Məhkəmə qərarları › İş №2(103)-6038/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6038/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6038/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh mülki iş üzrə (Açar sözlər: su sızması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-155/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzil İddiaçı, həmin ünvanda yerləşən 83 nömrəli mənzil isə Cavabdeh mülkiyyətindədir.

2. 5 saylı MKİS tərəfindən tərtib edilmiş Aktda göstərilmişdir ki, Səməd Vurğun küçəsi 1 saylı evin 45 saylı mənzilin sahibi İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə MKİSnə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə onun yaşadığı mənzilinin üst mərtəbəsində yerləşən 83 saylı mənzildən (mənzil sahibi Cavabdeh) su axıntısı baş verib. Mənzilə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, 83 saylı mənzildən su axması nəticəsində 45 saylı mənzilin mətbəx otağına ziyan dəymişdir. Belə ki, mətbəx otağının divar kağızların bir hissəsi qopub, tavanın bir hissəsi yararsız hala düşüb, elektrik xətlərində qısa qapanma müşahidə olunub (hal-hazırda mətbəxdə işıq yoxdur), laminat döşəməsi 2 kv.m sahəsi nəmişlikdən şişib. 83 saylı mənzilin sahibi tərəfindən su xətti bağlanıldı və 45 saylı mənzilə axan suyun qarşısı alındı. Baxış keçirilən zaman su axıntısı aşkar olunmayıb.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı "maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin 10.000 manat dəyərləndirərək, həmin məbləğin, habelə ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan və ailə üzvləri ilə daimi yaşadığı ünvan 1, 45 nömrəli mənzil binanın 2-ci mərtəbəsində yerləşir və həmin mənzilin üstündə, yəni 3-cü mərtəbədə cavabdeh yaşayır. Ona məxsus mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır və DƏDRX tərəfindən ona reyestrdən çıxarış verilmişdir. Uzun illər ərzində artıq neçənci dəfədir ki, yuxarı qonşusunun səhlənkarlığı nəticəsində ona məxsus mənzilə su və çirkab su sızması halları baş verir. Son hadisədən sonra o, sahəyə xidmət edən 5 saylı MKİS-nə müraciət etmiş və həmin qurumun rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən xx.xx.2023-cü il tarixdə hər iki mənzilə baxış keçirilmiş, akt tərtib edilmişdir. Həmin akta əsasən müəyyən edilir ki, cavabdehə məxsus 83 saylı mənzildən su axması nəticəsində alt mərtəbədə yerləşən 45 saylı mənzilin mətbəxinə ziyan dəymişdir. Nəticədə ona məxsus 45 saylı mənzilin mətbəx otağının divar kağızları qopub, tavanın hissəsi yararsız hala düşüb, elektrik xətləri qısa qapanma nəticəsində sıradan çıxıb, laminant döşəmə şişib. Bundan sonra tanış ustaya müraciət etmiş və mövcud olan zərər barədə xəbər vermişdir. Usta təmir üçün sərf ediləcək inşaat materiallarını, divar kağızlarını və sair materialları hesablayaraq 5.000 manat material pulu, əlavə olaraq 5.000 manat zəhmət haqqı istəmişdir. Hesab edir ki, mənzilinin təmirinə cavabdehin mülki-hüquq pozuntusu nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün həmin pul vəsaitləri cavabdehdən tutularaq ona ödənilməlidir.

5. Cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, o, həqiqətən də Səməd Vurğun küçəsi ev 1, mənzil 83-də 27 ildir ki, yaşayır. Sözü gedən ünvanda sıxlaşdırılmış şəraitdə (uplatneniya şəraitində) ömür sürmüş, yanındakı qonşular yaşlı olduqları üçün nəinki qapılarından içərini, bayır hissələri də yığışdırıb qaydaya və səliqəyə salmaq onun borcuymuş kimi hərəkət etmişdir. Onlar bura yeni yerləşəndə istifadə etdikləri ümumi sanitar qovşağının turbaları da (belə ki, ümumi 3 ayaqyolu kabinası mənzillərindən xeyli kənarda pilləkən marşının üstündə yerləşir. Bu ayaqyollarından 6 ailə istifadə edirdi), mənzilin içərisində yerləşən su ötürücü borular da hamısı çuqundan idi və onların yəqin ki, bir 50 yaşları vardı, xeyli keçəndən sonra qonşusu Nina xalanın mənzilinin altını yenicə almış Vüsalə qonşu ona şikayətə gəldi ki, onun evə giriş qapısının üzərindən kanalizasiya borusundan su tökülür. Vüsalənin hamam otağı da qonşuların ümumi ayaqyollarının altında yerləşir. Amma elə cür yerləşir ki, onlarınkılarla Vüsalənin hamamı arasında açıq mərtəbə var və onların kabinalarının altı, oradan çıxan borular görünür. Hətta, bərbad halda olub az qala qəza vəziyyətində olan bu sanitariya qovşağını nəhayət 2012-ci ildə Səbail rayon İcra Hakimiyyətinin göstərişi ilə yüksək səviyyəli təmir etmişlər. O ildən bu ilə kimi kabinaların altında bir damcı su görünməyib. İddiaçı isə indi yaşadığı mənzili həmin təmirdən sonra alıb. İddiaçının ərizəsi ilə bağlı qeyd edir ki, yeni qonşusu Şəhla xanım 2023-cü ilin avqust ayından ona bitişik olaraq aldığı evini təmir edir, ustalar ilnən burada işlədikləri üçün bu bina və həyətdə artıq onları hamı tanıyır və müəyyən işləri onlara gördürürdülər. O cümlədən onun evində də yuxarıda qeyd etdiyi 20 il bundan əvvəl dəyişdirilmiş boruları da Rasim usta yeniləmiş və o, boruları döşəmənin altından keçirmişdir. İçəridə onların balaca bir kabinası, onun da içərisində su və paltar yuyan maşınları olmuşdur. Həmin kabinanı da yeniləyib qranit örtüklə işlədib yeni bir rakovina, maşının yerinə isə nəhayət iyirmi yeddi ilin başında bir çanaq (unitaz) qoymuşlar. Bir gün (oktyabrın ilk on günlüyü idi) həmin çanağı və əl-üz yuyanı ustalar qoşub sınaq üçün bir vedrə bəlkə vedrə yarım su tökdülər və mənə “müəllimə gördünüzmü hər şey qaydasındadır!” dedilər, yarım saat keçməmiş Vüsalə onların üstünə gəldi nə gəldi ki, bəs onun tavanından su tökülüb stolunun üstündə də yığılıb qalıb. Evdə deyildik indi gəldik və gördük. Ustalar (Nazim, Sərhad) və o dərhal aşağı endik həqiqətən də Vüsalənin qapısı açılan kimi onun girəcəkdə olan stolunun üstündə yığılıb qalmış suyu gördük. Bura tökülən su isə təzə turbadan keçmiş tərtəmiz sınaq suyu idi iyrənib eləmə dedim” və biz yuxarı qalxıb su tökülən yerə uyğun gələcək yeri müəyyənləşdirdik (bizim giriş qapısının bayır tərəfində olduğuna qərar verdik. Yeri gəlmişkən deyir ki, onun da baza təhsili mühəndislikdir). Ustalar həmən oradakı döşəmə örtüyünü sökdülər. Həqiqətən su oradan tökülmüşdü. Saat birə işləmişə qədər o boruların da, içəridə olan boruların da su sızdırmadığına, əmin olub çıxıb getdilər. O minvalla onlar tam əmin olmaq üçün düz bir həftə o borulardan su keçirmədik ki, tam qurusun və möhkəm olsunlar. O həftə ərzində o, Vüsalə ilə görüşmüş Vüsalə sənə “20 manat verə bilirəm bu pula müşəmbə al stolunun üstünə və 10 manat da verərsən MİS-in elektrikinə o işığa baxsın hər ehtimal. Vüsalə isə ona siz mənim işıqlarımı da, lambrinimi də, laminatımı da düzəldəsisiniz!” dedi. “Bizə qədər olan şeyləri mən düzəltdirməyə borclu deyiləm” demişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 2231/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9901 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzilin hamam-ayaqyolu tikilisinin tavanı üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin hamam-ayaqyolu tikilisinin tavanı üzərində qüsurlar olduğunu nəzərə alaraq, 45 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 83 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 45 saylı mənzilə su sızması 83 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 83 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.205 manat məbləğində müəyyən olunmuşdur.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 155/2024 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddianın qismən təmin edilməsi, maddi zərərin əvəzi olaraq 1.205 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın 20 manatının Cavabdeh, 80 manatının İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus 83 saylı mənzilindən həmin ünvan üzrə iddiaçıya məxsus 45 saylı mənzilə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur.

10. Məhkəmə ekspert rəylərini sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona dəymiş zərərin 10.000 manat olmasını iddia etsə də, iddiasının təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsini, həmin hissədə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam, obyektiv, hərtərəfli araşdırma aparmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Bildirir ki, evində gedən təmir nəticəsində köhnə su və kürəbənd (kanalizasiya) borularını dəyişdirərək yenilədidən bir gün (xx.xx.2023-cü il) ustalar boruların ötürücülük qabiliyyətini sınaq etmək üçün borulara çox olsa iki vedrə su tökdülər. Təəssüf ki, yarım saat sonra aşağı mərtəbədə yaşayan qonşu iddiaçı qaçaraq evinə su töküldüyünü, bu suyun yəqinki cavabdehin evindən töküldüyünü elan etdi. Ustalarla getmiş və onun giriş qapısı ilə üzbəüz olan masasının üzərində həqiqətən də iki qaba qədər suyun toplandığını görmüşlər. Tavanda heç nə görünmürdü. Geri qayıdıb suyun haradan sızdığını müəyyənləşdirmişlər. Cavabdehin giriş qapısından çöldə dirsəkdən (turba əyintisindən) tökülmüşdür. Sonrakı gün özü evlərinə getmiş və 20 manat pul vermiş, sonra yenə kömək edəcəyini bildirmişdir. Ona görə yox ki, bura su tökülüb. Cavabdeh işləmədiyi üçün, ehtiyacı olduğu üçün yaxşılıq edəcək. Daha sonra iddiaçı belə bir iddia ilə (bir vedrə suyun sızmasından əmələ gələn “zərəri” aradan qaldırmaq üçün) cavabdehdən 10.000 pul tələb etdi. Ekspert iddiaçının mətbəxinin tavanının qaşınmasından bəhs edir, halbuki, iddiaçının mətbəxinin tavanı sökülə bilər (lambirindəndir). İkincisi, o divar kağızlarının qaşınmasından bəhs edir. Məyər evin girişində islanan 30 sm divar kağızı üçün bütün mətbəx otağının divar kağızlarını qopartmağa məcburdurmu? İddiaçının mülkiyyətində olan 45 saylı mənzilə su sızması mülkiyyətində olan 83 saylı mənzilin su, kanalizasiya boru xətlərində yaranmış qəzalardan dolayı olmamışdır. Ümumiyyətlə, onun mülkiyyətində olan 83 saylı mənzilin su, kanalizasiya xətlərində heç bir xəta, problem olmamışdır. Yəni, 45 saylı mənzilə su sızmasının mülkiyyətində olan 83 saylı mənzilə heç bir aidiyyəti yoxdur. Eyni zamanda bildirir ki, iddiaçının mülkiyyətində olan 45 saylı mənzilə mülkiyyətində olan 83 saylı mənzilin su, kanalizasiya xətlərində yaranmış xətalardan dolayı su sızması nəticəsində 45 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəlməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Ekspert rəyində 45 saylı mənzilə su sızmasının səbəbinin dəqiqliklə müəyyən edilmədiyinin mümkün olmadığı və həmin mənzilə su sızmasının yuxarı mərtəbələrdə yerləşən 83 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə biləcəyi ehtimal olunmuşdur. Eyni zamanda, sözügedən ekspert rəyində onun mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirildiyi və müəyyən vaxt keçdikdən sonra iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halının müşahidə olunmadığı öz əksini tapmışdır. Bunula da tərəfindən iddiaçının mülkiyyətində olan 45 saylı mənzilə heç bir maddi ziyan vurulmadığı öz təsdiqini tapmış olur. Belə olduğu təqdirdə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən İddiaçı məxsus 1 saylı evin 45 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin qarşılığı olan 1.205 manat məbləğində pul vəsaitinin tutulması qətiyyən ağlabatan deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iddiaçı cavabdehin mənzilindən ona məxsus mənzilə su axıdılmasını və mənzilinə maddi zərər dəyməsini təsdiq edən sübut kimi 5 saylı MKİS tərəfindən tərtib edilmiş Akta istinad etmişdir.

24. Cavabdehin iddiaya qarşı etirazında və apellyasiya şikayətində bildirdiklərindən də müəyyən edilir ki, onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması halı baş vermişdir.

25. Bununla yanaşı, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzilin hamam-ayaqyolu tikilisinin tavanı üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin hamam-ayaqyolu tikilisinin tavanı üzərində qüsurlar olduğunu nəzərə alaraq, 45 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 83 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 45 saylı mənzilə su sızması 83 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 83 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.205 manat məbləğində müəyyən olunmuşdur.

26. Göründüyü kimi, cavabdehə məxsus olan mənzildən iddiaçının mənzilinə su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

27. Kollegiya sözügedən ekspert rəyini digər iş materialları ilə birgə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin rəyin əsassızlığı üçün hallar müəyyən edilmir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

28. Kollegiya qeyd edir ki, ekspert rəyində mənzilə dəymiş ziyanın həcmi göstərilmiş, rəy kifayət qədər əsaslandırılmış və rəydə göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

30. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-155/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar