Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6003/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1314/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1248,00 (min iki yüz qırx səkkiz) manat sığorta ödənişinin, 800,00 (səkkiz yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2078.00 (iki min yetmiş səkkiz) manatın Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1314/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1248,00 (bir min iki yüz qırx səkkiz) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına (təmin olunmamasına) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "AtaSığorta” ASC ilə X2 arasında 17.01.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Daf Yük” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 12.12.2019-cu il tarixdə “Daf Yük” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E200 CDİ” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1248,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhər BPİ DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi 12.12.2019-cu il tarixli 046- 66935 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sorğuya əsasən Cəmiyyətə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30.10.2020-ci il tarixli, 04/4117 saylı məktubunda qeyd olunur ki, Cavabdeh Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti 30.06.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək uzadılmış və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Daf Yük” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt "Daf Yük” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Lakin məhkəmə qətnaməsi iddianı tələbkarın hüquqi əsasları əsasında deyil, məhkəmənin öz mülahizəsinə əsaslanan fərqli hüquqi əsasla təmin etmişdir. Bu baxımdan MPM-in 218.3 maddəsinin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə iddia tələbini təmin edərkən istinad edilən maddi hüquq normasını düzgün tətbiq etməmiş və belə qənaətə gəlmişdir ki, onun idarə etdiyi avtomobilin mülki məsuliyyətinin sığorta edilməsinə baxmayaraq həmin avtomobillə o, inzibati xəta törətdyi üçün bu inzibati xəta hüquqa zidd əməldir, buna görə də subroqasiya iddiası təmin olunmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğinin geri qaytarılmasına dair subroqasiya hüququnun yarandığı halları konkret olaraq göstərmiş və həmin hallardan başqa hər hansı halda subroqasiya hüququ yaranmır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmin Qanunun 25.1.1-ci maddəsinə istinad etsə də həmin maddi hüquq normasını düzgün təfsir elməmiş, işin məhkəmə tərəfindən müəyyən edilən hallarına düzgün qiymət verməyərək qanunun və işin faktiki halını uzlaşdırmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.1-ci maddəsində qeyd edilir ki, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının subroqasiya hüququ yaranır. Lakin iş materiallarına əlavə edilmiş kimi,13.12.2019-cu il tarixli İXP ******* saylı Qərara əsasən cavabdeh İXM-nin 327.1 -ci maddəsi ilə təqsirli bilinmiş və inzibati xəta məsuliyyətinə cəlb edilmişdir (40 manat cərimə). “İcbari sığortalar haqqında” Qanunun 25.1.1-ci maddəsinin tələbinə görə iddiaçının subroqasiya hüququ yaranmamışdır. Belə ki, qanunun qeyd edilən tələbində də açıq-aşkar qeyd edilir ki, əsasən subroqasiya hüququnun yaranması üçün inzibati məsuliyyət istisna edilir, hərəkətin inzibati xəta olması istisna edildiyi halda subroqasiya hüququ yarana bilər və digər mütləq şərt bundan ibarətdir ki, inzibati xəta olmayan belə hərəkət mütləq formada qəsdən törədilməli və qanuna zidd olmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.1-ci maddəsinin tələbinə görə sığortaçının subroqasiya hüququnun yaranması üçün 3 şərt eyni anda mövcud olmalıdır: 1) əməl inzibati məsuliyyəti istisna etməlidir (yəni inzibati xəta olmamalı) 2) qanunazidd olmalı; 3) qəsdən edilməlidir. İXM-nin 327.1 -ci maddəsi yol-hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə təsnif edilmişdir. Bundan başqa belə inzibati xəta (İXM 327.1) qəsdən edilən təqsirli hərəkətlər təsnifatına aid deyil. Hazırki mülki mübahisə üzrə cavabdehə münasibətdə qeyd edilən 3 şərt mövcud olmadığından birinci instansiya məhkəməsinin “İcbari sığortalar haqqında" Qanunun 25.1.1-ci maddəsini tətbiq edərək cavabdehdən sığorta ödənişinin tutulmasına dair qənaəti qanunsuz olmaqla, maddi hüquq normasının düzgün tətbiq edilməməsidir. Bundan başqa, iddiaçının hüquqi əsaslarına gəlincə, həmin əsaslar isə qanunsuzdur. Belə ki, iddiaçının istinad etdiyi "Yol hərəkəti haqqında qanunun" 35-1-ci maddəsinin 2-ci bəndi tətbiq edilə bilməz. Çünki, həmin Qanunun 35-1 maddənin 2-ci bəndinin tələbi, yəni əcnəbinin sürücülük vəsiqəsini dəyişdirməsi tələbi Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi alan əcnəbilərə aiddir. Cavabdeh isə sığorta hadisəsi baş verən zaman müvəqqəti yaşamaq icazəsi olan əcnəbi deyil. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi statusunda olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi ilə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi olan əcnəbi kateqoriyasını fərqləndirmişdir. Miqrasiya Məcəlləsindən Çıxarış: maddə: 3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs: maddə: 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs: Həmçinin Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla 90 gündən artıq ola bilməz. Cavabdehin iş materiallarına əlavə edilmiş xarici Passportunun surətindən də görünür ki, cavabdeh Azərbaycan Respublikasına viza tələb olnmayan qaydada gələn əcnəbidir (Gürcüstan Respublikası vətəndaşı) və onun Azərbaycanda müvəqqəti olma müddəti 90 gündür. "Yol hərəkəti qaydaları” haqqında Qanunun 35-1 maddəsindən çıxarış: Maddə 3 5-1. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi I. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. II. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və va vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. III. Bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. İş materiallarına əlavə edilmiş cavabdehə məxsus xarici Pasportdan da görünür ki. cavabdeh Azərbaycan ərazisinə 06 dekabr 2019-cıı il tarixdə daxil olmuş, 6 gün sonra isə 12.12.2019-cu il tarixdə isə sığorta hadisəsi törətmişdir. Qanunun yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi olduğu (müvəqqət yaşamaq üçün icazə alan əcnəbi deyil) üçün 06.12.2019-cu il tarixdə Azərbaycan Respublikasına daxil olduğu vaxtdan 1 ay müddətinə, yəni 06 yanvar 2020-ci ilə qədər Gürcüstan Respublikasında aldığı sürücülük vəsiqəsi ilə Azərbaycan Respublikasında nəqliyyat vasitəsi idarə elmə hüququna malik olmuşdur. Bu səbəbdən də iddiaçının istinad etdiyi hüquqi əsaslar onların iddia tələbində sübuta yetirilmir, əksinə cavabdeh iddianın əsaslarının təkzib edən sənədi-xarici pasportu və sığorta hadisəsi ilə bağlı sənədlər iş materiallarına əlavə edilmişdir. Yəni, iddiaçının istinad etdiyi maddi hüquq norması olaraq "Yol hərəkəti haqqında" Qanunun 35-l-ci bəndinin 2-ci hissəsi tətbiq edilə bilməz. Hazırki mülki mübahisə üzrə həmin qanunun 35-1 maddəsinin 1-ci bəndi tətbiq edilməli idi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, sığorta hadisəsi Cavabdeh qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi baş verdiyindən, “Mercedes Benz E220 CDİ” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.Beləliklə də "xxxx" ASC-nin iddiası qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh təqsirli hərəkətləri nəricəsində baş verdiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət də cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqı ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının ödədiyi dövlət rüsumu da alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 800 manat işlərin görülməsi cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı işlərin görülməsi xərcinin mövcudluğunu əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin iddianın təmin edilən hissədə də ləğv edilməsi və iddianın tam təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdən görünür ki, iddiaçı cavabdehə qarşı iddianı qanuni əsas kimi "Yol hərəkəti haqqında” Qanunun 35-1 maddəsinin 2-ci hissəsinin 2-ci cümləsinə istinad edərək sığortalı avtomobili Gürcüstan Respublikasının vətəndaşı kimi həmin ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında idarə etdiyinə və yol nəqliyyat hadisəsi baş verdiyi vaxt Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə irəli sürmüşdür. Lakin iddiaçı nədənsə "Yol hərəkəti haqqında” Qanunun 35-1 maddəsinin 2-ci hissəsinin 1-ci cümləsini diqqətdən qaçırmış yaxud bunu nəzərə almaq istəməmişdir. Belə ki, həmin hissənin 1-ci cümləsində qeyd olunur ki, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və va vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İddiaçı cavabdehin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında qeyd olunan avtomobili idarə etməsini mübahisələndirmir. Mübahisələndirdiyi hal cavabdehin həmin sürücülük vəsiqəsini dəyişdirməməsi ilə bağlıdır. Cavabdehin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldığı və həmin icazəni aldığı gündən bir ay sonra dəyişdirilmiş sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətməsi sübuta yetirilməlidir. Ancaq cavabdehin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması ümumiyyətlə iş materialları ilə təsdiq olunmur. Belə ki, Miqrasiya Məcəlləsinin tələblərinə görə Azərbaycan Respublikasında müvəqqəti olan şəxslə, müvəqqəti və ya daimi yaşayan şəxslərin statusu və öhdəlikləri fərqlidir. Hətta cavabdeh müvəqqəti yaşamaq üçün icazə alması təsdiq olunsa belə onun həmin gündən bir ay ərzində sürücülük vəsiqəsini dəyişdirmək hüququ mövcuddur, yəni bir ay ərzində vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanının verdiyi sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ qalır. Ancaq cavabdehin işdə olan pasportunun surətindən də görünür ki, sığorta hadisəsi onun Azərbaycan Respublikası ərazisinə daxil olduğu vaxtdan 6 gün sonra, yəni 12 dekabr 2019-cu ildə baş vermişdir. Demək, cavabdeh müvəqqəti yaxud daimi yaşamaq üçün icazə almış olsa belə, yenə də onun sürücülük vəsiqəsini qanunla müəyyən edilmiş vaxtda dəyişdirmək üçün müddəti qalmışdır. İşdə olan(bax.i.v.13) Dövlət Miqrasiya Xidmətinin X1 Baş İdarəsinin 30.10.2020-ci il tarixli məktubundan da görünür ki, cavabdehin sonradan, yəni yol nəqliyyat hadisəsi baş verməsindən xeyli sonra 30.06.2020-ci ildən 30.07.2020-ci ilədək “Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti” uzadılmışdır. Göründüyü kimi, iddiaçı hazırki iddianı irəli sürməmişdən əvvəl özü üçün yuxarıda göstərilən məsələləri aydınlaşdırmalı idi. İkincisi, “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğinin geri qaytarılmasına dair subroqasiya hüququnun yarandığı halları nəzərdə tutur. Birinci instansiya məhkəməsi də iddianı təmin edərkən konkret olaraq həmin Qanunun 25.1.1-ci maddəsinə istinad etmiş, lakin həmin maddi hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.1-ci maddəsində göstərilir ki, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının subroqasiya hüququ yaranır. Lakin həmin maddənin dizpozisiya şərtlərində göstərilənlərin cavabdeh tərəfindən edilməsi öz təsdiqini tapmır. Əksinə, işdən görünür ki, sığorta hadisəsi zamanı cavabdehin inzibati məsuliyyətini istisna edən hal olmamış, sonuncu bu hadisəyə görə inzibati məsuliyyətə cəlb edilərək tənbeh olunmuşdur. Bu maddənin tələbinə görə həm də cavabdehin həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlər olmalıdır ki, bunun nəticəsində də subroqasiya hüququ yaransın. Lakin bu cür hallar təsdiq olunmasa belə, ümumiyyətlə iddiaçı da bu halların baş verdiyini iddia etməmişdir. Məhkəmənin bu qənaətə gəlməsi isə ümumiyyətlə başadüşülən deyil. Çünki, əgər iddiaçı bu halların baş verdiyini ümumiyyətlə iddia etmirsə məhkəmə nəyə görə sığorta hadisəsinin cavabdehin qəsdən etdiyi qanunazidd hərəkətlərin nəticəsində baş verməsi qənaətinə gəlməsini açıqlamalıdır, bunun hansı sübutlarla təsdiq olunduğunu göstərməlidir. Ancaq məhkəmə qəbul etdiyi qətnamədə nəinki bu hallardan bəhs etmiş, ümumiyyətlə iddiaçının istinad etdiyi “Yol hərəkəti haqqında” Qanunun tələblərinə də münasibət bildirməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1314/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilən edilən hissədə də rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1314/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6003/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6003/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver