinə və Maliyyə Nazirliyinə həvalə edilmişdir. 1991-1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədlər üçün müvafiq vəsait büdcədən ayrılmamış məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət X2 üzərinə qoyulması əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan istisna fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının tələbi isə onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquqi məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. Beləliklə hesab edirik ki. birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ididaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli, 750 saylı xəstəlik şəhadətnaməsindən görünür ki, İddiaçı 1994-cü ildə hərbi xidməti vəzifələrinin icrası zamanı travma almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxx 2017-ci il tarixdə və xx xxxxx 2019-cu il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin SER TSE- 01No185464 saylı xx.xx.2013-cü il tarixli arayışından görünür ki, İddiaçı müddətsiz 2-ci qrup əlildir. Əlilliyin səbəbi hərbi xidməti vəzifələrinin icrası zamanı travma almasıdır. Göründüyü kimi tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası uğrunda gedən hərbi döyüşlərdə iştirak etmiş, 1994-cü ildə hərbi xidməti vəzifələrinin icrası zamanı travma almış və ona ikinci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.8 və 6.1.9-cu maddələrinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləri olaraq müəyyən edilmişdir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2 və 14.2.2-ci maddələrinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: -2 qrup əlilliyə görə — 60 faiz; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.” “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun birinci maddəsinin üçüncü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Kollegiya hesab edir ki, cavabdeh Dövlət X2 İddiaçı sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunsuzdur, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun sığorta hadisələri və ödənişləri haqqında 5-ci maddəsinin “ç” bəndinin birinci abzasına əsasən İddiaçı ümumi sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi əməliyyatlar zamanı alması və məhz bunun nəticəsində əlililk dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. Həmin normanın məqsədlərinə görə, sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik/xəsarət nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı müəyyən olunur. Eyni zamanda kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara müharibə əlilləri statusuna malik olan şəxslər kimi dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən çrçivələrə salınmasına gətirib çıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi çıxış etmir, həmçinin Azərbaycan Respublikasıeıe bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu dövlət siyasəti olmaqla, ədalətlidir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 460/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5957/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5957/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver