Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5963/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-450/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, hərbi xidmət dövründə xəsarət almağı ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta pulunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin şəxsi heyət siyahasına salınmış və həmin vaxtdan da cəbhə bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə avqust ayının 31-də gedən döyüşdə ağır yaralanmış, bununla bağlı 5 saylı kliniki xəstəxanada xx.xx.1993-cü il tarixədək müalicə olunmuşdur. xx.xx.1994-cü il tarixdə hərbi həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararsız hesab edilməklə 1994-cü il tarixdə ordu sıralarından tərxis edilmiş və hərbi hissənin siyahısından çıxarılmışdır. Ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. Ona sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə ərizə ilə müraciət etmişdir, lakin heç bir tədbir görülməmişdir və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən cavab verilmişdir. Qeyd olunanları nəzərə alıb məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin səlahiyyətli nümayəndəsi Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxmış, maddi və prosessual hüquq normalarını pozmuş və sonda yanlış nəticəyə gəlmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək rədd olunması, Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxx 2018-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir”. İş materiallarından görünür ki, X2, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən İddiaçı İİ qrup müharibə əlilliyi № 008188 saylı vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə "sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.2-ci maddəsinə görə "təkrarsığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.5-ci maddəsinə görə"sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 921.1-ci maddəsində qeyd edilir: "Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə görəsığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta qanunlarıda, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Göründüyü kimi, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, Kollegiya hesab edir ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina üçün gətirilən əsaslar iddiaçının bu hüququnun təmin edilməməsi üçün əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir. Belə olan halda iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hahırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5963/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5963/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver