Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6034/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(007)-1614/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Arif qızı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 mart 2019-cu il təvəllüdlü X1 üçün hər ay Cavabdeh aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin və 28 mart 2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay ona 100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə 24 iyul 2017-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 28 mart 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan 24 iyul 2017-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və birgə nikahdan olan 28 mart 2019-cu il təvəllüdlü X2 onun himayəsində qalması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh ilə xeyli müddətdir ki, ayrı yaşayır. Cavabdeh bu müddət ərzində ailəsi ilə maraqlanmayıb və ailəni maddi cəhətdən təmin etməyib. Onun və övladını maddi cəhətdən imkanları daxilində öz ailə üzvləri təmin edir. Buna baxmayaraq, o, hal-hazırda maddi cəhətdən çətinlik çəkir. Buna görə də o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh hal-hazırda Milli ÖN MMC-də administrator vəzifəsində işləyir və 1000-1200 manat civarında əmək haqqı alır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(007)-1614/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 28 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 fevral 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment və 28 mart 2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı Arif qızının xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, övladı X2 3 yaşına çatanadək saxlanılması üçün İddiaçı 50 manat sabit pul məbləğinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Banklardan 20000 manat məbləğində götürdüyü kreditlər üzrə ödənişlər edir. Onun kredit ödənişləri aylıq 730 manat təşkil edir. Şəxsi mənzili olmadığı üçün 300 manat kirayə haqqı ödəyir. Onun əmək haqqı 900 manat təşkil edir. O, uşağın 3 yaşına çatana kimi aliment ödəməkdə çətinlik çəkir. İddiaçı özü 264 saylı orta məktəblitseydə lobarant işləyir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, ona verilər suallara cavab olaraq qeyd etdi ki, o, hal-hazırda 1090 manat əmək haqqı alır. Banka pul ödəyir, ev kirayəsi üçün pul verir. Uşağın 3 yaşına çatana kimi 50 manat ödəniş edilməsi üçün çətinlik çəkir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tərəflərin birgə nikahlarından olan uşağın 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasının qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh ancaq həmin hissədə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayət əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından 28 mart 2019-cu ildə X4 adında bir uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaq iddiaçının yanında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin “Mərkəzi filialı” tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh 900,05 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1-hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Qanunvericiliyin tələbindən göründüyü kimi, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad alimentin ödənilməsini tələb etmək üçün digər tərəf zəruri vəsaitə malik olmalıdır. İş materiallarından görünür ki, cavabdeh hal-hazırda işləməklə özünün qeyd etdiyi kimi 1090 manat əmək haqqı alır. Kollegiya apellyatorun banka aylıq kredit borcunu ödəməsi və kirayə haqqı verməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd olunan hallar cavabdehi uşağı saxlamaq vəzifəsindən azad etmir. Kollegiya məhkəmənin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(007)- 1614/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6034/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6034/2021
23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver