Məhkəmə qərarları › İş №2(103)-6030/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6030/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6030/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh zərərin əvəzi olaraq 86.800 manat və ödənilmiş dövlət rüsumu kimi 30 manatın tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, işin mübahisə olunmayan hallarını nəzərdən keçirmək kifayət edir ki, iddianın əsaslılığı müəyyən olunsun. Belə ki, əkilən və becərilən torpaq sahələrinin iddiaçının mülkiyyətində olması, torpağın əkilməsinə görə dövlət tərəfindən iddiaçıya subsidiyanın ödənilməsi, lizinqə götürülməklə iddiaçının istifadəsində təyinatlı kənd təsərrüfatı texnikalarının olması (cavabdeh bu halı mübahisələndirməmişdir), cavabdehin heç bir qanuni əsas olmadan sahədəki məhsulu yığaraq satması və gəlir etməsi işin mübahisəsiz halları olmaqla, irəli sürülən iddianın əsaslılığına dəlalət edir. Digər tərəfdən, cavabdehin məhsulun satışından əldə olunan vəsaitin hansı məbləğdə olması barədə həm iddaçının, həm də məhkəmənin suallarını cavablandırmaması və buna dair hər hansı sənədi məhkəməyə təqdim etməməsi də iddiaçının xeyrinə həll olunmalıdır. Çünki məhsulun satışından əldə olunan gəlir həqiqətən də, cavabdehə aid olsaydı, o məbləği bu qədər gizli saxlamağa çalışmazdı. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddaçı satılan məhsulun növünü və dəyərini sübut etməmişdir. Halbuki, cavabdehin satılan məhsulu hara və hansı məbləğdə satması bu məsələyə aydınlıq gətirərdi. Çünki cavabdeh məhsulu satdığını və gəlir əldə etdiyini gizlətməmişdir, sadəcə olaraq, əldə etdiyi gəliri açıqlamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabddeh və nümayəndəsi isə, şikayətə etiraz edərək, həmçinin bildirmişlər ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sözügedən torpaq sahələri, iddiaçıya məxsus olsa da, cavabdeh tərəfindən əkib-becərilmişdir. Qardaş olduqları üçün aralarındakı razılığa əsasən, həmin torpaq sahələrində əkin işləri cavabdeh tərəfindən həyata keçirilməli, aparılan əkinlərə görə subsidiya isə iddiaçıya ödənilməli idi. Buna müvafiq olaraq da, 2019-cu il üzrə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilmişdir. Tərəflərindən torpaq sahəsinin əkilib-becərilməsinə dair kifayət qədər sübut təqdim edilsə də, iddiaçı tərəfdən isə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, Oğuz RPŞ-də iddiaçının müraciəti əsasında araşdırma aparılarkən ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən əkilib-becərilməsi izahatı alınmış şəxslərin dedikləri ilə öz təsdiqini tapmış və xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna görə də, cavabdehin əməlində heç bir mülki hüquq pozuntusu yoxdur. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 2019-ci ildə Oğuz rayonu Bucaq kəndində yerləşən 57,03 ha torpaq sahəsində aparılan əkinlərə görə 5132,70 manat, Oğuz rayonu, Calut kəndində yerləşən 6,99 ha torpaq sahəsində aparılan əkinlərə görə 629,10 manat məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilmişdir. Hazırda, iddiaçı, özünəməxsus torpaq sahələrində aparılan əkin işləri üzrə 2019-cu il üzrə əldə ediləcək məhsulun (taxıl) cavabdeh tərəfindən özbaşına biçilərək, satıldığını bildirməklə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin iddiaçı cavabdehdən ona dəymiş maddi zərərin əvəzinin tutulması tələbini rədd etmək barədə gəldiyi qənaət əsaslıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə isə, İddiaçı, tələbinin hüquqi əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı, sözügedən torpaq sahəsində hansı növdə məhsul əkməsini, bu məhsulun haradan alınmasını, məhsulun yetişdirilməsi üçün çəkilən xərcləri, mübahisə edilən dövrdən öncəki illər üzrə yetişdirilmiş məhsul üzrə hansı həcmdə gəlir əldə edilməsini, hansı qaydada məhsulun realizə edilməsini və s. kimi halları kifayət qədər mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Belə olan halda, cavabdehin əməlinin (məhsulu götürməsi və satması) hüquqazidd olması təsdiq edilməmişdir. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcud deyil. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-521/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar