Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6026/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC-yə qarşı ("xxxx" ASC, Binəqədi rayon İcra şöbəsi, X10, X6, X11 və ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın keçirilməsinə dair protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X12, Üçüncü şəxs X4 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, Binəqədi rayon İcra şöbəsi, X10, X6, X11 və ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın keçirilməsinə dair protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(009)-956/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 MMC-nin xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyinə əsasən ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi 600000 manata qiymətləndirilmişdir.
2. 09 dekabr 2013-cü il tarixli, Y-360 saylı Hərracın nəticələri haqqında Protokola və Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2013-cü il tarixli müqaviləyə görə X5 məxsus ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini ipotekasaxlayan "xxxx" ASC 382500 manata almışdır.
3. xx.xx.2016-cı il tarixli, 4Ə-533 saylı Əmlakın alğı-satqısına dair notariat işinə əsasən AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC ünvan 1 ünvanda istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 1/3 hissədə X7 333333 manata, 1/3 hissəsini X2 333333 manata və 1/3 hissəsini X8 333333 manata - cəmi ******* manata satmışdır.
4. Müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 600000 manat məbləğində kredit verilmişdir. xx.xx.2007-ci il ipoteka müqaviləsi ilə iddiaçıya məxsus olan ******* manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında istifadədə olan 0,24164 ha torpaq sahəsində yerləşən 22571.1 kv.m ümumi, 1.461 kv.m əsas, 796.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1298/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 600.000 manat əsas borc, 240.350 manat faiz borcu və 5.000 manat dəbbə pulunun, xx.xx.2007-ci il tarixli müqavilə üzrə 400.000 manat əsas borc, 171.789 manat faiz borcu və 4.000 manat dəbbə pulunun, 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-in xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, açıq hərracdan satıldıqdan sonra əldə olunmuş məbləğin hesabına kredit müqavilələri üzrə yaranmış borcun Banka ödənilməsi, kredit borcu Banka ödənildikdən sonra isə qalan məbləğin X3ytarılması müəyyən edilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə əmlak kompleksinin qiymətləndirilməsi üçün Cavabdeh2 MMC-nin qiymətləndiricisi dəvət edilmiş və xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair rəy ilə əmlak kompleksi 600000 manata qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mübahisəli mənzil Binəqədi rayon İcra şöbəsinin sifarişi əsasında hərraca çıxarılmışdır. İlkin satış qiyməti 600000 manat müəyyən edilmişdir. Keçirilmiş hərrac və təkrar hərrac baş tutmadığı üçün, ipoteka predmeti ipoteka saxlayan "xxxx" ASC tərəfindən 382500 manata alınmışdır. xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC əmlak kompleksinin 1/3 hissədə X7 333333 manata, 1/3 hissəsini X2 333333 manata və 1/3 hissəsini X8 333333 manata - cəmi ******* manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən verilmiş 26 aprel 2013-cü il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş Hərracın yekunları barədə xx.xx.2013-cü il tarixli, Y-360 saylı protokolunun, “hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə xx.xx.2013-cü il tarixli müqavilənin, həmçinin "xxxx" ASC ilə X10, X6, X11 arasında Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində maraqlı şəxslərin adlarına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ipoteka ilə yüklü edilmiş əmlak kompleksi kredit müqaviləsinin təminatı kimi Banka təqdim edilən zaman "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən hələ xx.xx.2007-ci il tarixdə 1.742.800 manat məbləğində qiymətləndirilmiş və ipoteka ilə yüklü edilmişdir. Əsassız olaraq 600.000 manata qiymətləndirilmişdir. Daha sonra hərraca çıxarılmış, guya hərracda 600.000 manata alınmadığı üçün Bank tərəfindən 382500 manata Bankın balansına götürülmüşdür. Bank tərəfindən əmlak kompleksi balansa qəbul edildikdən sonra xx.xx.2016-cı ildə yenidən 1.000.000 manata X7 1/3 hissə, X2, 1/3 hissə və X8 1/3 hissə olmaqla satılmışdır. "xxxx" ASC tərəfindən 1.742800 manata qiymətləndirilib girov götürülərək 600.000 manat kredit verilmiş, həmin kredit müqaviləsi üzrə illərlə faizlər ödənilmiş daha sonra həmin əmlak 382.000 manata balansa götürülüb, yenidən 1.000.000 manata satılmaqla əmlakı hesabına Bank əsassız olaraq xeyli miqdarda qazanc götürmüş, ona isə külli miqdarda ziyan vurmuşdur. Nəticədə isə bir neçə müddət əvvəl "xxxx" ASC tərəfindən kredit götürən "xxxx" MMC-yə qarşı bir milyon borcunun qaldığı barədə məlumat verilmişdir. İcra mərhələsində ona məlumat verilməmişdir. Halbuki, Bank tərəfindən 1.742800 manat dəyərində qiymətləndirilərək götürülmüş əmlak real bazar dəyərinə qanunun tələbinə uyğun satılmalı və satıldıqdan sonra təminat kimi təqdim etdiyi borc məbləği ödənilməli və qalan 1.142800 manat ona qaytarılmalı idi. Ona görə ki, əmlakını yalnız 600.000 manat məbləğində borcun təminatı kimi "xxxx" ASC-yə təqdim etmişdir. Lakin Bank əmlakı iştrakı olmadan qat-qat aşağı qiymətləndirib, daha sonra isə hərrac barədə ona məlumat verilmədən öz istəyinə uyğun çox-çox aşağı qiymətə hərracdan götürərək ona bir milyon manatdan artıq maddi zərər vurmuşdur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 iyul 2023-cü il tarixli 2(009)-956/2023 nömrəli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilməmişdir.
8. Məhkəmənin göstərmişdir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2379/2012 saylı, xx.xx.2022-ci il tarixli qərardadından aktından görünür ki, İddiaçı birinci və apellyasiya instansiya məhkəməsində nümayəndəsi Kazımov Əbülfəz vasitəsilə təmsil olunmuş, nümayəndə məhkəmə iclaslarında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsində tərəfindən xx.xx.2012-ci il tarixli qətnaməsinin surəti cavabdeh İddiaçı qeydiyyat ünvanları olan ünvan 3i, Nəsimi rayonu, 28 may küçəsi, ev 14, mənzil 81 ünvanları üzrə göndərilmiş, qətnamə ünvan 5 ünvanından xx.xx.2012-ci il tarixdə SS055489305AZ saylı sifarişli poçt qəbzini imza edilməklə qəbul edilmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X14 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05,2012-ci il tarixli, 2(103)-2379/2012 saylı qətnaməsindən məlumatlı olmuşlar. Onların hərracın keçirilməsindən və əmlakın banka verilməsindən də məlumatları olmuşdur.
9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bərpası üçün məhkəməyə müraciət etmədiyindən və bununla da müraciət müddəti ötürdüyündən, iddia tələbləri təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416, 372.1, 372.2, 354.1, 354.2, 373, “İpoteka haqqında” Qanunun 33, 41.2, 42.1, 43.1.1, 42.5, 42.6, 43.5, 44, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. İşin hazırda mübahisələndirilən halı əvvəlki məhkəmə qətnaməsində mövcud olmayıb. Sözügedən qətnamədə əmlakın qiyməti göstərilməmişdir. Əmlakın qiymətləndirilməsi barədə vəsatət əsassız rədd edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Üçüncü şəxs "xxxx" ASC tərəfindən apellyasiya şikayətinə etiraz ünvanlanmış, apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Üçüncü şəxs ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Üçüncü şəxs Rövşən Abbasovun vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi ipoteka ilə yüklü edilərkən dövlət mülkiyyətində olmuş, lakin bu hal nəzərdən qaçdığı üçün yüksək qiymət qoyulmuşdur. Təmsil etdiyi şəxs kompleksin bir hissəsini aldıqdan sonra orada rekonstruksiya işləri görmüşdür.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
19. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
20. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
21. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
22. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
23. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
31. Kollegiya qeyd edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddia tələblərinə düzgün qiymət verərək, əsaslandırmamışdır. Məhkəmə ümumi və xüsusi iddia müddətləri, habelə kəsici müddətdən bəhs edən bir sıra normaları sadalasa da, hansı tələbə hansı müddəti tətbiq etdiyini əsaslandırmamışdır.
32. Qeyd olunan hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.
33. Göründüyü kimi iddiaçının tələbi bir neçə hissədən ibarət olmaqla, əsas tələb qiymətləndirmə rəyinin ləğv edilməsindən ibarətdir.
34. Kollegiya əvvəla iddia müddəti ilə bağlı qeyd edir ki, əsas tələb olan qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə münasibətdə 10 illik ümumi iddia müddəti tətbiq edilir ki, iddiaçı tərəfindən də həmin müddət ötürülməmişdir. Belə ki, qiymətləndirmə rəyi xx.xx.2013-cü il tarixdə tərtib olunduğu halda, iddia ərizəsi məhkəməyə xx.xx.2023cü il tarixdə daxil olmuşdur.
35. Hərracın nəticələrinin etibarsızlığı hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, bu tələblərə iddia müddəti ümumiyyətlə şamil edilmir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur.
37. Bundan başqa “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardada əsasən etibarsızlığın aşağıdakı dörd növü fərqləndirilmişdi: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Göstərilmişdir ki, etibarsız sayılması üçün məhkəmə qərarı tələb olunan əqdlərlə bağlı mübahisələrə baxılarkən də qarşı tərəfin əqdin etibarsızlığı barədə dəlilləri məhkəmə tərəfindən əsaslı hesab edildiyi və əqdin etibarsızlığı müəyyən olunduğu halda son nəticədə əqd məhkəmə qərarı əsasında etibarsız hesab edilmiş olur. Mülki qanunvericilikdə belə əqdlərin maraqlı şəxsin iddiası üzrə etibarsız sayıla bilməsi barədə norma (məsələn: Mülki Məcəllə, maddə 416.1) yuxarıda ifadə olunmuş mövqe ilə hər hansı ziddiyyət təşkil etmir, çünki bu prosessual mənada iddianın irəli sürülməsini deyil, maddi hüquqi mənada əqdin etibarsızlığına dair istənilən formada iradəsinin bildirilməsini ehtiva edir. ... Məhkəmə təcrübəsində bəzi hallarda “əqdi mübahisələndirmək” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülür. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir.
38. Göründüyü kimi hərracın keçirilməsinin etibarsızlığı məhkəmə qərarı əsasında etibarsız sayılan əqdlər kateqoriyasına daxildir.
39. Hərracın keçirilməsinin etibarsızlığı ilə bağlı tələblər isə mülkiyyətin müdafiəsinə yönəlmiş tələb olmaqla, belə tələblərə iddia müddəti tətbiq edilmir.
40. Belə ki, bu işlərdə iddiaçı məcburi hüquq qaydalarının (hərracın keçirilmə qaydalarının) pozulması nəticəsində mülkiyyət hüququnun müdafiəsini tələb edir. Məcburi hüquq qaydalarının pozulması ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinin əhəmiyyətsiz əqdlərdən fərqi odur ki, bu əqdin etibarsızlığı məhkəmə aktı ilə əmələ gəlir, lakin əqd bağlandığı andan etibarsızdır. Hərracdan bağlanmış əqdin etibarsız sayılması üçün məhkəmə aktı ona görə tələb olunur ki, iddiaçı onun keçirilməsinə müdaxilə etmək, yəni hərracın keçirilməsi qaydalarına müdaxilə etmək imkanında olmur və iddia ərizəsi ilə o, yalnız hərracın qanunvericiliklə nəzərdə tutulmuş qaydalar pozulmaqla keçirilməsi əsası ilə onun nəticələrini mübahisələndirir.
41. Təsadüfi deyildir ki, mübahisələndirilən əqdlərdə də iddia müddəti yox, kəsici müddətlər tətbiq olunur, yəni mübahisələndirilən əqdlər də iddiaçının tələbi mülkiyyətin müdafiəsinə yönəlir, ancaq həmin əqd onun iştirakı ilə bağlandığı üçün iradəsinin zədələnməsi nəticəsində həmin əqdi 1 il müddətində mübahisəlndirə bilər, yəni həmin müddət iddia müddəti deyil, subyektiv hüququn həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddətdir.
42. Etibarsız əqd hüququ nəticə yaratmır, əmlak şəxsin mülkiyyətində qalmaqda davam edir və şəxs mülkiyyətini müdaifə edir. Qanun pozuntusu ilə keçirilmiş hərrac nəticəsində də əmlak onu əldə edənin mülkiyyətinə qarışmır.
43. Yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə Kollegiya hesab edir ki, iddiaçının tələbləri əsassız olmaqla rədd edilməlidir.
44. Qeyd olunduğu kimi, əmlak kompleksinin qiymətləndirilməsi və onun barəsində hərracın keçirilməsi təxminən 10 il əvvəl baş vermiş, hərracın keçirilməsinə əsas təşkil edən qətnamədən hazırki iş üzrə iddiaçının məlumatı olmuş, o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmçinin iddiaçının borcu üçün əmlakını ipoteka ilə yüklü etdiyi "xxxx" MMC qətnamədən məlumatlı olmuşdur.
45. Eyni zamanda iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2379/2012 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərardadından müəyyən edilir ki, əvvəlki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2379/2012 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə İddiaçı Abdolmanaf tərəfindən 2022-ci ildə ərizə verilmiş, həmin ərizənin rədd edilməsi barədə qərardadda göstərilmişdir ki, ipoteka predmeti olan İddiaçı Abdolmanaf oğlunun mülkiyyətində olmuş əmlak 09 dekabr 2013-cü ildə hərracın nəticələri haqqında protokola əsasən ipotekasaxlayan "xxxx" ASC tərəfindən əldə edilməsinə baxmayaraq, 9 il ərzində İddiaçı Abdolmanaf oğlunun öz apellyasiya şikayətinin nəticəsi ilə bağlı məlumat almaması inandırıcı görünmür.
46. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X20 Hüqüqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakı təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”
47. Həmçinin həmin qərardaddan o da müəyyən edilir ki, həmin iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X14 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2012-ci il tarixli, 2(103)-2379/2012 saylı qətnaməsindən məlumatlı olmuşlar. Onların hərracın keçirilməsindən də məlumatları olmuşdur. Əmlak banka verilmişdir. Onları narahat edən məsələ əmlak banka veriləndən sonra onlardan pul tələb olunmasıdır.
48. Bu mənada Kollegiya hesab edir ki, hər hansı şəxsin 2007-ci ildə ipotekaya qoyduğu əmlakın taleyindən 10 ildən artıq müddət ərzində xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında onun keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir. Bu qədər müddət ərzində iddiaçı özü də maraqlı olmalı və əmlakının taleyi ilə maraqlanmalı idi, onun əmlakı ilə bağlı hərəkətsiz qalmağı da inandırıcı və ağlabatan deyildir.
49. Həm də nəzərə alınmalıdır ki, iddiaçı, məhkəmənin əks nəticəyə gəlməsinə imkan verəcək heç bir sübut təqdim etməmişdir.
50. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
51. Mülki Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.
52. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
53. Oxşar mövqe X13 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
54. Beləliklə Kollegiya belə qənaətə gəlir ki, iddiaçının hazırki tələbi hüquqdan suiistifadəyə yönəlmişdir, qüvvədə olan məhkəmə qərarlarına əsasən müəyyən edilir ki, iddiaçı məlumatlı olmuşdur. Digər iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəyə baxılarkən də müəyyən edilmişdir ki, hərracın keçirilməsindən məlumatları olmuş, əmlak banka veriləndən sonra "xxxx" MMC-dən pul tələb olunduğu üçün həmin ərizə ilə müraciət etmişlər.
55. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hazırda həmin əmlak kompleksi müxtəlif şəxslərə satılmış və yeni mülkiyyətçilər tərəfindən əldə edildikdən sonra müxtəlif işlər görülmüş, dəyişikliklər aparılmış, yəni 10 ilə yaxın müddət keçdiyindən, həmin dövrdəki əmlak artıq olduğu kimi mövcud deyildir. Hazırda mövcud olan əmlakın qiyməti də fərqli olacaqdır.
56. Kollegiya hesab edir ki, əmlak kompleksininin özünü təhvil verməsi də iddiaçının hazırda mübahisələndirdiyi qiymətləndirmə rəyindən və keçirilmiş hərraclardan, habelə hərracın baş tutmaması səbəbindən bankın əmlakın aşağı qiymətlə əldə etməsindən məlumatlı olduğunu bariz göstərən arqumentlərdən biri hesab olunur. 2016-cı ildə həmin kompleksi əvəzli əldə etmiş cavabdehlər X10, X6 və X11 isə vidanlı əldə edən hesab olunurlar.
57. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qiymətləndirmə rəyinin ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab olunması barədə tələblər əsassız olduğundan rədd olunmalıdır. Həmin tələblər rədd olunduğundan, iddianın qalan hissəsi də təmin oluna bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-956/2023 nömrəli iş üzrə 28 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, Binəqədi rayon İcra şöbəsi, X10, X6, X11 və ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın keçirilməsinə dair protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.