Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5983/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta məbləğinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Şirkətin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, hərbi xidmət dövründə xəsarət almasına görə ona ödənilməli olan sığorta ödənişinin – 6.600 manat məbləğində pulun cavabdeh Şirkətdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1992-1993-cü illərdə hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək xəsarət almışdır. Buna görə iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin vaxt iddiaçıya hərbi qulluqçular üçün nəzərdə tutulmuş sığorta ödənişi ödənilməmişdir. Bununla bağlı iddiaçı, cavabdeh Şirkətə rəsmi qaydada müraciət etsə də, Şirkət heç bir tutarlı əsas olmadan sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu səbəbdən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu isə xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti xx.xx.1997-ci il tarixdə Fərman imzalamış və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu Qanun iddiaçıya münasibətdə şamil edilsə belə, onun xidmətdə tərxis edilən gündən 23 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndinə görə, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz məbləğində sığorta ödənişi verilir. Sənədlərdən də məlum olduğu kimi iddiaçıya əlillik dərəcəsi 11 il sonra təyin edildiyindən Mülki Məcəllənin 373.-cü maddəsinin 3 və 4-cü bəndlərinə görə sığorta ödənişi verilməli deyil. Bundan başqa, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il müəyyən edilmişdir. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 373-ci maddəsinin tələbinə görə də, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Buna görə də, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəniş verilməsinə başlanılmışdır. Bu Fərmanın icrası Əmək və X4 Nazirliyinə və Maliyyə Nazirliyinə həvalə edilmişdir. 1991-1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədlər üçün müvafiq vəsait büdcədən ayrılmamış məhkəmə qətnaməsi ilə siğorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət X2 üzərinə qoyulması əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan istisna fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının tələbi isə onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh Şirkətin nümayəndəsi apellyasiya baxışının iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan tibbi və digər sənədlərdən görünür ki, iddiaçı, xx.xx.2992-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən yaralanmışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Şirvan şəhər mərkəzi xəstəxanasının travmotologiya şöbəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 230 nömrəli hərbi hospitalının nevrologiya şöbəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin A.Heydərov adına Respublika Hospitalında stasionar müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixi əmrinə əsasən iddiaçı Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.1996-cı il tarixli əmri ilə şəxsi heyətin siyahısından, bütöv növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün hərbi komissarlığın sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Tovuz Rayon Şöbəsi tərəfindən verilmiş 218377 nömrəli vəsiqədən görünür ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma aldığına görə əvvəllər müddətsiz İİİ qrup əlillik dərəcəsi verilmiş iddiaçıya xx.xx.2016-cı tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Məhkəmə hazırki işin mübahisəsiz halı kimi müəyyən edir ki, xx.xx.1992-ci il tarixdə iddiaçı döyüş tapşırığını yerinə yetirərkən yaralanmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə — 60 faizi nisbətində verilir. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona İİ qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş 11.000 manat məbləğində sığorta ödənişinin 60 faizi - 6.600 manat məbləğində pul buna səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh Şirkətin iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı etdiyi müraciətinə dair imtinasının dəlilləri formaldır və müvafiq sığorta ödənişini iddiaçıya ödəməkdən imtina üçün əsas ola bilməz. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyini düzgün hesab edir. Belə ki, faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır. Həmçinin, hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişini almasının qeyri-müəyyən müddətə təxirə salınması yalnız qanunçuluğa olan etimadın azalmasına və hüquqtətbiqetmədə lüzumsuz əngəllərin yaradılmasına xidmət edəcəkdir ki bu da yolverilməzdir. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Odur ki, apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissələrdə əsassızdır. Apellyasiya şikayətində irəli sürülən daha bir dəlil isə onunla bağlıdır ki, sığorta ödənişinin ödənilməsi üçün sığorta olunana hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar Qanunda 3 il müddətində əlillik təyin olunması tələb olunur. Lakin hazırki iş üzrə iddiaçı 1992-1993-cü illərdə hərbi xidmətdə olmuş, əlillik dərəcəsini isə təxminən 4 il sonra almışdır. Məhkəmə bu hissədə də Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. İş materiallarından isə görünür və mübahisə doğurmur ki, iddiaçıya əvvəl İİİ qrup, sonradan isə İİ qrup əlillik təyin olunmasına Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması səbəb olmuşdur. Bu baxımdan apellyasiya şikayətinin müvafiq dəlili də əsassız hesab olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının iddia tələbi qanun çərçivəsindədir və Rayon Məhkəməsi bu tələbi təmin edərək, 6.600 manat məbləğində sığorta ödənişinin cavabdeh Şirkət tərəfindən iddiaçıya ödənilməsini qət etməklə qanuni və ədalətli mövqe nümayiş etdirmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Şirkət tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət X2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Şirkət tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5983/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5983/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver