Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5966/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin təyin edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5310/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2007-cu il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2839/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixində 878 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X2 anası X1 yanında qalması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş 29 mart 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 320 manat manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərin nikahı pozulduqdan sonra cavabdeh iddiaçının himayəsində saxlanılan övladının saxlanması üçün ona maddi köməklik etmir, iddiaçı övladını təkbaşına saxlayır, bu da ona çətinlik yaradır. Dəfələrlə cavabdehə övladının saxlanılmasında iştirak etməsi üçün müraciət etsə də nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5310/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanılmaqla Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşağın maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilməli, iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, Cavabdeh 29 mart 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və qətnamə dərhal icra edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43, 44.3, 75.1, 75.2, 75.3, 75.4, 76.1, 76.1.1, 76.1.2, 100.1, 100.2, 100.3-cü maddələrinə, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununa, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 119.2, 234.1, 234.2, 234.2.1, 234.2.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5310/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı aliment tələbinə dair iddiası ilə bağlı, Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş 29 mart 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X5 29 mart 2007-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə Salmanzadə Aqfaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(011)-2839/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 19 iyul 2006-cı il tarixində 878 nömrəli aktı qeydi ilə rəsmiləşdrilmiş nikah pozulmuş, 29 mart 2007-ci il təvəllüdlü X5 anası X1 yanında qalması qət edilmişdir. Ona görədə o məhkəmədən xahiş etmişdir ki, alimentin tutulması barədə qətnamə qəbul etsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5310/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 29 mart 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 iyul 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də valideyin (valideyinlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmin Konvensiyada göstərilməyib ki, onun pulunu kəsib 50% dən çoxunu alimentə yönəldisin. O, 450 manat əmək haqqı alır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi 13 mart 2007-ci il tarixli, Castrave Moldovaya qarşı iş üzrə qərarında məhkəmələr tərəfindən hüquqların tətbiqinə toxunan daha bir hüquqi mövqeyi irəli sürərək, belə bir qərara gəldi ki, müəyyən məsələlərin həllində ölkənin məhkəmələri qanunvericiliyin maddələrinin təkrarlanması ilə kifayətlənərək, onların bu işə tətbiq olunmasına aydınlıq gətirilməmişdir və beləliklə bu qətnamələr əsaslı və qənaətbəxş deyildir. Məhkəmələr hesab edir ki, Yaşayış minimumu haqqında qanuna əsasən ölkə üzrə uşaq üçün müavinətə uyğun qərar qəbul edilməlidir. Qeyd etmək istəyir ki, həmin qanun yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 5.3 maddəsinə əsasən hər il müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin ona dövlət təyinatının, ölkənin sosialiqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini müəyyən edir. Yaşayış minimumunun təyinatı az təminatlı ailələrə ünvanlı sosial yardımın göstərilməsi, az təminatlı ailələrin rifahının yüksəldilməsi və s. funksiyalardan ibarətdir. Sözü gedən qanunun mətnindən görünr ki, qanun az təminatlı ata ilə və onun az təminatlı uşaqları arasında yox, dövlətin və az təminatlı ailələrin arasında sosial münasibətlərini tənzimləyir. Qanun sosial təminat hüququnun sisteminə daxildir. Ailə Məcəlləsinin 74-78-ci maddələrinə görə alimentin tutulması ölkədaxili minimum yaşayış həddi ilə bağlı deyildir. Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment münasibətləri çərçivəsində həddi buluğa çatmamış uşaqların və onların valideynlərinin maraqlarının balansının təmin edilməsinə yönəldilib və minimum yaşayış həddi ilə heç cür əlaqədar deyildir. Qanunvericiliyin bir sahələrinin anlayışlarının, normalarının və institutlarının digərlərinə əsassız yayılmasının yolverilməzliyi Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsində öz əksini tapan müddələrin ifadəsi olan ictimai münasibətlərin sistemli və zidd olmayan hüquqi tənzimlənmənin təmin edilməsi tələbinin qanunvericilik orqanına yönəldiməsindən irəli gəlir. Aztəminatlı ailələr və dövlət arasında ictimai hüquq münasibətlərinin, valideynlərin və uşaların ailment münasibətlərinin yayılması hüququ məntiqə ziddir, şəxsiyyətin muxtariyyət azadlığı sahəsinə əsassız və həddən artıq müdaxiləsinə, insan, vətəndaş hüquqlarının və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasına səbəb olur. Bütün deyilənlər göstərir ki, belə münsibətlərin hüquqi tənzimləməsi başlıca olaraq ailə qanunvericiliyi çərçivəsində ona məxsus hüquqi instrumentari hesabına təmin edilməlidir. Avropa Məhkəməsinin mövqeyinə müvafiq olaraq “məhkəmələr bütün suallara geniş cavab vermək məcburiyyətində deyil, amma yazılı ərizə işin nəticəsi üçün müəyyənedici rol oynadığı hallarda məhkəmə qəbul etdiyi qərar mərhələsində onu xüsusi olaraq qeyd etməlidir (Hiro Balani İsbaniya qarşı 9 dekabr 1994cü il) İstinad olunan normativ hüquqi aktların normalarının tələblərini və iş materiallarında olan faktlara əsaslanaraq hesab edir ki, birgə uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir və bərabər məsuliyyət daşıyırlar. Onun başqa gəlirləri olmamaqla yanaşı qazancıda yoxdur. Təqdim etdiyi arayışdan göründüyü kimi 450 manat əmək haqqı alır, buda onun yaşayış minimumuna kifayyət etmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci inistansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, elə ona görə də qətnamədə göstərilmiş nəticələr işin obyektiv və faktiki halları ilə tam ziddiyyət təşkil edir. Ona görə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5310/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı aliment tələbinə dair iddiasının Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq, yeni qətnamə qəbul edilməsini xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız təyin olunan aliment məbləği ilə bağlı hissəsində mübahisələndirdiyindən qətnamə yalnız təyin edilmiş alimentin məbləği ilə bağlı hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini nəzərə alıb onların birgə nikahlarından olan 17 yaşlı yeganə uşaqlarının saxlanması üçün iddiaçının aliment tələbini qismən təmin edərək yetkinlik yaşına çatmayanların saxlanması üçün 2023-cü ilin yaşayış minimumuna uyğun, yəni hər ay 220 manat olmaqla alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh apellyasiya şikayətində yeganə övladının saxlanması üçün onun əmək haqqı nəzərə alınmaqla alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun təyin edilməli olmasını bildirsə də, kollegiya, cavabdehin də iddiaçı kimi birgə nikahlarından olan, yaş həddinə görə saxlanılması üçün kifayət qədər vəsait tələb olunan övladının ən azı minimal həddə dolanacaq xərclərini ödəməli olmasını nəzərə alıb apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması halı belə onu uşağını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Cavabdeh isə rəsmi qaydada işləməklə qazanca malikdir, onun məlumat verdiyi gəlirlərinin məbləği isə qanunvericiliklə uşaqlar üçün nəzərdə tutulmuş minimum dolanacaq xərclərindən aşağı həddə aliment təyin edilməsi üçün əsas ola bilməz. Çünki valideynin az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsə də, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından olan 17 yaşlı bir uşağın saxlanmasına görə 2023-cü il üçün yaşayış minimumuna uyğun olaraq 220 manat aliment təyin etmiş, iddiaçı məhkəmə aktını mübahisələndirməmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bir uşağa görə hər ay 220 manat aliment ödənilməsini müəyyən etməklə bağlı qənaəti qanuni və əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5310/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5966/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5966/2024
27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver