Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5985/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki iş üzrə Açar sözlər: (mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X7 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(006)-3921/2025 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-618/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Hökmdən həmçinin müəyyən olunur ki, X12 06 may 2024-cü il tarixdə, saat 15:29-da "Bİ", “B”, “Cİ”, “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, "xxxx" ASC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “UAZ” markalı, 77-JC954 dövlət qeydiyyat nişanlı avtomobillə “Koroğlu” metrostansiyasından Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətində saatda 40-50 km/sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1- ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla bağlı tədbirləri görməli olduğu halda həmin tələbləri yerinə yetirməyərək, yol hərəkəti qaydalarını pozub, ünvan 1 ünvanında yerləşən “Altun Saray” şadlıq evi ilə üzbəüz, yolun kənarında, parklanma yerində saxlanılaraq hərəkətsiz vəziyyətdə olan “Mercedes Benz 270” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan “Mercedes Benz 270” markalı avtomobilin sükan arxasında əyləşmiş sürücü X3 aldığı ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid aorta, ürək və sol ağciyərin zədələnməsi, sol tərəfli körpücük sümüyünün və l,ll, İİİ, İV qabırğaların yerdəyişmiş sınıqları, döş qəfəsinin ön səthinin şişkinlik və qançırları, təpə-ənsə sərhəddinin əzilmiş yarası və sıyrıqları, sol çiyin qurşağının, sol kürək və bazu oynağının sıyrıqlarından ibarət xəsarətlərdən sol tərəfli körpücük sümüyünün, l, ll, İİİ, İV qabırğaların yerdəyişmiş sınıqları ilə müşayiət olunan aortanın, ürək və sol ağciyərin zədələnməsi nəticəsində daxili qanaxma X3 ölümünə səbəb olmuşdur. 3.İddiaçı atasının ölümündə cavabdehin əməkdaşının təqsiri olmasına əsaslanaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehdən onun xeyrinə 45 000 manat məbləğində mənəvi zərərə görə pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(007)-618/2024 saylı hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. X8 təqsirli hərəkətləri nəticəsində atası – X5 ölmüşdür. Atası – X3 ölümünə səbəb olan X8 "xxxx" ASC-nin Nərimanov rayon Şəbəkəsində sürücü vəzifəsində işləməsi işin mübahisəsiz halıdır. X8 təqsiri nəticəsində atası – X5 aldığı ağır xəsarətlərdən həyatından məhrum olub və buna görə də o, bir övlad olaraq çox dərin mənəvi sarsıntı keçirmişdir. Atası uzun müddət Cəlilabad-Bakı istiqamətində sürücü işləməklə onları dolandırmışdır. Lakin, bu bədbəxt hadisə nəticəsində o, nəinki ailə dolandıranından, həm də arxa və dayağı olan ailəsinin başçısından, ağsaqqalından məhrum olmuşdur. Onun ölümü ilə əlaqədar mənəvi sarsıntıları davamlı olaraq bütün ömür boyu onun həyatını müşayət edəcəkdir. Dəfələrlə, Azərişıq ASC-nin səlahiyyətli şəxslərinə mənəvi zərərin ödənilməsi barədə müraciətlər etməsinə baxmayaraq, hər dəfə yaxın zamanda rəhbərliklə görüşüb həll edəcəkləri barədə vədlər verilərək bu günədək uzadılır. Cavabdeh təşkilatın əməkdaşlarının təqsirindən atası – X3 ölməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-618/2024 saylı hökmü ilə təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bir daha qeyd edir ki, mərhum atasının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. Bu kimi halları nəzərə alaraq ona vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 45.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi ədalətli olardı. Hesab etmişdir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla işçisinin əmək funksiyasını icra edərkən işinə məsuliyyətlə yanaşmaması, zərərin baş verməsinə səbəb olmuş hadisənin ağırlığını, yəni ölüm ilə nəticələnməsini, keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ailə üzvləri və o, ömür boyu çəkəcəkdir. İşin hallarına əsasən cavabdehin hüquqazidd hərəkəti nəticəsində onun mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının faciəvi şəkildə ölməsindən çox sarsılmışdır. Atasının ölümündən sonra o və ailə üzvlərinin cavabdeh təşkilatın işçisinin işinə məsuliyyətsiz yanaşmasına görə faciəvi şəkildə itirməyi onları mənəvi cəhətdən çox sarsıdıb. Atasının faciəvi ölməsi bu vəziyyətdən aciz vəziyyətə düşən övlad kimi onun yaranan mənəvi sarsıntılar çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbi baxımından da buna hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(006)-3921/2025 saylı qətnaməsi ilə (sədrlik edən-N.Abbasov) iddianın qismən təmin edilməsi, "xxxx" ASC-dən mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" ASC-dən 150 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 7.Məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-618/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilən işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının yeganə oğlu ölmüş, iddiaçı oğlunun ölümü nəticəsində mənəvi sarsıntı keçirmişdir. Belə ki, iddiaçı hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. 8.Məhkəmə qeyd etmişdir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçının atasının ölümü nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, mənəvi zərərin həcmi 45000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 20000 manat məbləğində müəyyən edilməlidir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097.1, 1099-cu; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü; maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına; Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6cı bəndi; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsi; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3 və 9.1.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4, 14.2, 77.1, 217.4, 119.1, 124.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia təlbinin tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçının atasının ölümü nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, mənəvi zərərin həcmi 45000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 20000 manat məbləğində müəyyən edilməlidir. Lakin, iddia olunan məbləğin hansı mötəbər əsaslara görə tam şəkildə təmin edilməməsi ilə bağlı məhkəmə hər hansı sübut gətirməmişdir. Belə ki, sözügedən qətnaməsində məhkəmə nəzərə almamışdır ki, cavabdehin hüquqi şəxs olmaqla işçisinin əmək funksiyasını icra edərkən işinə məsuliyyətlə yanaşmaması, zərərin baş verməsinə səbəb olmuş hadisənin ağırlığını, yəni ölüm ilə nəticələnməsini, iddiaçının keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını hər hansı müddətlə məhdudlaşmır. Mənəvi təzminatın həcmi (miqdarı,məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı-ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi ilə bağlı olan maddi hüquq normalarına istinad etmiş olsa da iddianın qismən təmin edilməsi olması qənaətinə gələrkən nəzərə almamışdır ki, iddiaçı ilə onun mərhum atası arasında olan sıx qohumluq əlaqələrinin olması, onlar arasında sevgi bağları ilə yanaşı mütəmadi sıx əlaqələrin olması və həmin əlaqə və bağların məhz cavabdehin əməkdaşının hüquqa zidd əməli nəticəsində qopması ciddi təsir edici amillərdən biri kimi çıxış edir və bu öz növbəsində iddianın tam şəkildə təmin olunması üçün əlavə amillərdən biridir. Məhz bu əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi tam şəkildə təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması qənaətinə gələrkən istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarının təsviri hissəsində qeyd edilən “mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır” ifadəsinə səthi yanaşaraq iddianı qismən təmin etməklə haqlı olmamışdır. Çünki, həmin qohumluq bağlarının möhkəmliyi, ölmüş şəxsin bir ata olmaqla ailənin yeganə dolandıranı, oğlunun onun itkisindən etibarən ciddi sarsıntılar keçirməklə artıq arasını faciəvi şəkildə itirməsi amilini nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, iddia tələbinə dair edilmiş sübutların dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
12. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməmədinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin, qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, "xxxx" ASC-nin əsas missiyası ölkəni fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. "xxxx" ASC bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində xüsusən də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən hesab edir ki, qətnamə ilə təmin edilmiş pul məbləği həddindən artıq çox olmaqla "xxxx" ASC-yə ölkə miqyasınada strateji layihlərin həyata keçirməsinə maneçilik törətmiş olur. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyimiz xüsusatları kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamış və dəymiş zərərə görə 20.000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını qeyd edilən məbləğdə olmasını hər hansı dəlillərlə əsaslandırmamışdır. Digər tərəfdən iş materiallarında olan hökmdə xx.xx.2024-cü il tarixli hökmdə zərəçəkmiş şəxsin hüququ varisi və hazırki mülki iş üzrə İddiaçı məhkəmə istintaqı zamanı verdiyi ifaədəsində təqsirləndirilən şəxs X12 ilə barışdığını, ona dəyən zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığı müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi dəymiş ziyanın məbləğini müəyyən edərkən bu hallara qiymət verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 20.000 (iyirmi min) manat məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 şikayətin dəlillərini müdafiə edərək izahatında qeyd etdi ki, onların şikayətinin əsası məbləğlə bağlıdır. Əsasən onlarda bu işlərin nəticəsi barışıqla olur, 10000-14000 manatla razılığa gəlinir. Hesab edir ki, 20000 manat çoxdur. Buna görə də məbləğin azaldılmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş edir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçının ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82.4.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 20.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının şikayətlərin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlilləri və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 22.Belə ki, İddiaçı atası olan X5 06 may 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-618/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən göründüyü kimi X12 06 may 2024-cü il tarixdə, saat 15:29-da "Bİ", “B”, “Cİ”, “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, "xxxx" ASC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “UAZ” markalı, 77-JC954 dövlət qeydiyyat nişanlı avtomobillə “Koroğlu” metrostansiyasından Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətində saatda 40-50 km/sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1- ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla bağlı tədbirləri görməli olduğu halda həmin tələbləri yerinə yetirməyərək, yol hərəkəti qaydalarını pozub, ünvan 1 ünvanında yerləşən “Altun Saray” şadlıq evi ilə üzbəüz, yolun kənarında, parklanma yerində saxlanılaraq hərəkətsiz vəziyyətdə olan “Mercedes Benz 270” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan “Mercedes Benz 270” markalı avtomobilin sükan arxasında əyləşmiş sürücü X3 aldığı ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid aorta, ürək və sol ağciyərin zədələnməsi, sol tərəfli körpücük sümüyünün və l,ll, İİİ, İV qabırğaların yerdəyişmiş sınıqları, döş qəfəsinin ön səthinin şişkinlik və qançırları, təpə-ənsə sərhəddinin əzilmiş yarası və sıyrıqları, sol çiyin qurşağının, sol kürək və bazu oynağının sıyrıqlarından ibarət xəsarətlərdən sol tərəfli körpücük sümüyünün, l, ll, İİİ, İV qabırğaların yerdəyişmiş sınıqları ilə müşayiət olunan aortanın, ürək və sol ağciyərin zədələnməsi nəticəsində daxili qanaxma X3 ölümünə səbəb olmuşdur.
24. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək cavbadehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğdə pulun tutulmasını qət etmişdir.
25. Qətnamə ilə razılaşmayan tərəflərin apellyasiya şikayətiri üzrə dəlilləri kompensasiyanın məbləği ilə bağlıdır. 26.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər... Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. 27.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. 28.Beləliklə, kollegiya hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən atasının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. 29.İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atası ona arxa olmuş, ailəsini dolandıran şəxs olmuşdur. 30.Cavabdehin dəlili isə ondan ibarətdir ki, baş vermiş ölüm hadisəsi ilə əlaqədar zərər ödənilmişdir. 31.Hökmdən görünür ki, Adil Əliyev idarə etdiyi UAZ markalı avtomobillə Mersedes Benz markalı avtomobili vurmuş və nəticədə sükan arxasında əyləşmiş Asif İsmayılov aldığı xəsarətdən ölmüşdür...xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən İddiaçı X1 əvəzinə təqsirləndirilən şəxs X10 qarşı ona dəymiş zərər tam ödənildiyindən şikayətinin olmadığını qeyd etmişdir. 32.Kollegiya qeyd edir ki, adətən cinayət işinin istintaqı, araşdırılması zamanı maddi zərər, məsələn, yas mərasimin keçirilməsi ilə əlaqədar xərclər, xəstəxana xərcləri, avtomobilə dəymiş zərər kimi xərclər qarşılanır. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi isə maddi zərərin ödənilməsi tələbindən fərqləndirilir.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” 34.Kollegiya qeyd edir ki, 20000 manat məbləğində mənəvi zərərin tutulması hazırki işin halları baxımından ədalətlidir. Belə ki, iddiaçı valideynini itirmişdir. İddiaçının atası 2024-cü ilin may ayında vəfat etmişdir. İddiaçı hazırki tələblə 2025-ci ilin iyun ayında məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının atasının ölümündən qısa müddət vaxt keçmişdir. 35.Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş faktiki halları - hüquqizidd əməlin ağırlıq dərəcəsi və onun nəticəsinin, insan ölümünün xüsusi ağır xarakter daşıması, iddiaçı ilə ölmüş şəxs arasında mənəvi bağlılıq nəzərə alınmaqla təyin edilmiş məbləğ ədalətli hesab edilməlidir. 36.Kollegiya hesab edir ki, bu məbləğ bir tərəfdən iddiaçının atasının - ən yaxın ailə üzvünün ölümü nəticəsində çəkdiyi dərin mənəvi iztirabın hüquqi qiymətləndirilməsini ifadə edir, digər tərəfdən isə kompensasiyanın cəzalandırıcı deyil, bərpaedici, təsəlliverici xarakter daşıması prinsipinə uyğun olaraq həddən artıq olmamaqla ədalətli balansı təmin edir. 37.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(006)-3921/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(006)-3921/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov