Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5957/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1011/2022 saylı 29 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında etibarlı münasibətlər olmuş və cavabdeh özünə aid olan işlərin aparılmasını iddiaçıya tapşırmışdır. Bu işlərin mübaqilində hər ay iddiaçı 3000 ABŞ dolları muzd almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 50000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, 60000 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh iş adamıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, çoxsaylı sahibkarlıq obyektləri, kommersiya təşkilatları, həmçinin otel və ticarət obyektləri mövcuddur. O, Rusiyada, Azərbaycanda, Avstriyada və digər ölkələrdə sahibkarlıq fəaliyyəti həyata keçirir. Cavabdehlə 2005-cı ildə tanış olmuşdur, cavabdeh onu işə qəbul edəcəyini vəd etmiş və 2006-cı ilin yayında onu Azərbaycandakı işləri üzrə menecer vəzifəsinə işə qəbul etmişdir. O, həmin ildən 2019-cu ilin sonlarınadək fasiləsiz olaraq işləmişdir. Cavabdehin tapşırığı üzrə onun Moskva şəhərindəki işlərini də icra etmiş, eləcə də Avstriyada və Rusiyada olan işlərinin icrası üzrə bağlı tez-tez Rusiya və Avstriyaya səfər etmiş, eyni zamanda cavabdehin tapşırığı ilə onun şəxsi işləri, habelə ev təsərrüfatı işlərini də icra etmişdir. Onu işə qəbul etdikdən sonra cavabdeh ona 3000 ABŞ dolları aylıq maaş verilməsini tapşırmış və uzun illər həmin məbləğdə maaş almışdır. Cavabdeh işə qəbul edərkən demişdir ki, şirkətlərin, otellərin yaxud obyektlərin birində onu rəsmi işçi kimi səndləşdirəcək, bununla mühasiblər məşğul olacaq, rəsmi maaşın nə yazılmasına baxmayaraq o, nəğd qaydada ayda 3000 ABŞ dolları alacaqdır. O, əmək kitabçası və digər sənədləri cavabdehə təqdim etmişdir. 2019-cu ildə səhhətində yaranmış problemlərlə bağlı müalicə üçün bir müddət işdən icazə almaq istəmiş, lakin cavabdeh ona icazə verməmişdir. Bundan sonra münasibətlərimi korlandı və o, işdən çıxmalı oldu. İşdən ayrıldıqdan sonra o, əmr, əmək kitabçası və son haqq-hesabı almaq üçün cavabdehə müracitə etdikdə cavabdeh ona dedi ki səninlə əlaqə saxlayacaqlar, nə lazımdırsa edəcəklər, lazımi sənədləri sənə təhvil verəcəklər. Lakin aylar keçirdi heç kim onunla əlaqə saxlamırdı. Belə olan halda o, təkrar cavabdehə müraciət etmiş, cavabdeh bildirmişdir ki, “sən mənim pulumla özünə bahalı maşın almısan, maşını qaytar, ondan sonra sənin sənədlərin verilə bilər, səninlə haqqhesab edilə bilər”. Bununla bağlı məhkəmə mübahisələri onun xeyrinə nəticələnmişdir. Vergi orqanlarına, DSMF orqanlarına, eləcədə hüquq mühafizə orqanlarına müraciət etmiş, şikayətlərinə verilən cavablardan sonra məlum olmuşdur ki, bütün bu illərdə o, rəsmi olaraq işə qəbul edilməmişdir, qeyri-rəsmi olaraq işlədilmişdir, heç bir rəsmi ödənişlər həyata keçirilməmişdir. Beləliklə məlum olmuşdur ki, o uzun illər - 13 il işləmiş, lakin heç bir sosial müdafiə, sığorta, tibbi sığorta və sair sığorta ödənişləri həyata keçirilməmiş, rəsmi əmək müqaviləsi bağlanmadığından bütün sosial ödənişlərdən, sosial müdafiədən məhrum olmuşdur. Əməyin mühafizəsi, təhlükəsiz əmək şəraiti, icbari sığortalar olmadan uzun illər işləmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyun 2022-ci il tarixli 2(009)-1011/2022 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında etibarlı münasibətlər olmuşdur və bu səbəbdən də iddiaçı özünə aid olan işlərin aparılmasını cavabdehə tapşırmışdır. İddiaçı isə öz növbəsində cavabdeh ilə razılığa gələrək 2006-cı ildən 2019-cu il tarixədək qarşı tərəflə aralarında razılaşdırdıqları müəyyən məbləğ aylıq ödəniş müqabilində cavabdehə aid olan işlərin görülməsində ona kömək etmişdir. Habelə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövr ərzində işəgötürən kimi heç bir səlahiyyəti olmamışdır. Belə ki, cavabdeh fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmamış, eyni zamanda hər hansı bir dövlət orqanında rəhbər vəzifədə çalışmamaqla işəgötürən funksiyasına malik olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının 13 il ərzində cavabdehdən onu işə götürüb-götürməməsi ilə bağlı maraqlanmamağını, bu haqda yalnız tərəflər arasında etibarlı münasibətlərin sona çatdığı vaxt xəbər tutmasını səmimi və inandırıcı qəbul etmir. Eyni zamanda iddiaçı ərizəsində əmək kitabçasını onu işə götürməsi üçün cavabdehə təqdim etməsini və 13 il ərzində cavabdehin onun əmək kitabçasını özündə saxladığını qeyd etsə də, işin bu hallarını təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında ümumiyyətlə işçi-işəgötürən münasibətləri yaranmadığından Əmək Məcəlləsinin 296.4-cü maddəsində göstərilən müddət hazırki mübahisəyə aid edilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3.3, 3.4-1, 3.8, 296.4, Mülki Məcəllənin 375-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apelyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, cavabdehin əməllərinin mülki hüquq pozuntusu olduğu müəyyən edilmişdir. Cavabdehin əmək müqaviləsi bağlamadan onu müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyi öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməni məhkəmə iclasında tədqiq olunmuş heç bir sübutla əsaslandırmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz ünvanlanaraq, şikayətin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, apelyasiya şikayəti əsassız olmaqla formal xarakter daşıyır. İddiaçı iddia ərizəsini əsaslandıra bilməmişdir, əmək müqaviləsi olmadan cavabdehdən əmək haqqı aldığını qeyd etsə də, bu halı təsdiq edən sübutları təqdim edə bilməmişdir. İddiaçı ilə cavabdeh arasında heç vaxt əmək münasibətləri mövcud olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
14. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
15. Maddə 783. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.
25. İşin müəyyən edilmiş hallarına əsasən məlum olur ki, iddiaçı ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi olmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfindən göstərilən tapşırıqları yerinə yetirmiş və əvəzində müəyyən muzd almışdır.
26. İddiaçı hazırda həmin ödənişi əmək haqqı kimi qiymətləndirsə də, işin mübahisəsiz halıdır ki, tərəflər arasında işçi-işəgötürən münasibəti olmamışdır.
27. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
28. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1011/2022 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.