Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5962/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 İddiaçı Cavabdeh oğuna qarşı “alimentin həyatın yaşam sığortası üçün ödənilən sığorta haqqı nəzərə alınmadan tutulması və alimentin həyatın yaşam sığortası müddətinin sonuna ödənilən sığorta ödənişindən tutulması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1404/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdehdən iddiaçının xeyrinə uşaq üçün aliment tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-223/2023 nömrəli qətnaməsinə görə, xx.xx.2023-cü il tarixdən başlayaraq iki uşağın yekinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. 2.Qətnaməyə əsasən icra vərəqəsi verilib və icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilib. Cavabdeh (icra sənədi üzrə borclu) “BP Exploration (Caspian Sea) LTD” şirkətində işlədiyinə görə, icra sənədi üzrə aliment tutulması həmin təşkilat tərəfindən aparılır və iddiaçının (icra sənədi üzrə tələbkarın) bank hesabına köçürülür. 3.İddiaçı bildirir ki, 2023-cü ilin iyun ayından etibarən alimentin məbləğində kəskin azalma baş vermiş, buna səbəb cavabdehin həyatın yaşam sığortası proqramına qoşulması və icra sənədinin düzgün icra edilməməsi olub. Yəni əmək haqqından tutulmalar aparılarkən əvvəlcə həyatın yaşam sığortası üzrə sığorta haqqı tutulur, daha sonra aliment tutulur. 4.İddiaçının istinad etdiyi həmin halı cavabdehin işlədiyi təşkilat təkzib edib. Belə ki, həmin təşkilat Nəsmi Rayon İcra Şöbəsinə göndərdiyi xx.xx.2024-cü il tarixli məkubda qeyd edib: “Nəzərinizə çatdırırıq ki, aliment sığorta müqavilələri üzrə sığorta haqları çıxılmazdan əvvəl tutulur” (iş v. 152). Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-223/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin cavabdeh tərəfindən həyatın yaşam sığortasına aparılan ödəmələr nəzərə alınmadan tam məbləğdə tutulması və alimentin həyatın yaşam sığortası müqaviləsi müddətinin sonuna ödənilən sığorta məbləğindən tutulması barədə qətnamə qəbul edilsin. 6.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əmək haqqından tutulmalar aparılan zaman ilk öncə alimentə görə tutma aparılır, daha sonra həyatın yaşam sığortası müqaviləsi üzrə sığorta haqqı tutulur. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 9.Cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İddia ərizəsində məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin düzgün tutulmadığı iddia olunub. Cavabdeh alimentin tutulmasının düzgünlüyünə görə məsuliyyət daşımır, çünki aliment tutmaq səlahiyyətinə malik deyil. 11.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 4.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Qanunvericilikdə nəzərdə tutulub ki, aliment tutulması barədə məhkəmə qərarlarının tələbi borclunun işlədiyi təşkilatın müdiriyyəti tərəfindən həyata keçirilə bilər. Belə ki, Ailə Məcəlləsinin 102-ci maddəsindən görünür ki, şəxsin işlədiyi təşkilatın müdiriyyəti icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Odur ki, alimentin tutulmasının düzgünlüyünə görə icra məmuru və borclunun işlədiyi təşkilatın müdiriyyəti məsuliyyət daşıyır. Əgər bu şəxslər alimentin tutulma qaydasını pozublarsa, icra sənədi üzrə tələbkar müvafiq şəxsin hərəkəti (hərəkətsizliyi) barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilər. 12.Bu zaman nəzərə alınmalıdır ki, borclunun işlədiyi təşkilatın müdiriyyəti məcburi icra orqanı sayılmır (“İcra haqqında” Qanun, maddə 4.3). Bundan fərqli olaraq icra məmuru məcburi icra orqanı sayılır (“İcra haqqında” Qanun, maddə 2.1). Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (“İcra haqqında” Qanun, maddə 3.1). Yəni aliment tutulması barədə məhkəmə qərarının icrası, o cümlədən düzgün icrası ilə əlaqədar icra məmurunun tələbi borclunun işlədiyi təşkilatın müdiriyyəti üçün məcburidir. Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən şəxslər qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Qanun, maddə 3.2). 13.Beləliklə, cavabdeh (icra sənədi üzrə borclu) alimentin tutulmasının düzgünlüyünə görə məsuliyyət daşımadığına görə ona qarşı irəli sürülmüş hazırkı iddia bu əsasa görə təmin oluna bilməz. Birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyinə görə qətnamə ləğv edilməli və iddianın göstərilən əsasa görə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1404/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh oğuna qarşı “alimentin həyatın yaşam sığortası üçün ödənilən sığorta haqqı nəzərə alınmadan tutulması və alimentin həyatın yaşam sığortası müddətinin sonuna ödənilən sığorta ödənişindən tutulması barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5962/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5962/2024
01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver