Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6021/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı "icbari sığorta ödənişinin ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ildən xx.xx.1993-cü ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Həmin yaralanmaya görə İİ qrup əlil olmuşdur.Ona ödənilməli olan sığorta ödənişi üçün cavabdehə müraciət etsə də, ödənişi ala bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari hərbi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.1997-ci ildə qəbul edilmiş, xx.xx.1997-ci ildə Fərman imzalanmış və həmin qanun xx.xx.1997-ci ildə qüvvəyə minmişdir. Həmin qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbçilərə şamil edilməsi və qanunun geriyə qüvvəsinin olması barədə heç bir şərt yoxdur. Qanun iddiaçıya şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 10 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 25-ci maddələrinə istinad etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus, Qobustan rayon X8 Mərkəzi tərəfindən verilmiş 3 saylı əlillik vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibi İİ qrup əlildir. İş materiallarında olan AR SHXÇDX Qobustan Rayon Bölməsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, 53 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə yaralmışdır. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı oktyabr xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin 19 nömrəli X1 müayinə aktından 27/373 nömrəli çıxarışın surətindən görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar müddətsiz ikinci qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş. xx.xx.1993-cü il tarixli, 3193 saylı xəsarət haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı xəsarət alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması və nəticədə ikinci qrup əlil olması müəyyən edilmişdir. Odur ki, kollegiya qanunvericiliyin yuxarıda qeyd edilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizinin, yəni 6600 manatın iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Cavabdehin hərbi xidmətdən tərxis edilən gündən 10 il sonra əlillik dərəcəsi almasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əlillik dərəcəsinin verilməsinə səbəb olan xəsrət 1993-cü ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə alınığından sığorta hadisəsi həmin vaxtda baş vermiş sayılır. Qeyd olunan hal iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin xx.xx.2018-ci il tarixli, 53 saylı arayışı (i.v. 16) ilə müəyyən edilir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Odur ki, iddiaçıya onun xəsarət aldığı dövr üçün qeyd olunan qanunun tətbiq edilərək sığorta ödənişi edilməsi onun sığorta ödənişi hüququnun tanınması deməkdir ki, bu da iddiaçının hüquqi vəziyyətinin yaxşılaşmasını ehtiva etdiyindən cavabdehin apellyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, cavabdehdən 6600 manat məbləğində sığorta ödənişinin alınaraq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Dövlət X6 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6021/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6021/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver