Məhkəmə qərarları › İş №2(103)-6036/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6036/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6036/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: aliment, alimentin miqdarının dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1340/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında 16 avqust 2019-cu il tarixdə rəsmi nikah bağlanmış, həmin nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(005)- 1178/2020 saylı qətnaməsi ilə pozulmuşdur.

2. 21 may 2020-ci il tarixdə tərəflərin birgə nikahlarından bir uşaqları doğulmuşdur (işdə olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, AZ-İV 538379 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır).

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək hər ay 500 manat məbləğində aliment tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir (iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir).

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 16 avqust 2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1178/2020 nömrəli, 02 mart 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həmin vaxtı o, hamilə olmuş və buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etməmişdir. Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 21 may 2020-ci il tarixdə X2 doğulmuşdur. Hazırda alimentin təyin edilməsinə ciddi surətdə zərurət yaranmışdır. Cavabdeh uşağın saxlanılmasında qətiyyən iştirak etmir. Bütün maddi tələblər onun üzərindədir. Hesab edir ki, minimum yaşayış səviyyəsinə uyğun olaraq cavabdehdən 500 manat məbləğində aliment alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Hazırda digər nikahdan olan uşaqlara görə aliment ödəyir. Odur ki, aliment təyin edərkən, bu halın nəzərə alınmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1340/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin olunmuş, 21 may 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, alimentin tutulması vaxtının 05 iyul 2021-ci il tarixindən hesablanması, iddianın qalan hissədə təmin ediməməsi, Cavabdeh 35,60 manat pulun alınıb dövlət büdcəsinə köçürülməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, tərəflərin birgə münasibətindən 21 may 2020-ci il təvəllüdlü X2 doğulmuş, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar, azyaşlı uşağı isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 500 manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladlarının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilməlidir ki, cavabdeh hazırda digər nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəyir. Bu səbəbdən də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1420/2019 nömrəli 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin 260 manat sabit pul məbləğində aliment ödəməsi nəzərə alınmalıdır. Odur ki, məhkəmə 21 may 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini daha məqbul hesab etmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, alimentin tutulması 14 fevral 2022-ci il tarixdən başlayaraq hesablanmalıdır.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 100.2 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın tam təmin olunmalı olması və s. göstərilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

17. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir.

18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər.

20. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. AM-nin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursaç, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

24. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

30. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

31. Maddə 402. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apelyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

36. İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən – tərəflər arasında 16 avqust 2019-cu il tarixdə rəsmi nikah bağlanmış, həmin nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(005)-1178/2020 saylı qətnaməsi ilə pozulmuş, bundan sonra, yəni 21 may 2020-ci il tarixdə tərəflərin həmin nikahlarından bir uşaqları doğulmuşdur

37. Birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən cavabdehin digər nikahdan olan uşaqlarına aliment ödəməsi (iki uşağın hər biri üçün 130 manat olmaqla) halını nəzərə almış, bu səbəbdən də hazırki iş üzrə alimentin miqdarını 130 manat müəyyən etmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir.

39. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. (bax: 23-cü bənd).

40. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (bax: 24-cü bənd).

41. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir (bax: 25-ci bənd).

42. Belə olan halda isə birinci instansiya məhkəmsinin müəyyən etdiyi 130 manat aliment azyaşlı uşağın saxlanılması üçün kifayət qədər az olmaqla, qanunvericiliyin tələblərinə, eləcə də azyaşlının üstün maraqlarına uyğun deyildir.

43. Bununla yanaşı, cavabdeh tərəfindən digər uşaqlarına sabit pul miqdarında aliment ödəməsi halı özü-özlüyündə hazırki iş üzrə alimentin miqdarının kifayət qədər az məbləğdə müəyyən olunmasına qanuni əsas təşkil edə bilməz.

44. Eyni zamanda işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsindən göründüyü kimi, digər iki uşağın saxlanılması üçün 130 manat aliment hələ 2019-cu ildə müəyyən olunmuş, həmin vaxtdan üç ildən çox müddət keçmiş, yaşayış minimumu, uşaqların saxlanılması üçün digər xərclər artmışdır. Belə olan vəziyyətdə birinci instansiya məhkəməsinin hazırki iş üzrə də eyni məbləğdə aliment müəyyən etməsi düzgün olmamışdır.

45. Cavabdehin etirazında şikayətində göstərdiyi dəlillər (maddi imkanının aşağı olması, digər nikahdan da iki uşağının olması, onlara aliment ödəməsi və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsindən azad etmir.

46. Lakin alimentin miqdarının iddia tələbində göstərilən məbləğdə (500 manat) də müəyyən edilməsi qanuni və əsaslı sayıla bilməz.

47. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin qeyd edilən normalarının tələblərini, eləcə də azyaşlının üstün maraqlarını nəzərə alaraq hesab edir ki, alimentin miqdarının hər ay sabit pul miqdarında 170 manat müəyyən edilməsi qanuni və ədalətlidir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay sabit pul miqdarında 170 manat müəyyən edilməlidir.

49. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 383, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1340/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin, cavabdehdən 21 may 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləği hər ay sabit pul miqdarında 170 (bir yüz yetmiş) manat müəyyən edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar