Məhkəmə qərarları › İş №2(103)-6023/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6023/2025

06.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6023/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmməd oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilməmiş əmək haqqı və əlavə ödənişlər tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-4538/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səmdar Cəmiyyətinə qarşı ödənilməmiş əmək haqqı və əlavə ödənişlər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4538/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar əsassız və ədalətsizdir, çünki onun iddiasında dəqiq göstərilmişdir: işə başlama tarixi – xx.xx.2022 əmək müqaviləsinə xitam tarixi – xx.xx.2023 Faktiki işlə təmin olunduğu son tarix – xx.xx.2023 Əlavə iş saatları və gecə növbələri üçün ödənişlər verilməmişdir. Onun iddiası əmək haqqı deyil, əlavə iş saatları və gecə növbələrinə görə ödənilməmiş məbləğlərin alınması ilə bağlıdır. Bu ödənişlər hər ay üzrə hesablanmalı olduğundan, iddia müddəti hər ay üçün ayrıca müəyyən edilməlidir. Qərardadda göstərilən “iddia müddəti” və “mediasiya arayışı” ilə bağlı iradlar da əsassızdır, çünki o xx.xx.2024 tarixli pul tələbi mediasiya arayışını təqdim etmişdir. Bundan əvvəl e-2(005)-1338/2024 və e-2(005)-2569/2024 nömrəli işlərdə eyni məsələ üzrə vaxtında müraciət etmişdir. İddiaçı sadəcə hüquqi savadı olmayan və vəkil dəstəyi almadan müstəqil şəkildə öz hüquqlarını qorumağa çalışan vətəndaşdır, buna görə formal nöqsanlara görə ədalətli baxışdan məhrum edilməyi qanuna ziddir. Məhkəmə iddianın mahiyyətinə baxmadan, sırf formal səbəblərlə ərizəni geri qaytarmaqla Mülki Prosessual Məcəllənin 7-ci maddəsində nəzərdə tutulan ədalətlilik və bərabərlik prinsiplərini pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4538/2025 saylı, 10 oktyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən müxtəlif tarixlərdə elektron məhkəmə informasiya sistemi ilə cavabdehlə iddiaçı arasında mövcud olmuş məhkəmə işləri üzrə qərardadlar və qətnamələr, müxtəlif votsap yazışmaları və ərizələr yüklənilmişdir. İş üzrə cavabdehin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ünvanlamış, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən iddia tələbinin qeyri-müəyyən şəkildə irəli sürüldüyünə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 149.2.3-cü maddəsinin tələblərinə cavab vermədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquqularından biri də, qanunla qadağan olunmayan üsul və vasitələrlə hüquq və azadlıqların müdafiə edilməsidir. Bu müdafiə vasitələrindən biri də məhkəməyə müraciət hüququdur. Bu baxımdan, bütün fiziki və hüquqi şəxslər, özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər müəyyən olunmuşdur. Bu şərtlərdən biri də, MPM-in 149.2.3-cü maddəsində əks olunmuşdur. Belə ki, həmin maddəyə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblərin göstərilməsi zəruridir. İş materiallarında olan iddia ərizəsindən isə görünür ki, iddiaçı aydın olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmiş və MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə olduğu halda nəzərə alınmalıdır ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərinin pozulmasını əsas gətirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən yüklənilmiş sənədlər (ərizə, izahat, əlavə izahat və s) iddianın mahiyyəti üzrə xarakter daşıyır. Həmin ərizədə göstərilən arqumentlər iddianın məzmununa aid olub, məhkəmənin iddianı geri qaytarması barədə qəbul etdiyi qərardadın prosessual əsaslarını dəyişdirmədiyindən qərardadın ləğvi üçün hüquqi əhəmiyyət daşımır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət verilərkən irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4538/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar