Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6024/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: nikahın pozulması, uşağın hansı valideynin yanında qalması, aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 Əbdülqədir qızının, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-160/23 saylı iş üzrə 01 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Eşqin və xx.xx.2017-ci il təvəllüdlü Elcan adlı uşaqları anadan olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahın pozulması, uşaqların iddiaçının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 manat alimentin tutululması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, əvvəllər mehriban yaşasalar da sonradan cavabdehin qeyri-etik hərəkətləri (iddia ərizəsində qeyd edilib) səbəbindən münasibətləi pozulmağa başlamışdır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 avqust 2023-cü il tarixli, 2(009)-160/23 saylı qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmişdir.
5. Məhkəmə tərəflər arasında nikahın pozulmasını, nikah pozulduqdan sonra uşaqların üstün mənafelərini rəhbər tutaraq, uşaqların yaşını, onların hazırkı dövrdə atasının himayəsində və yanında olmasının onların tərbiyə və təhsilinə, uşağın psixi, fiziki və mənəvi cəhətdən inkişafına müsbət təsir edəcəyini nəzərə alaraq uşaqların atanın himayəsinə verilməsi, cavabdehdən hər uşağa görə 193 manat aliment tutulması barədə nəticəyə gəlmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin uşaqların atanın himayəsinə verilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, münasibətləri 2021-ci ildən Məzahirin dost, qonşu dediyi şəxslərə borcu üzündən, sosial şəbəkələrdə iddiaçının müxtəlif qadınlarla paylaşılan şəkilləri üzündən, üstəlik iddiaçının anasının xüsusilə azyaşlı Eşqini anadan ayırması nəticəsində münasibətləri pisləşmiş və faktiki ayrılmışlar. Halhazırda valideynləri ilə birlikdə yaşayır, şəxsi həyatında kimsə yoxdur. İddiaçı heç bir əsas olmadan onu əxlaqsızlıqda təqsirləndirir. Uşaqlar azyaşlıdırlar, ana ilə ünsiyyətə, ana qayğısına daha çox ehtiyacları vardır, lakin buna baxmayaraq uşaqlar məhz ata ilə deyil, nənə və baba ilə bir yerdədirlər, ana ilə isə ünsiyyətə qəti imkan verilmir, belə ki kənd nümayəndəliyinə, sahə müvəkkilinə cavabdeh nə qədər xahiş etsə də, yalvarsa da iddiaçı, xüsusilə iddiaçının anası yəni nənə və bibi uşaqları qəti olaraq ana tərəfə baxmağa belə icazə vermirlər. İddiaçının hərbçi olmasını, xüsusilə də hərbçi olması daima işdə olması azyaşlı uşaqlara necə və hansı şəraitdə baxması sual doğurur. Çox maraqlıdır ki, Qəyyumluq Komissiyası rəy verərkən körpə uşaqların psixoloji durumunu deyil, iddiaçının şəxsi mənafeyini əks etdirən bir rəy vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
12. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
13. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
14. Maddə 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar.
15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu
19. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən uşağın atanın himayəsində saxlanılması hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi həm qəyyumluq orqanının, həm də məhkəməpsixoloji ekspertizasının rəylərini nəzərə almaqla haqlı olaraq uşaqların atanın himayəsinə verilməsinin onların üstün mənafelərinə uyğun olduğu qənaətinə gəlmişdir.
23. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
24. Birinci instansiya məhkəməsində Qəyyumluq orqanı uşaqların atanın himayəsində saxlanılmasının məqsədəmüvafiqliyi barədə rəy verərkən 22 avqust 2015-ci il təvəllüdlü X3 fikrini də nəzərə almışdır. X6 orqanında dindirilərkən anasının onu incitdiyini, hədə-qorxu gəldiyini, yad kişini evə gətirməsini atasına söyləməməsini tələb etdiyini və s. göstərmiş və atası ilə qalmaq istədiyini bildirmişdir.
25. Eşqin Əmrahlının göstərdikləri Nizami Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əmri ilə də təsdiq olunur. Həmin əmrin məzmunundan aydın olur ki, iddiaçı evdə olmayarkən Rüfət Mikayılzadə adlı şəxs gecə xx.xx.2022-ci il tarixdə 01:00 radələrində onun yaşadığı ünvana - əvvəllər tanıdığı və münasibətdə olduğu cavabdehin yanına gəlmiş, iddiaçı qəflətən evə qayıtdıqda Rüfət balkona qaçmış, oradan qonşunun mənzilinin balkonuna keçmiş və bir müddət gözlədikdən sonra binanın dəmirlərindən sallanaraq aşağı düşmüş, evinə getmiş, səhəri işə gəlməmiş və yol verdiyi pozuntulara, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə X5 xidmətdən xariş edilmişdir.
26. İşə birinci instansiya məhkəməsində baxılarkən qəyyumluq orqanının məsələ ilə bağlı rəyi alınmaqla yanaşı məhkəmə-psixoloji ekspertizası da təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 11/271 saylı rəyi ilə müəyyən edilmişdir ki, 22 avqust 2015-ci il təvəllüdlü X3 hal-hazırda atasına bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anasına bağlılığı müəyyən olunmur. xx.xx.2015-ci il təvəllüdlü X4 əqli və psixi inkişafına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini iradəsinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikası və davranışında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Valideynləri arasındakı şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X3 emosional-iradi sferasına sirayət etmişdir.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3-cü maddələrinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
28. Həmin Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
29. Avropa İnsan Hüquqları Məhkəməsi “M. və M. Xorvatiyaya qarşı” iş üzrə 03 sentyabr 2015-ci il tarixli qərarında qeyd etmişdir:
30. “Hazırkı işdə Məhkəmə müəyyən edir ki, psixologiya və psixiatriya üzrə məhkəmə-tibbi ekspertlər belə qərara gəlmişlər ki, hər iki valideyn birinci ərizəçiyə, yəni azyaşlıya baxmaq üçün uyğundur. Bu ekspertlər eləcə də müəyyən etmişlər ki, azyaşlı qız anası ilə yaşamaq arzusunda olduğunu bildirmişdir. Bundan başqa Məhkəmə müəyyən etmişdir ki, hər iki valideyn eyni şəhərdə yaşayırlar və fasiləli himayə uşağın məktəb dəyişməsinə və ya öyrəşdiyi mühitdən ayrılması kimi hallarla üzləşmir. Bu səbəbdən də, Məhkəmə belə nəticəyə gəlir ki, birinci ərizəçinin (9 yaşında azyaşlı qızın) arzusuna hörmət edilməməsi Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən şəxsi və ailə həyatına hörmət hüququnu pozmuşdur.”
31. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında onların toqquşan maraqlarından azyaşlı uşağın zərər görməməsi üçün birinci instansiya məhkəməsi uşaqların öz valideynlərindən hansının yanında qalmasının onların maraqlarına daha çox cavab verdiyini aydınlaşdırmış və azyaşlı uşaqların bir-birindən ayrılmamasını və onların hər ikisinin atanın yanında saxlanılmasını məqsədə müvafiq hesab etmişdir.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli “Olsson İsveçə qarşı” iş üzrə qərarından görünür ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları bir-birindən ayrı yaşamağa məhkum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasındakı münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç höküməti üç qardaşı bir-birindən ayrı saldığına görə “İnsan Hüquqları və X2 üzrə Avropa Konvensiyası”nın şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq uşaqların hər ikisinin atanın himayəsinə verilməsini onların maraqlarına, həm də bu maraqlarda ifadə olunan ictimai mənafeyə uyğun sayır və qeyd edir ki, uşaqların atanın yanında qalması cavabdeh anaya mane olmur ki, bir valideyn kimi istədiyi vaxt uşaqları ilə ünsiyyət saxlasın və onların tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin.
34. Məhkəmə kollegiyasının qənaətinə görə valideynlər arasındakı münasibətdən asılı olmayaraq uşaqlar, yəni hazırkı işdə bacı-qardaşlar öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatına hörmət hüququna malikdirlər və onların birbirindən ayrı yaşamağa məhkum edilmələri bu hüququ pozmuş olar.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-160/23 saylı iş üzrə 01 avqust 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (uşaqların atanın himayəsində saxlanılması) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.