Məhkəmə qərarları › İş №2(103)-6007/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6007/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6007/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı icbari sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidməti vəzifəsini yerinə yetirərkən sağlamlığı pozulduğuna görə, qanunvericiliyə uyğun olaraq 6600 manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət X7 tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-341/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət X7 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki,“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdən qüvvədədir. Həmin qanunun geriyə qüvvəsi barədə heç bir müddəa mövcud deyildir. Həmin qanun iddiaçıya şamil edilsə belə, onun xidmətdən tərxis edildikdən 20 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Həmin qanunun tələblərinə əsasən şəxs həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəlik ilə əlaqədar 3 il müddətinə sığorta olunana əlillik təyin olunduqda ona icbari sığorta ödənişi verilir. İddiaçı əlillik dərəcəsini 20 il sonra aldığından iddia müddətini ötürmüşdür. 1991- 1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədilə vəsait büdcədən ayrılmamışdır. Buna görə də cavabdehin üzərinə bu öhdəliyin qoyulması əsassızdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-341/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə hərbi hissəyə göndərilmiş, 1992-ci ilin avqust ayından xx xxxx 1993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx xxxx 1993-cü il tarixli, 583 saylı xəsarət haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı müharibə dövründə hərbi xidmət zamanı bruselyoz və hepatit xəstəliklərinə tutulmuşdur. Ona ümumi xəstəliklə əlaqədar olaraq ikinci qrup əlillik təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 1992-1993-cü illərdə hərbi xidməti vəzifələrini yerinə yetirərkən sağlamlığı pozulub ikinci qrup əlil olduğuna görə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda hərbi qulluqçular üçün nəzərdə tutulmuş sığorta ödənişləri ona da şamil olunmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli Qanunun, sonradan edilmiş dəyişikliklərlə 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinə əsasən həmin Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İİ qrup əlilliyə görə — 60 faiz... Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığı pozulmuş və X1 qərarı ilə ona İİ qrup əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən, həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti həyata keçirir. Məhkəmə kollegiyası hesab edir ki, bu sığorta ödənişinin ödənilməsi qaydası və şərtlərinin hələlik müəyyən olunmaması, büdcədən bu məqsədlə vəsaitin ayrılmaması iddiaçının qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməz. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət X5 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-341/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar