Məhkəmə qərarları › İş №2(103)-5991/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5991/2022

23.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5991/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əqdin əhəmiyyətsiz hesab edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(004)- 394/2022 saylı qərardadından cavabdeh tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair 11 noyabr 2019-cu il tarixində ünvan 2 alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə tərəflərin ünvanına göndərilmiş, 01 mart 2022-ci il tarixdə İddiaçı sifarişli poçt qəbzinə imza etməklə qətnaməni almışdır. 13 iyun 2022-ci il tarixdə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Buraxılmış prosessual müddətin bərpası haqqında ərizə onunla əsaslandırılmışdır ki, həm özünün, həm də ailə üzvlərinin xəstəliyi ilə əlaqədar, eyni zamanda oğlu Həsənov Raminin barəsində gedən cinayət işi ilə əlaqədar bu iddia üzrə məhkəmə proseslərində iştirak edə bilmədiyi üçün hüquqlarını müdafiə etməsi üçün vəkil X1 etibarnamə vermiş və hesab etmişdir ki, o bütün məhkəmə proseslərində iştirak edərək iddianın uğurlu nəticələnməsi üçün bütün imkanlardan isitifadə edəcəkdir. Eyni zamanda iddia təmin olunmadıqdan sonra vəkildən qətnamədən şikayət verib-vermədiyini soruşmuş, sonuncu isə ona narahat olmamasını bildirərək qətnamədən apellyasiya şikayəti verdiyini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, vəkil onun etibarından sui-istifadə edərək aldatmış və qətnamədən apellyasiya şikayəti verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa olunmuş və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi Vəkil1 buraxılmış müddətin bərpa olunması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilib müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hər hansı üzrlü səbəb olmadan buraxılmış müddəti bərpa etmişdir. Belə ki, iddiaçının nümayəndəsinin fəaliyyətsizliyi nəticəsində müddətin buraxılması üzrlü hal hesab edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Hazırkı işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qətnaməsi rəsmi olaraq İddiaçı 23 fevral 2022-ci il tarixdə poçt vasitəsilə göndərilmiş, cavabdeh qətnamənin surətini sifarişli poçt qəbzinə imza edərək 01 mart 2022-ci il tarixdə almış, lakin apellyasiya şikayəti məhkəməyə bundan 3 ay 12 gün sonra, yəni 13 iyun 2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qətnaməsindən vaxtında məlumatlı olmuş, sonuncu tərəfindən qətnamədən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra verilmiş, məhkəməyə buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının nümayəndəsinin fəaliyyətsizlik göstərib qətnamədən apellyasiya şikayəti verməməsi buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü hal hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in : ---360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. ---130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ---130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. ---133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(004)394/2022 saylı qərardadı ləğv edilməli, qətnamədən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə İddiaçı ərizəsi təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi Vəkil1 şikayəti təmin edilsin. Buraxılmış prosessual müddətin bərpa olunması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(004)-394/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı ərizəsi təmin olunmasın. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)- 394/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar