Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5994/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh Sahib qızına qarşı mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh Sahib qızının cavabdeh İddiaçı MTK-ya qarşı mənzilin hərracda satılması, satışdan əldə edilən vəsaitin və mənzilin təmirinə xərclənən pulun hesablanıb ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzilin alınmasına və təmirinə sərf olunmuş pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk İddiaçı MTK-nın nümayəndəsi X2, qarşılıqlı iddiaçı Cavabdeh Sahib qızının və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh Sahib qızına qarşı mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh Sahib qızının cavabdeh İddiaçı MTK-ya qarşı mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat vəsaitin və mənzilin təmirinə xərclənən pulun hesablanıb ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair 2(010)-35/2021 saylı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 30 avqust 2016-cı il tarixli müqavilə ilə İddiaçı MTK Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” massivi bina 1 14-cü mərtəbədə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzili tikib Qafarlı (Budaqova) Arzu Rahib qızının mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 130115 manat məbləğində pulu onun, MTK və "xxxx" ASC arasında bağlanacaq üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.
2. 31 avqust 2016-cı il tarixli təminatlı kredit müqaviləsi ilə "xxxx" ASC Cavabdeh sonuncu ilə İddiaçı MTK arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün 240 ay müddətinə, illik 10 % dərəcəsi ilə, aylıq ödəniş 1255,70 manat olmaqla 130115 manat məbləğində kredit vermişdir.
3. 31 avqust 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı MTK "xxxx" ASC tərəfindən Cavabdeh verilən kreditin və ona hesablanmış qaytarılmasının təminatı kimi Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.
4. Cavabdeh 31 avqust 2016-cı il tarixli kredit müqaviləsinin şərtlərini pozmuş və aylıq ödənişləri gecikdirilmiş, nəticədə onun Banka borcu yaranmışdır. Bank borcun ödənilməsi ilə bağlı Cavabdeh və İddiaçı MTK-ya “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildiriş vermişdir.
5. "xxxx" ASC tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli müqavilə ilə X3 mənzilin əldə edilməsinə görə verilmiş 130115 manat kredit borcu tam qaytarılmış və hesablanmış faizlər tam ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” massivi bina 1, 14-cü mərtəbədə 106 nömrəli, ümumi sahəsi 98,2 kv.m olan 3 otaqlı mənzilin boşaldılması və 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, MTK cavabdehə dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ödəmə qabiliyyətində olmadığını bildirmiş, Bank tərəfindən cavabdehə rəsmi bildiriş göndərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və mənzilin könüllü olaraq təhvil verilməsindən imtina etmişdir.
8. İddiaçı Qafarlı (Budaqova) Arzu Rahib qızı cavabdeh İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka haqqında qanunun normalarına əsasən mübahisəli mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən kredit müqaviləsi üzrə ödəmələrdə gecikmələr olmuşdur. Mənzilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təmir xərcləri çəkilmişdir. Onun yaşamağa başqa yeri yoxdur və himayəsində azyaşlı uşağı vardır.
10. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin daxilində istilik xətti çəkilmiş, yalnız eyvanda kombi avadanlığı quraşdırılaraq mətbəxin daxilində istilik sistemi çəkilmiş və həmin istilik sistemi çəkilməsinin ümumi dəyəri (zəhmət haqqı və material ilə birlikdə) 1395 manat təşkil etmişdir. Mənzildə payçının vəsaiti hesabına mətbəxin daxilində 25 mm. ölçüdə plastmas boru ilə istilik xətti çəkilmiş, 2,7x5,0mm ölçüdə dekor divar kağızı vurulmuş, mətbəx mebelinin arxasına kafel vurulmuş, eyvanın daxilində plastik materialından şkaf və kombi aparatı quraşdırılmış, mətbəxin, dəhlizin, uşaq otağının tavanı boya ilə rənglənmiş, yaşayış otağının və dəhlizin döşəməsinin haşiyəsi dəyişdirilmiş, hamamın daxilində 0,45x2,5 m ölçüdə rəngli plastik qapı və hamamayaqyolunda havalandırma quraşdırılmış, görülən təmir və quraşdırılma işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2514,5 manat məbləğində müəyyən olunmuşdur.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(010)- 35/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. (hakim Leyla Talıbova)
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 109.1, 110, 269.1, 307.1, 307.3, 307.6, 307.7, 324.1, 331.1, 385.1, 433.1, 448.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.1, 59.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı cavabdehin Bank qarşısında yaranmış öhdəliyinə əsasən MTK ilə cavabdeh arasında bağlanmış payçı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, cavabdeh MTK qarşısında başqa öhdəlik, Bank qarşısında isə başqa öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən ilkin iddia tələbi təmin oluna bilməz.
13. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia tələbi təmin olunmadığından qarşılıqlı iddianın təmin olunmasına zərurət qalmır. Belə ki, cavabdeh həmin mənzilə dair mənzilin hərracda satılmasını, satışdan əldə edilən 25000 manat pulun və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbi təmin olunmadığından qarşılıqlı iddia tələbi də rədd olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Məmməd Məmmədovdan və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(010)-35/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbinin təmin olunması, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” massivi bina 1, 14-cü mərtəbədə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan 3 otaqlı mənzilin cavabdeh tərəfindən boşaldılması, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 421.1, 423.1, 423.2, 567, 598.1, 598.2, 598.4, 646.2, 648.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, cavabdeh ilə aralarında bağlanmış 30 avqust 2016-cı il tarixli “Payçı müqaviləsi”nin ləğv edilməsini, habelə cavabdehin mübahisəli mənzili boşaltmasını tələb etmək hüququ yaranmışdır. Ona görə də MTK cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.
16. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Qafarlı (Budaqova) Arzu Rahib qızı həmin qətnamədən kassasiya şikayəti vermişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3144/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev sədrlik edən və məruzəçi, Elşən Vəliyeva və Aqil Abbasov) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Qafarlı (Budaqova) Arzu Rahib qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2(103)-606/2022 nömrəli qətnaməsi qarşılıqlı iddiaya apellyasiya qaydasında baxılmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq “Payçı müqaviləsi”nin 2.4, 4.2.7, 8.1, 8.11-ci bəndlərinə istinad etməklə hesab etmişdir ki, İddiaçı MTK zamin olaraq Qafarlı (Budaqova) Arzu Rahib qızının "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, onun 30 avqust 2016-cı il tarixli müqavilənin ləğv edilməsini, habelə mübahisəli mənzilin boşaldılmasını tələb etmək hüququ yaranmış və iddiası haqlı olmuşdur. Bu hissədə apellyasiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. İlk iddiaçının apellyasiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarını nəzərə almayaraq, apellyasiya baxışının predmetini müəyyən edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilk iddianın təmin edilməyən hissəsini yoxlamış və müvafiq qərar qəbul etmişdir. Qarşılıqlı tələbin ilk tələbin ödənilməsinə yönəldilməsi, yəni mübahisənin predmetinin bölünməz olduğu nəzərə alınmamış və qarşılıqlı iddia apellyasiya qaydasında yoxlamadan kənarda qalmaqla, qarşılıqlı iddiaçı həmin tələbi təkrarən irəli sürmək hüququndan da məhrum olunmuşdur. Apellyasiya məhkəməsi apellyasiya baxışının həddini yalnız ilk iddianın təmin edilməyən hissəsi ilə məhdudlaşdırdığını müəyyən etdiyi və birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv etməklə iddianı təmin etdiyi halda, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlamaqla, ziddiyyətli nəticəyə gəlmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
19. İlk İddiaçı MTK apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edib ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi X5 izahatında qarşılıqlı iddianın təmin olunmamasını, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sahib qızı və onun nümayəndəsi X4 qarşılıqlı iddianın təmin olunmasını xahiş etdilər.
23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" ASC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Qətnamənin ilkin iddia tələbinin təmin edilməsinə dair hissəsi qüvvədə qaldığından, hazırkı apellyasiya baxışının predmetini qarşılıqlı iddianın rədd edilməsi hissəsi təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.
27. Belə ki, tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 4.2.7-ci maddəsinə əsasən “Payçı” tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzilin sahibi ola bilər. Bu halda MTK "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir. Müqavilənin 8.1-ci bəndinə görə, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ Payçıya qaytarılır. Həmin müqavilənin 8.11-ci bəndinə əsasən “Payçı” tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrı-ayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Qafarlı (Budaqova) Arzu Rahib qızının qarşılıqlı iddia tələbinin əsasını mübahisəli mənzilin hərracdan satılaraq ödənilmiş 25000 manatın və mənzilin təmirinə xərclənmiş vəsaitin ona ödənilməsi təşkil edir. İş materiallarında olan İddiaçı MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş 15 oktyabr 2022-ci il tarixli 157 saylı arayışdan görünür ki, Cavabdeh tərəfindən mənzilə görə 26435 manat ödəniş edilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı MTK zamin kimi Cavabdeh əvəzinə banka olan kredit öhdəliyini icra etmiş və mənzilə sahib olmuşdur. Cavabdeh qarşılıqlı iddiasında mənzilin açıq hərracda satılmasını və satışdan əldə edilən puldan ona ödənilməli olan 25000 manat pulun və mənzilin təmirinə sərf olunmuş pulun ona verilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, müqavilənin 8.1-ci bəndində cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK-nın müqaviləni birtərəfli olaraq ləğv etmək və həmin mənzili digər şəxsə satmaq hüququnun olması nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu halda mənzilin hərrac yolu ilə deyil, məhz MTK tərəfindən istənilən qaydada satılması nəzərdə tutulmuşdur. Buna görə də mənzilin hərracda satılması tələbi əsassızdır. Kollegiya hesab edir ki, həmin mənzil MTK tərəfindən satıldıqdan sonra Cavabdeh tərəfindən mənzilə görə ödənilmiş 25000 manat (iddia tələbi həcmində) və ekspert rəyi ilə müəyyən olunmuş, mənzilin təmirinə sərf olunmuş 2514,5 manat və mənzildə istilik sisteminin çəkilməsinə sərf olunmuş 1395 manat, cəmi 3909,5 manat pul İddiaçı MTK-dan tutulub Cavabdeh ödənilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2021 saylı mülki iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “D” massivində 1 saylı binanın 14-cü mərtəbəsində yerləşən 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzil İddiaçı MTK tərəfindən satıldıqdan sonra Cavabdeh tərəfindən mənzilin alınmasına görə ödənilmiş 25000 manat, mənzildə istilik sisteminin quraşdırılmasına və təmir işlərinə sərf olunmuş 3909,5 manat pul İddiaçı MTK-dan tutulub Cavabdeh ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.