Məhkəmə qərarları › İş №2(103)-5974/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5974/2025

08.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5974/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X14 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-5954/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 doğulmuşdur.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və X1 anası İddiaçı himayəsində qalması qət edilmişdir.

3. Mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh nikahdan olan uşağı xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022- ci il tarixdən etibarən 193 (yüz doxsan üç) manat məbləğində sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi ilə bağlı razılığa gəlmişdir.

4. Elektron məhkəmə informasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən, iddiaçı Hacıyeva X7 müəllim işləməklə, əmək haqqı 400 manat təşkil edir. Cavabdeh isə “Qarabağ Universiteti” PHŞ-də direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 2.000 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiаçı iddia tələbini onunla əsaslandırmışdır ki, artıq bir ilə yaxındır ki, Cavabdeh Qarabağ Dövlət Universitetində rəhbər vəzifədə işləyir. Barışıq sazişi ilə müəyyən olan aliment məbləği övladının saxlanılması üçün kifayət etmir. Ona görə də dəfələrə cavabdehdən alimentin məbləğini artıraraq qazancının ¼ hissəsi miqdarında ödəməsini xahiş etsə də, o, bu müraciətlərindən imtina etmişdir. Mübahisənin məhkəmədənkənar qaydada, yəni mediasiya vasitəsi ilə həll etməyə cəhd etsə də, bu, öz müsbət nəticəsini verməmişdir. Ona görə də o hazırda bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikah münasibətinə xitam verilmiş bir ata kimi, həmin gündən bəri övladı Cəmilə Məmmədli üçün məhkəmənin təyin etdiyi alimenti vaxtında və tam şəkildə ödəyir. xx.xx.2022-ci il tarixdə mediasiya yolu ilə əldə edilən razılaşmaya əsasən 193 manat aliment ödəmək üçün razılıq əldə edilmişdir. Bununla belə həmin tarixdən etibarən ilk öncə bir müddət 200 manat, sonradan 235 manat, hazırda isə 250 manat məbləğində aliment ödəmək öhdəliyini yerinə yetirmişdir. Bu günə qədər, çox nadir hallar xaric olmaqla aliment ödənişlərində heç bir gecikmə və ya borc yaranmamışdır. Onun üçün ata olmaq yalnız aliment öhdəliyini icra etməklə bitmir. Övladı ilə mütəmadi görüşərək hər dəfə onun geyimi, əyləncəsi və digər ehtiyacları üçün orta hesabla əlavə 100 manat xərcləmişdir. Çünki bilir ki, bir övlad üçün atanın sevgisi, diqqəti və yanında olması maddi təminat qədər dəyərlidir. İddiaçı tərəfindən alimentin artırılması ilə bağlı müraciət olunmuşdur. Lakin hazırkı maliyyə vəziyyəti və öhdəlikləri nəzərə alınmadan yüksək məbləğdə artımı tələbi onun üçün real olaraq mümkün deyil. O, xx.xx.2023-cü il tarixində ikinci dəfə ailə həyatı qurmuş və xx.xx.2024-cü ildə ikinci övladı dünyaya gəlib. Hazırda iki övladı arasında həm maddi, həm də mənəvi baxımdan ədalətli bölüşdürmə aparmaq üçün çalışır. Qeyd etmək istəyir ki, kirayədə yaşamağın çətinliyi onu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə mənzil almağa vadar etmişdir. xx.xx.2025-ci ildən 25 illik ipoteka öhdəliyi götürmüşdür. Hər ay 1.090 AZN ipoteka və 110 AZN sığorta ödənişi olmaqla ümumilikdə 1.200 AZN miqdarında sabit ödəniş edir. Xüsusilə qeyd etmək istəyir ki, iddiaçının məhkəməyə müraciət ərizəsində qeyd etdiyi kimi əlavə gəlirləri mövcud deyil. Bundan əlavə, xx.xx.2024-cü ildən Təhsil Nazirliyinin təyinatına əsasən Qarabağ Universitetinin Mükəmməllik Mərkəzində, Xankəndi şəhərində çalışır. Bu qərarı təkcə iş kimi deyil, şəhidlərin qanı bahasına azad edilmiş torpaqlarda xidmət missiyası kimi qəbul etmişdir. Bu səbəbdən ailəsındən, həyat yoldaşından və körpə övladından uzaqda yaşamağı gözə almışdır. Xankəndidə yaşadığı ev üçün aylıq 250 AZN icarə haqqı ödəyir, eyni zamanda Bakıda yaşayan ailəsinin xərclərini qarşılayır. Hazırda aylıq gəliri 2.000 manatdır. Bu məbləğdən 250 manat ilk nikahdan olan qızı Cəmilə Məmmədlinin həyat şəraitini təmin etmək üçün aliment olaraq ödəyir, 1.200 manat ipoteka və sığorta ödənişlərinə xərcləyir, 250 manat Xankəndidəki kirayə haqqına, qalan hissəsini isə Bakıda yaşayan ailəsinin gündəlik xərclərinə və onun yol-yaşayış xərclərinə sərf edir. Qalan məhdud vəsaitlə həm Cəmilə üçün əlavə xərcləri, həm də digər ailə üzvlərimin ehtiyaclarını qarşılamağa məcburdur. 30 iyun tarixində 15 saylı Mediasiya Bürosunda vəkil Nərvin Mahmudovanın iştirakı ilə keçirilən görüşdə maliyyə vəziyyətini ətraflı izah edərək alimentin yalnız 50 manat artırılaraq 300 manat olması təklifini vermişdir. Bu, onun real maliyyə imkanlarımın yeganə sərhədidir. Lakin iddiaçı tərəfindən 500 manat tələb olunmuşdur. Bir ata kimi övladının həyat şəraitini yaxşılaşdırmaq üçün əlbəttə daha çox ödəniş etmək istəyir. Yalnız indiki halda bu məbləğin ödənilməsi onun mövcud öhdəliklərim fonunda qeyri-mümkündür. İddiaçının hər ay aylıq qazancımın ¼ hissəsi miqdarında aliment tutularaq ödəniş miqdarının artırılması tələbinin qəbul edilməməsini, bir ata olaraq iddiaçının tələbinə hörmət əlaməti olaraq indi ödədiyi 250 manat aliment miqdarına 50 manatlıq artım edərək (250 manatdan 300 manata) maksimum 300 manat ödəməyi öz öhdəsinə götürə biləcəyini, aliment miqdarının qeyd olunan miqdarda təyin edilməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 5954/2025 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay əmək haqqının və digər gəlirlərinin ¼ (dörddə biri) miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 50 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır.

10. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən olunmuş sabit pul məbləğində aliment dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 ödənilməlidir.

11. Məhkəmə hesab etmişdir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

12. Həmçinin, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan, iddia tələbi qiymətləndirilməyən iddia olduğundan və iddiaçı 50 manat məbləğində mediasiya xərci ödədiyindən ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci bəndinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 36.3, 77.1, 217.1, 217.3, 217.4, 217.5, 233.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədə qeyd olunan halların heç birinə diqqət yetirilməmiş, bunların heç biri diqqətəlayiq hal kimi nəzərə alınmamış, tələb olunan maddi hüquq norması tətbiq edilməmiş, yekundə qanunsuz və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olmuşdur. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Göründüyü kimi, cavabdehə qarşı alimentin məbləği müəyyən edilərkən ikinci nikahdan dünyaya gəlmiş ikinci övladı, Nihan Cavabdeh qızının maraqları nəzərə alınmamış, həyat şaraitin və maddi təminatının aşağı enəcəyi diqqətəlayiq hal kimi qəbul edilməmişdir. Bu isə öz növbəsində hüquqi tətbiqetmənin təbiətində dayanan ədalət və qanun qarşısında bərabərlik prinsiplərinə tam şəkildə zidd olaraq, ədalətsiz məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan RespublikasıAilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında digər nikahdan olan övladın olması alimentin arıtırılmasına maneyə olmayan hal kimi deyil, sadəcə olaraq azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir deyə ifadə edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etmiş, eyni zamanda qətnamənin ləğv edilməsinə əsas verən hər hansı prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəzərə almaq lazımdır k, artıq uzun müddətdir ki, cavabdehin gəlirləri müntəzəm və kifayət qədər yüksəkdir. Buna baxmayaraq, təəssüf ki, o, könüllü şəkildə övladının maddi tələbatlarının ödənilməsində iştirak etmir. Buna görə də iddiaçı bu barədə məhkəməyə müraciət edərək alimentin sabit pul məbləğində deyil, cavabdehin gəlirindən müəyyən hissə kimi tutulması barədə qanunvericinin ona verdiyi imkandan istifadə etmişdir. Birinci instansiya məhkəməsi də bu tələbi təmin etməkdə haqlı və əsaslı olmuş, maddi hüquq normasını mübahisəyə düzgün tətbiq etmişdir. Cavabdeh nəzərə almamışdır ki, övladına baxmaq onun öhdəliyidir. Bu günədək etdiklərini sadalamaqla cavabdeh özü haqqında müsbət fikir yaratmağa çalışsa da, bu ödənişləri etmək onun hüququ deyil, vəzifəsi olmuşdur. Tərəflərin nikahı pozulduqdan sonra Cəmilə Məmmədli anasının himayəsində qalmış və uşağın saxlanılması üçün aliment minimum həddə müəyyən edilmişdir. Cəmilənin maddi ehiyaclarını ödəmək üçün bütün yük ananın üzərində olmuşdur. Baxmayaraq ki, iddiaçının daha artıq alimentə ehtiyacı, cavabdehin isə daha artıq vəsait ödəməyə imkanı olmuş, Cavabdeh minimum həddə təyin edilən alimentdən əlavə uşağın ehtiyaclarının ödənilməsində heç vaxt iştirak etməmiş və təyin olunan alimenti də dəfələrlə gecikdirməklə, təkrar-təkrar cavabdehə bu barədə müraciət etdikdən sonra icra etmişdir. Hətta, tərəflər arasında nikah 2017-ci ildə pozularkən məhkəmə tərəfindən minimum həddə, yəni 137 manat aliment təyin olunmasına baxmayaraq, cavabdeh illərlə həmin məbləğdən əlavə heç bir ödəniş etməmiş, yalnız 2022-ci ildə iddiaçının bu barədə məhkəmə proseslərinə başladığını gördükdən sonra alimentin 193 manat olması barədə razılığa gəlmişdir. Həmçinin, cavabdeh ata olmağın yalnız aliment öhdəliyini icra etməklə bitmədiyini, övladı ilə mütəmadi görüşərək hər dəfə onun geyimi, əyləncəsi və digər ehtiyacları üçün orta hesabla əlavə 100 manat xərclədiyini bildirir. İddiaçının bu qeyd etdikləri də həqiqəti əks etdirmir. Əksində, o, uşağın mənəvi ehtiyaclarını da təmin etmir. Cavabdehin üç-dörd ayda bir Cəmilə ilə görüşməsi, çox nadir hallarda uşaqla telefonla danışması onun uşağa mənəvi dəstək göstərməsi demək deyil. Hətta bəzi bayramlarda cavabdeh nəinki uşağı gəlib görmür, hətta ona heç zəng də etmir. Belə hallarda isə atanın əksikliyini minimuma endirmək məhz ana olaraq iddiaçının üzərinə düşür. cavabdehin aldığı əmək haqqı həm onun özünün, həm digər ailəsinin, həm də hər iki övladının ehtiyaclarının ödənilməsinə yetəcək qədər kifayət qədər yüksəkdir. Həmçinin, cavabdeh aylıq 1.200 manat kredit ödənişi etdiyini, bacısının və 60 yaşını keçmiş valideynlərinin onun ailəsinin tərkibində olduğunu bildirsə də, nəzərə almaq lazımdır ki, cavabdehin şəxsi kredit ödənişləri etməsi və ya əmək qabiliyyətli şəxslərin maddi ehtiyaclarının ödənilməsinə köməklik göstərməsi (əgər bunlar həqiqətdirsə) onu əmək qabiliyyəti olmayan və maddi tələbatlarının ödənilməsinə ehtiyacı olan qızı Cəmilə Məmmədliyə görə aliment ödəmək öhdəliyindən azad edə və ya alimenti minimum həddə ödəməsi üçün əsas yarada bilməz. Hal-hazırda isə qızı Bakı Slavyan Universitetinin nəzdində olan məktəb liseydə oxuyur. Cəmilə Məmmədli beşinci sinifdə oxumasına baxmayaraq o, ingilis dili üzrə Cambridge Universitetinin rəsmi B1 sertifikatını da uğurla qazanıb. Bütün bu yüksək nəticələr və bunların davamı təbii ki, valideynin maddi və mənəvi dəstəyi ilə olur. Bu gün Cəmilə Məmmədlinin sadəcə yüksək səviyyədə təhsil alması üçün hər ay 500 manat həddində vəsait xərcləyir (məktəbə aparıb-gətirilmə üçün 160 manatlıq servis xidməti, Robotexnika kursu üçün 100 manat, Riyaziyyat və məntiq olimpiadası üçün 130 manat, təkmilləşdirmə üşün 120 manat, aliment artarsa, rəsm dərnəyinə yazılacaq ki, Cəmilənin çox yaxşı rəsm çəkmə bacarığı var və indidən memarlığa hazırlaşır). Bütün bunlardan əlavə, Cəmiləyə öz vəsaiti hesabına əlavə üç fərqli xarici dil və musiqi təhsili təşkil edir. Aylıq mütəmadi sınaqlarda, yarışlarda və beynəlxalq olimpiadalarda (steam, hippo, AMO və sair) da iştirak edir ki, bunlar ciddi maddi xərc tələb edir. Bütün bu proseslerin heç birindən isə cavabdehin nə maddi və mənəvi dəstəyi, nə də xəbəri olmur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək yazılı etirazının məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17, İİ hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

22. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırki işdə iddia təmin edildiyindən, cavabdeh qətnaməni alimentin məbləği hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İş materialları ilə müəyyən edilir ki, tərəflərin nikahı xx.xx.2017-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, xx.xx.2022-ci il tarixdə isə tərəflər mediasiya prosesi nəticəsində barışıq sazişi imzalayaraq, cavabdeh tərəfindən nikahdan olan uşağı xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən etibarən 193 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi barədə razılığa gəlmişlər.

28. Cavabdeh hazırda hər ay 300 manat məbləğində alimentin ödənilməsinə razı olduğunu bildirir.

29. Ailə qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Eyni zamanda, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

30. İşdən müəyyən olunur ki, cavabdeh hazırda əmək fəaliyyəti ilə məşğul olmaqla hər ay 2.000 manat məbləğində əmək haqqı alır. Cavabdeh hər ay 1.200 manat məbləğində ipoteka ilə bağlı ödənişlərin etdiyini bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

31. Bununla yanaşı, digər əlavə xərclərə məruz qalması (başqa övladının olması, kirayə haqqı ödəməsi və s.) cavabdehi uşağını saxlamaq və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə alimenti ödəmək vəzifəsindən azad etmir.

32. Şərh olunanlara əsasən kollegiya tərəflərin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin miqdarını qanunvericiliyin tələblərinə uyğun hesab edir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, ailə qanunvericiliyinə əsasən məhkəmə tərəfindən uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması həmin vəsaitin tutulmasını tələb edən şəxsin, yəni hazırki iş üzrə iddiaçının xahişi ilə həyata keçirilə bilər, alimenti ödəməli olan şəxsin xahişi ilə deyil.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

35. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-5954/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: M

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar