Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6013/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsinə ("xxxx" BOKT MMC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6013/2024 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsinə ("xxxx" BOKT MMC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun, hərracın yekunları barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi, əmlakın yenidən qiymətləndirməsi və yenidən hərrac keçirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər 9 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış və 81-1734 saylı reyestrlə rəsmiləşdirilmiş icra qeydinə əsasən hər iki müqavilə üzrə 24.243,19 manat (əsas borc 15.623,51 manat, faiz borcu 4.103,18 manat, dəbbə pulu 4.516,50 manat) məbləğində pulun tutularaq "xxxx" Bank olmayan Kredit təşkilatı MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilən icra qeydinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzil hərraca çıxarılmışdır. Təyin olunmuş hərrac baş tutmadığından mənzil 57.000 manat müqabilində cavabdeh "xxxx" BOKT MMC-yə təklif edilmiş və cavabdeh tərəfindən bu təklif qəbul olunmuşdur.
2. İddiaçı hazırda sözügedən yaşayış evinin dəyərinin düzgün müəyyənləşdirilməməsi, o cümlədən hərracın keçirilməsi zamanı ona məlumat verilməməsi səbəbindən hərrac nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" BOKT MMC üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun, hərracın yekunları barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi, əmlakın yenidən qiymətləndirməsi və yenidən hərrac keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı Notariat ofisində İddiaçı ilə üçüncü şəxs "xxxx" Bank olmayan Kredit təşkilatı MMC arasında xx.xx.2021-ci il tarixli, 3M/516 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka saxlayan tərəfindən birinci halda 11.000 manat göstərilməklə, cəmi 8.000 manat, ikinci halda 5.000 manat göstərilməklə, cəmi 3.000 manat, ümumilikdə 16.000 manat göstərilməklə cəmi 11.00 manat pul vəsaiti kredit olaraq İddiaçı verilmişdir. Qeyd olunan borc müqavilələri ilə əlaqədar mübahisə yaranmasına baxmayaraq əsassız və qanunsuz olaraq, iddiaçı və onun atası lazımi qaydada xəbərdar edilmədən və onların iştirakı olmadan, Bakı şəhər 9 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış və 81-1734 saylı reyestrlə rəsmiləşdirilmiş icra qeydinə əsasən hər iki müqavilə üzrə 24.243,19 manat (əsas borc 15.623,51 manat, faiz borcu 4.103,18 manat, dəbbə pulu 4.516,50 manat) məbləğində pulun tutularaq "xxxx" Bank olmayan Kredit təşkilatı MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin icra qeydində mənzilin qiyməti cəmi 90.000 manat göstərilmişdir ki, bu qiymətləndirmə daşınmaz əmlakın faktiki bazar qiymətindən kəskin surətdə fərqlənərək, xeyli aşağıdır. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən "xxxx" BOKT MMC tərəfindən ipoteka predmetinə tutma yönəldiməsinə dair icra qeydinin verilməsi üçün ərizə ilə notariat ofisinə müraciət edilmiş, xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən yuxarıda qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzil hərraca çıxarılmışdır. Halbuki, bu müddət ərzində borclu müəyyən ödənişlər etmişdir. Təyin olunmuş hərrac baş tutmadığından mənzil 57.000 manat müqabilində cavabdeh "xxxx" BOKT MMC-yə təklif edilmiş və cavabdeh tərəfindən bu təklif qəbul olunmuşdur. Keçirilən hərrac prosesi barəsində iddiaçının məlumatı olmamış, göndərilən bildirişlərin heç biri ünvana çatdırılmamışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X4 məxsus olmuş, onun adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3394/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 337.1, 414.2, 414.3, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 42.1, 42.3, 43.3, 4.34, 43.5, 43.8-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, iddiaçı ilə kredit müqaviləsi bağlanan Kəpəz BOKT MMC İddiaçı qanunsuz olaraq və ağır şərtlər əsasında kredit ayırmışdır. Belə ki, müqavilə bağlanan zaman yəni 2022-ci ilin fevral ayında İddiaçı Əliaba oğlunun uzun müddət gecikmədə olan ödənilməmiş kredit borcu olmuşdur ki, Mərkəzi Bankın kredit verilmə qaydaları ilə bağlı tələblərinə uyğun olaraq, o cür gecikmədə olan şəxslərə yenidən kredit verilməsi qadağandır (xx.xx.2020-ci il tarixində Unibank ASC-dən götürülmüş kredit borcu üzrə 675 gün, xx.xx.2016-cı il tarixində Zaminbank ASC-dən götürülmüş kredit borcu üzrə 2201 gün gecikmə olmuşdur. Həmçinin kredit təşkilatının əməkdaşı kredit ayrılması müqabilində iddiaçıdan külli miqdarda rüşvət tələb etmişdirki, həmin tələb üzrə pul məbləği verildikdən sonra kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən bu barədə Yasamal Rayon Prokurorluğuna artıq müraciət olunmuşdur və səs yazıları, digər sübutlar təqdim edilmişdir. Hal-hazırda mövcud iş üzrə kredit təşkilatının əməkdaşlarının əməlinə hüquqi qiymət verilməsi üçün araşdırılmadadır. İddiaçı dəfələrlə hərrac keçirilməmişdən qabaq həm Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuruna, həm kredit təşkilatına faktiki yaşadığı ünvan və istifadəsində olan mobil nömrəni təqdim etməsinə baxmayaraq, cavabdehlər hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verməmişdirlər. Əvvəlki proseslərdən iddiaçının həmin ünvanda yaşamadıqları tərəflərə məlum olmuşdur. Buna baxmayaraq tərəflər ipoteka predmeti olan evin dəyərinin icra qeydində göstərilən qiymətdən dəfələrlə baha olmasını bildiyindən bu “fürsətdən” cinayətkarcasına istifadə etmişdirlər. Hesab edir ki, iddiaçının real bazar dəyəri 175-200 min manat arası dəyərində olan evinin 16000 manat borca görə gizlin satılması və kredit təşkilatının balansına keçirilməsi dövlətçiliyin ali məqsədinə ziddir ki, mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozulmasıdır və bu anlamla məhkəmə qətnamə qəbul edən zaman bu hissələrə diqqət yetirməyərək iddiaçının hüquqlarının qeyrimütənasib qaydada pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı təqdim etdiyi sübutlardan görünür ki, hərrac 2 dəfə baş tutmadığından xx.xx.2024-cü il tarixində Əmlak Hərrac Mərkəzi MMC Kəpəz BOKT MMC-yə əmlakın əldə edilməsi ilə bağlı təklif göndərmişdir. Kredit təşkilatı xx.xx.2024-cü il tarixində hərrac şirkətinin təklifinə razılıq vermişdir. 07oktyabr 2022-ci il tarixli 218 nömrəli protokolla əmlak Kəpəz BOKT MMC-yə 57.375 manata satılmışdır. Protokol xx.xx.2022-ci il tarixində imzalanmasına baxamayaraq, icranın depozit hesabına pul vəsaiti 2024-cü il tarixində köçürülmüşdür. Həmçinin Mərkəzi kredit Reyestrində iddiaçının kredit borcu üzrə borclar faktiki olaraq açıqdır və borc tələbi icra olunmamışdır. Belə olan halda ritorik sual yaranır ki, borc tələbi açıqdırsa, əgər o halda ipoteka predmeti olan mənzil hansı məqsədlə satılmışdır? İkinci sual ondan ibarətdir ki, bank ödənişləri hansı hüquqa əsasən 2024-cü ildə ödəmişdir. Təbii ki, bu sualların heç bir anlamlı cavabı yoxdur. Kəpəz BOKT MMC kredit təşkilatı olması səbəbindən ipoteka predmetini təyinatı üzrə öz balansında saxlaya bilməz, yəni 1il ərzində özgəninkiləşdirməli idi. Lakin buna baxmayaraq cari günə qədər kredit təşkilatı nəinki əmlakı özgəninkiləşdirməmiş, hətta kredit xətti üzrə borcu bağlamamış və hərrac protokolunda nəzərdə tutulmuş satış məbləğini ödəməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
14. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
15. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
16. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
17. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
18. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (hərracın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)
19. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
20. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
21. Maddə 42.5-ci və 42.6. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar.
22. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
23. Maddə 43.7 və 43.7-1. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
24. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
25. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
27. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
28. Maddə 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
40. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələbi hərracın yekunları barədə protokolun, hərracın yekunları barədə müqavilənin və "xxxx" BOKT MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi, əmlakın yenidən qiymətləndirməsi və yenidən hərrac keçirilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirdiyi hərrac yekunları barədə protokolun nəticəsində bağlanılan müqavilənin tərəfi "xxxx" BOKT MMC olmuş, mübahisəli əmlak da məhz sonuncunun adına rəsmiləşdirilmişdir. Lakin "xxxx" BOKT MMC hazırki iş üzrə cavabdeh deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, iddianın nəticəsinin birbaşa olaraq onun maraqlarına toxunması halı iddiaçı tərəfindən nəzərə alınmamışdır.
41. Bundan əlavə iddia tələbindən görünür ki, iddiaçı hərracın və onun nəticələrinin etibarsızlığını keçirilən hərracların heç biri barədə onun xəbərinin olmaması və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumatın verilməməsi ilə əsaslandırmışdır.
42. Belə ki, iş materiallarından görünür ki, İddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən "xxxx" BOKT MMC tərəfindən ipoteka predmetinə tutma yönəldiməsinə dair icra qeydinin verilməsi üçün ərizə ilə notariat ofisinə müraciət edilmiş, xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzil hərraca çıxarılmışdır
43. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 45755/17 nömrəli məktuba əsasən müəyyən olunur ki, Yasamal rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə sifariş Cavabdeh1 MMC-yə göndərilmişdir.
44. xx.xx.2022-ci il tarixli 1542/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzilə dair ilkin hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı və X4 göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 90.000 manat həddində qiymətləndirilmişdir.
45. xx.xx.2022-ci il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır.
46. BirjaNews portalında yerləşdirilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzilə dair təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. Əmlakın təkrar hərracda satış qiyməti 15% aşağı qiymət, yəni 76.500 manat həddində müəyyən edilmişdir.
47. xx.xx.2022-ci il tarixli 1707/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzilə dair təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair bildiriş X7 göndərilmişdir. Əmlakın satış qiyməti 76.500 manat həddində qiymətləndirilmişdir.
48. xx.xx.2022-ci il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş təkrar hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır.
49. xx.xx.2022-ci il tarixli 1804/22 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzilin 57.375 manat həddində olmaqla ipoteka saxlayan "xxxx" BOKT MMC-yə təklif edilmişdir.
50. xx.xx.2022-ci il tarixli 766 nömrəli məktuba əsasən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" BOKT MMC Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzilin əldə edilməsinə razıdır.
51. xx.xx.2022-ci il tarixli 218/22 nömrəli protokola əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzil 57.375 manat dəyərində "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir.
52. Məhkəmə iddiaçının hərracın keçirilməsi ilə bağlı ona heç bir məlumat verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyin zəruri hesab edir.
53. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin, ümumiyyətlə, hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
54. İş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixli 1542/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzilə dair ilkin hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı və X4 göndərilmişdir.
55. xx.xx.2022-ci il tarixli 1707/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzilə dair təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair bildiriş X7 göndərilmişdir.
56. BirjaNews portalında yerləşdirilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, giriş 10, 1209 saylı mənzilə dair təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır.
57. Göründüyü kimi hazırki iş üzrə Cavabdeh1 MMC tərəfindən hər üç hərracın keçirilmə vaxtı və yeri barədə tərəflərə, o cümlədən İddiaçı Əliabbas oğluna lazımi qaydada bildiriş göndərilmişdir və qanunvericiliyin tələblərinə əsasən bildirişlərin göndərilməsi artıq hərracın etibarlılığı ilə bağlı ilkin şərtin ödənilməsini ehtiva edir. Bundan əlavə proseslər barədə məlumatlar ixtisaslaşdırılmış kütləvi informasiya vasitəsi olan BirjaNews portalında da açıq məlumatlar yerləşdirilmişdir.
58. Həmçinin qeyd edilməlidir ki, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur.
59. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır.
60. Növbəti olaraq iddiaçı öz apellyasiya şikayətində bildirmişdir ki, icra qeydində mənzilin qiyməti cəmi 90.000 manat göstərilmişdir ki, bu qiymətləndirmə daşınmaz əmlakın faktiki bazar qiymətindən kəskin surətdə fərqlənərək xeyli aşağıdır. Qeyd edilənlərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
62. Göründüyü kimi iddiaçı sözügedən icra qeydinə əsasən mübahisəli əmlakın qiymətinin 90.000 manat həcmində qiymətləndirilməsindən narazı olsa da, iş materiallarındakı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-312/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin icra qeydi artıq daha öncə mübahisələndirilmiş, onun ləğvinə, o cümlədən əmlakın qiymətləndirilməsinin düzgün aparılmamasına dair hər hansı qanuni əsaslar müəyyən edilmədiyindən iddiaçının şikayəti təmin edilməmiş və icra qeydinin ləğvinə dair tələb rədd edilmişdir. Bu da öz növbəsində qeyd edilən halın preyudisial əhəmiyyət daşıdığına dəlalət edərək əmlakın ilkin və sonrakı qiymətinə dair mübahisəni istisna edir və bu səbəbdən hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz.
63. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
69. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev