Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5973/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil və İddiaçı özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, övladı olan cavabdehdən hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının iki övladı var ki, onlardan biri hazırki iş üzrə cavabdehdir. İddiaçı ilə cavabdehin münasibətləri pozulmuşdur. Bir-biri ilə əlaqə saxlamırlar. Səhhətində çox ciddi problemlər var. Şəkərli diabet xəstəliyindən əziyyət çəkir. İddiaçı təqaüdçüdür. Aldığı təqaüd iddiaçının dolanacaq və digər xərclərinə, o cümlədən dərmanların alınması üçün yetərli deyil. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının ev şəraitində qulluğa ehtiyacı var (paltarların yuyulması, yemək bişirilməsi və təmizlik işlərinin görülməsi). Qeydiyyatda olduğu həyat yoldaşından qalan mənzili qizları satdığından və digər qızı Arzunun mənzili olmadığından iddiaçı kirayədə yaşayır və hər ay 200 manat kirayə haqqı ödəyir. Cavabdeh işləyir, maaş alır və iddiaçıya aliment ödəməyə kifayət qədər maddi imkanı var. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat
3. Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, qızları 40 il yaşadığı evi sataraq onu küçədə qoymuş, o biri (iş üzrə tərəf olmayan) qızı ona pul versə də, hazırkı iş üzrə cavabdeh bir qəpik də olsa verməmişdir. Ona görə də hazırkı iddianı məhz qızı Cavabdeh qarşı irəli sürmüşdür.
4. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, iddiaçı təqaüdçüdür və 328 manat təqaüd alır, cavabdehin isə iddiaçıdan fərqli olaraq ümumiyyətlə hər hansı gəlir yeri yoxdur. Cavabdeh xəstədir və özünün maddi yardıma ehtiyacı var. Cavabdehin qızı isə anasına yardım etməkdənsə, hazırkı iş üzrə iddiaçıya – nənəsinə kömək edir və onu öz yanında saxlayır. Cavabdeh dəfələrlə qızına qarşı aliment tələbi barədə məhkəməyə müraciət etmək istəsə də, utanıb bunu etməmişdir. Hal-hazırda cavabdehin əmək qabiliyyətinin olmamasına dair hər hansı sübut mövcud deyil. Belə ki, bunun üçün cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçməlidir, onun isə buna nə imkanı, nə də ki, vaxtı yoxdur. Eyni zamanda cavabdehin kifayət qədər borc öhdəlikləri mövcuddur və həmin öhdəlikləri belə icra edə bilmir. Zəruri maddi imkanları olmayan cavabdehdən maddi imkanı olan iddiaçının saxlanılması üçün aliment tutula bilməz. İddiaçı dövlətdən pensiya alır və ehtiyacları həmin pensiya ilə təmin edilir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 99,50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməsini, 31,94 manat məbləğində dövlət rüsumunun cavabdehdən dövlət gəlirlərinə alınmasını qət etmişdir.
6. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iki yetkinlik yaşına çatmış əmək qabiliyyəti olan övladının olması və 2023-cü il üçün ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumu nəzərə alınaraq, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay (199 manat : 2 =) 99,50 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdehin maddi imkanının olmamasını, iddiaçının pensiya almasını nəzərə almadan iddianın qismən təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat
9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
10. Apellyasiya baxışı iclasında edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
12. Belə ki, AZEMİS “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı yaşa görə 327,22 manat məbləğində pensiya alır.
13. İddiaçın iddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsindən” görünür ki, iddiaçı, ünvan 1 ünvanında kirayəçi olaraq yaşayır və hər ay 200 manat kirayə haqqı ödəyir.
14. İşdə olan 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdeh heç bir növdə sosial müavinət, Prezident təqaüdü, əmək pensiyası, ünvanlı dövlət sosial yardımı almır, onun adına heç bir əmək müqaviləsi aşkar edilməmişdir.
15. Hər iki tərəf məhkəməyə tibbi reseptlər və s. təqdim etmiş və bununla da müxtəlif xəstəliklərinin mövcudluğunu və müalicəyə ehtiyaclarının olmasını əsaslandırmağa çalışmışlar.
16. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar (maddə 82.1.). Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur (maddə 82.2.). Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir (maddə 82.3.). Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır (maddə 82.4.).
18. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə pensiyaçılar üçün 199 manat müəyyən edilmişdir.
19. Qeyd edilən maddi hüquq normalarına istinad etməklə Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının iki yetkinlik yaşına çatmış əmək qabiliyyəti olan övladının olması və 2023-cü il üçün ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumu nəzərə alınaraq iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 99,50 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, Ailə Məcəlləsinin 82.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmış övladdan alimentin tutulmasını övladın əmək qabiliyyətinin olması, valideynin əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması ilə şərtləndirmişdir. Maddənin məzmunundan bu kontekstdə övladın maddi imkanlarının hansı səviyyədə olmasının hər hansı əhəmiyyət kəsb etdiyi görünmür. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı təqaüdçüdür, cavabdeh onun əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladıdır. Mübahisəli məqam iddiaçının maddi yardıma ehtiyacı olub-olmamasıdır. 73 yaşlı iddiaçının kirayədə yaşayıb, hər ay 200 manat kirayə haqqı ödəməsi nəzərə alınarsa, onun 327,22 manat məbləğində yaşa görə pensiya alması onun maddi yardıma ehtiyacı olmamasına dəlalət etmir.
20. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəlmiş olduğu qənaət yanlışdır. Hazırki mübahisənin düzgün həlli üçün yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. İş materiallarından müəyyən olunur ki, iddiaçı yaşa görə 327,22 manat pensiya alır. Cavabdeh isə heç bir növdə sosial müavinət, Prezident təqaüdü, əmək pensiyası, ünvanlı dövlət sosial yardımı almır və adında heç bir əmək müqaviləsi aşkar edilməmişdir.
23. Göründüyü kimi, cavabdehə qarşı aliment tələbi irəli sürmüş iddiaçı, cavabdehin alimenti ödəmək üçün maddi gəlirinin olmasını sübuta yetirə bilməmişdir.
24. Digər tərəfdən qeyd edilməlidir ki, hər iki tərəf məhkəməyə tibbi reseptlər və s. təqdim etmiş və bununla da müxtəlif xəstəliklərinin mövcudluğunu və müalicəyə ehtiyaclarının olmasını əsaslandırmağa çalışmışlar. İddiaçı həmçinin bildirmişdir ki, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkir.
25. Bununla bağlı Məhkəmə qeyd edir ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 6.1.). Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər (maddə 6.2.).
26. Göründüyü kimi, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinə və müalicəsi Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. İddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkməsi barədə həkim reseptlərini məhkəməyə təqdim etsə də, bu xəstəliklərdən müayinə və müalicə üçün vəsait sərf etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
27. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı ilə yanaşı cavabdeh də müxtəlif xəstəliklərdən əziyyət çəkir və aylıq pensiya alan iddiaçıdan fərqli olaraq, xəstəliklərinə görə əmək fəaliyyəti ilə məşğul olmaq imkanının olmadığını bildirən cavabdehin hər hansı aylıq qazancının olması Məhkəmə tərəfindən müəyyən olunmur.
28. Bundan əlavə, iddiaçı kirayədə qaldığını və hər ay 200 manat kirayə haqqı ödədiyini bildirərək bu faktın təsdiqi kimi məhkəmələrə xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsini” təqdim etmişdir.
29. Lakin Rayon Məhkəməsi həmin müqavilənin notarial qaydada təsdiq edilmədiyini, müqavilənin kiminlə bağlandığı (müqavilədə kirayəyə verənin adı qeyd edilməyib, imza qrafasında isə imzadan sonra Qafarov N. qeyd edilib), sözügedən evin kimin mülkiyyətində olmasını araşdırmadan, o cümlədən aylıq 200 manat kirayə haqqı ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyini nəzərə almayaraq həmin faktı sübuta yetirilmiş hesab etmiş, sübutlara mötəbərliyi baxımından düzgün qiymət verməmişdir.
30. Mülki Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır (maddə 144.1.). Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (maddə 407.2.).
31. MPM-in tələblərinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1.). Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir (maddə 389.).
32. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hər iki tərəfin maddi vəziyyətini və işdə olan sübutları düzgün qiymətləndirməmiş, nəticədə sübuta yetməyən iddianın qismən təmin edilməsi barədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. g) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
33. Beləliklə, Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
34. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti (99,50 x 12=) 4.806 manat təşkil edir. Cavabdehin isə qətnamənin narazı qala biləcəyi hissə isə yoxdur.
35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.