Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6010/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1096/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladı X2 xeyrinə hər ay 500 manat miqdarında alimentun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11.05.1995-ci tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 05.09.2000-ci il təvəllüdlü Nəsib adlı uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2017-ci il tarixli, 2(005)-212/2017 saylı qətnaməsi ilə cavabdehin ona qarşı iddiası təmin edilmiş, onlar arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra Nəsibin cavabdehin yanında qalması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə onun apellyasiya şikayətim təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi uşağın cavabdehin yanında qalması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, nikah pozulduqdan sonra oğlu Nəsibin onun yanında qalması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Digər Məhkəmə qətnaməsi ilə oğlu Nəsib fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 05.03.2020-ci il tarixli, 59 nömrəli sərəncamı ilə iddiaçı oğlu Nəsibin üzərində qəyyum təyin edilmişdir. Oğlu əmək qabiliyyətinə malik olmadığına görə yardıma ehtiyacı var. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1096/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 05.11.2020-ci il tarixdən başlayaraq, 05.09.2000-ci il təvəllüdlü X1 üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. ( sədrlik edən Adilə Paşayeva) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1096/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və 05 noyabr 2020-ci il tarixdən başlayaraq, 05 sentyabr 2000-ci il təvəllüdlü X1 üçün har ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilmesi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş alimentin məbləği çox azdır. Həmin məbləğ oğlu Nəsibin layiqli həyat səviyyəsini təmin edə bilməz. Oğlu Nəsib fəaliyyət qabiliyyəti olmayan və əmək qabiliyyətinə malik olmayan, maddi yardıma ehtiyacı olan şəxsdir. Oğlunun xəstəliyi səbəbindən xeyli müalicə xərcləri vardır. İddiaçı işləmir, cavabdeh isə maliyyə imkanlarına malik olan şəxsdir. Cavabdeh həm işləyir, həm də digər gəlir mənbələri var. Cavabdehin maddi vəziyyəti tam imkan verir ki, o birgə nikahdan olan oğlunun saxlanılması üçün hər ay 500 manat məbləğində ödəsin. Birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabehdən tutulan aliment 500 manat miqdarında müəyyən edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3451/2019 saylı, 18.07.2019cu il tarixli qətnaməsindən görünür ki, 05.09.2000-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan DSMF-nin Sabunçu rayon şöbəsi tərəfinfən verilmiş 026618 saylı vəsiqənin surətindən görünür ki, X6 İ-ci qrup əlildir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Akademik M.A.Topçubaşov adına X8 tərəfindən verilmiş 19/01 saylı, 27.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqısı 483 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Medafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 05.09.2000-ci il təvəllüdlü X4 daun sindromu diaqnozu qoyularaq birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 05.03.2020-ci il tarixli, 59 sayıl sərəncamının surətindən görünür ki, İddiaçı 05.09.2000-ci il təvəllqdlü X6 üzrəndə qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 285096 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05.09.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh anası isə X3r. Hüquqi dəyərləndirmə: Kollegiya işin halları ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissənə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 84.2.4-cü maddəsinə əsasən 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27.01.2015-ci il tarixli Qərarından qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur Həmçinin Qərarda qeyd olunur ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Kollegiya qeyd edir ki, 05.09.2000-ci il təvəllüdlü X6 İ-ci dərəcəli əlil olmaqla anası İddiaçı himayəsindədir və qeyd olunan qanuvericilik aktları və Konstitusiya Məhkəməsinin Plenum Qərarı ilə 18 yaşına çatmış şəxslər üçün aliment tutulmasına əsas olan zəruri şərtlər hazırki işdə mövcuddur. Cavabdeh isə daimi iş yeri olduğuna və övladının maddi yardıma etiyacı olduğu üçün ona yardım etmək vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilərək Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul etmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin yenidən ailə qurması və aylıq əmək haqqının 483 manat təşkil etməsini nəzərə alaraq cavabdehdən 100 manat məbləğində aliment tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı apelyasiya şikayətində cavabdehin digər gəlir mənbələrinin olduğunu və maddi vəziyyətinin nikahdan olan oğlunun saxlanılması üçün hər ay 500 manat məbləğində aliment ödəməyə tam imkan verdiyini bildirsə də bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bu hal iş materiallarına əsasən müəyyən olunmamışdır. İddiaçının cavabdehin digər gəlir mənbələrinin olması və maddi vəziyyətinin iddiaçı ilə cavadehin birgə nikahından olan oğlu X1 üçün hər ay 500 manat məbləğində aliment ödəməyə tam imkan verməsi barədə iddiasi mülahizələrə əsaslanır və buna görə də iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1096/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6010/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6010/2021
25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver