Məhkəmə qərarları › İş №2(103)-6002/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6002/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6002/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı və cavabdeh X2 nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(006)-608/2020 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(006)- 608/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X1 6.600 (altı min altı yüz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun xx.xx.1997ci il tarixdə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin qanunda müəyyən edilmiş sığorta ödənişinin qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu qanun İddiaçı münasibətdə şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 10 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı şikayətə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı “N” saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonunda gedən döyüşlərdə yaralanmış və ikinci qrup əlil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının hərbi xidmət dövründə xəsarət alması və bunun nəticəsi olaraq İİ qrup əlil olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmadığından qətnamə ilə sığorta ödənişinin üzərinə qoyulmasını əsassız hesab edir və sığorta olunana əlillik dərəcəsi hərbi xidmətdən buraxıldığı tarixdən üç il müddətinə təyin olunmadığından ona sığorta məbləğinin verilməsindən imtina edir. Əvvəla, iddiaçı hərbi xidmətdən buraxıldığı gündən 10 il sonra əlillik təyin olunmamış, olunsaydı belə bu hal onun təqsirindən deyil, iradəsindən asılı olmayan səbəblərdən baş verə bilərdi. Bu müddətin də üzrlü yaxud üzrsüz səbəblərdən ötürülməsinin iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, əlilliyin gec rəsmiləşdirilməsi iddiaçının həmin vaxtadək faktiki olaraq əlil olmağını istsna etməmişdir. İkincisi, iddiaçının əlil olmasına səbəb olmuş xəsarəti hərbi xidmət dövründə alınmışdır. Əlillik bilavasitə həmin xəstəliklə bağlı olmuşdur. Buna görə də, gec təyin olunsa belə əlilliyə görə iddiaçı sığorta ödənişini almaq hüququndan məhrum edilə bilməz. Üçüncüsü, iddiaçının tərxis olunduqdan sonra əlillik dərəcəsi alması da sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi(xidmət) dövründə sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Dördüncüsü, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Milli Məclisə tövsiyyə edilməsi və bu məsələyə baxılmaması iddianın təmin edilməməsi üçün əsas deyildir. Çünki, hazırki iddia tələbinin qanuni əsası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci maddələrində nəzərdə tutulmuşdur. Sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi isə daha çox qətnamənin icrası ilə bağlı olan bir məsələdir. Ona görə də, bu hal da cavabdehin apellyasiya şikayətini əsaslı hesab edə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(006)- 608/2020 nömrəli qətnaməsi, cavabdeh X2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar