Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-604/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: cehiz, qızıl-zinyət və fərdi istifadə əşyalarının qaytarılması, onlar olmadığı halda onların dəyərinin pul ilə ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1344/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında 04 iyun 2019-cu il tarixində nikah bağlanmış, nikahdan sonra tərəflər cavabdehin mükiyyətində olan evə köçmüşlər. İddiaçı da, özü ilə birlikdə gətirdiyi cehizlərini həmin evdə və qayınanasının evinə yerləşdirmişdir. Tərəflər arasında olan ailədaxili mübahisələr nəticəsində, aralarında olan ailə münasibəti faktiki olaraq pozulmuş, tərəflər ayrı yaşayırlar.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1344/2024 saylı qərardadı ilə mülki iş üzrə mübahisə predmeti olan qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
3. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 9/2405 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qızıl-zinət əşyalarının orta-bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2200 manat müəyyən edilmişdir.
4. Rəyin tədqiqat hissəsində göstərilir: Tədqiqat (obyekti) obeyktləri: çəkisi 10 qram, əyarı 750 olan bir ədəd brilliant qaşlı qızıl (nişan) üzüyü və çəkisi 10 qram, əyarı 750 olan bir ədəd brilliant qaşlı qızıl (həri) üzüyü. Həmin qızıl-zinət əşyaları tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qayda aparılır. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələri məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, qızıl-zinət əşyaları alqı-satqı məntəqələrin mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilmək ekspertiza təyini haqqında qərardadda göstərilən qızılzinət əşyalarının orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2200,00 manat müəyyən edilir. Çəkisi 10 qram, əyarı 750 olan qızıl (nişan üzük) ümumi qiyməti 1100 manat; Çəkisi 10 qram əyarı 750 olan qızıl (həri üzük) ümumi qiyməti 1100 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 2, mənzil 33 ünvanında yerləşən və X6 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3203, OBA MTK yaşayış komleksi, 2-ci blok, mərtəbə 7, mənzil 35 ünvanında yerləşən cehiz əmlaklarının, habelə, siyahıda qeyd etdiyi ona məxsus olan fərdi istifadə və qızıl-zinət əşyalarının geri qaytarılması, onların özgəninkiləşdirilməsi halında isə dəyərinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 04 iyun 2019-cu il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Bakı Nikah evinin nikahın bağlanması haqqında akt qeydləri kitabında AZ-İİ № 331603 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan bir övladları – xx.xx.2021-ci il təvəllüdlü X8 anadan olmuşdur. Hal-hazırda qızı onunla bir yerdə yaşayır və uzun müddətdir ki, faktiki olaraq himayəsindədir. Eyni zamanda Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum edir ki, ona məxsus cehiz əmlakları halhazırda Cavabdeh mülkiyyətində olan ünvan 2, mənzil 33 ünvanında yerləşən və X6 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3203, OBA MTK yaşayış komleksi, 2-ci blok, mərtəbə 7, mənzil 35 ünvanında yerləşən evdədir. Cavabdeh dəfələrlə tərəfindən təklif edilsə də, ona məxsus olan cehiz əmlaklarının və şəxsi istifadə əşyalarının (geyim, kosmetik vasitələr və s.) verilməsindən imtina etmişdir. O cümlədən, ona hədiyyə olunmuş həri və nişan üzükləri də Cavabdehdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli,e-16(001)-433/2023 nömrəli qərardadı ilə iddia tələbinin əsasını təşkil edən əşyaların özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Həmin əmlakların siyahısını və dəyərini təqdim edir: Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3203, OBA MTK yaşayış komleksi, 2-ci blok, mərtəbə 7, mənzil 35 ünvanında yerləşən evdə olanlar: 1) 01 ədəd qonaq otağı dəsti – dəyəri 4000 (dörd min) manat – Türkiyə istehsalı Daxildir: 01 ədəd qəhvəyi rəngli künc divan mebeli – 01 ədəd ağ-qəhvəyi rəngli jurnal masası – 08 ədəd ağ rəngli stul – 01 ədəd ağ rəngli stol – 01 ədəd qəhvəyi rəngli güzgülü şkaf – 01 ədəd qəhvəyi rəngli TV-stend. ünvan 2, mənzil 33 ünvanında yerləşən mənzildə olan əşyalar: 1) 02 ədəd ağ rəngli “GREE” markalı kondisioner – 01 ədədinin dəyəri 860 manat olmaqla ümumilikdə 1720 manat 2) 08 ədəd çıl-çıraq – ümumi dəyəri 1780 manat 3) 01 ədəd göy rəngli vertikal tozsoran – dəyəri 220 manat 4) 01 ədəd şəffaf “Villeroy&Boch” markalı qrafin – dəyəri 160 manat 5) 01 ədəd “Estee Lauder” markalı üz serumu – dəyəri 230 manat, 6) 01 ədəd Versace 3-lü parfüm dəsti – dəyəri 250 manat 7) 01 ədəd “Join us” markalı göy rəngli şalvar-köynək dəsti – dəyəri 150 manat 8) 01 ədəd “Koton” markalı qəhvəyi rəngli şalvar – dəyəri 50 manat 9) 01 ədəd “Michael Kors” markalı açıq-bənövşəyi rəngli çanta – dəyəri 720 manat 10) 01 ədəd “Sevenday” markalə qara şalvar – dəyəri 50 manat 11) 01 ədəd tünd göy rəngli L ölçüdə Türkiyə istehsalı çemodan – dəyəri 180 manat. Qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 1) 1 ədəd 750 prob brilliant qaşlı qızıl nişan üzüyü – 10 qram – dəyəri 3.000 manat 2) 1 ədəd 750 prob brilliant qaşlı qızıl həri üzüyü – 10 qram – dəyəri 3.000 manat.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1344/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın qismən təmin edilməsi, cavabdeh X4 aşağıdakı əmlaklar: dəyəri 4000 (dörd min) manat olan-01 ədəd qonaq otağı dəsti (daxilində 01 ədəd qəhvəyi rəngli künc divan mebeli, 1 ədəd ağ-qəhvəyi rəngli jurnal masası, 08 ədəd ağ rəngli stul, 01 ədəd ağ rəngli stol, 01 ədəd qəhvəyi rəngli güzgülü şkaf, 01 ədəd qəhvəyi rəngli tv-stend), dəyəri 1720 (bir min yeddi yüz iyirmi) manat olan- 02 ədəd ağ rəngli “Gree” markalı kondisoner, dəyəri 1780 (bir min yeddi yüz səksən) manat olan-08 ədəd çılçıraq, dəyəri 1100 (bir min yüz) manat olan -1 ədəd 750 əyarlı qızıl nişan üzüyü, dəyəri 1100 (bir min yüz) manat olan - 1 ədəd 750 əyarlı qızıl həri üzüyü, həmin əşyalar olmadıqda onların dəyəri alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.10, 157.2 və 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2. 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları kifayət qədər hərtərəfli araşdırmamış, qanunsuz qətnamə çıxarmışdır. Belə ki, məhkəmənin qənaətinə görə məhkəmə qət etdiyi hissədə qeyd etmişdir ki, aşağıdakı əmlaklar, olmadıqda isə dəyəri cavabdeh X4 alınaraq İddiaçı verilsin: dəyəri 4000 (dörd min) manat olan-01 ədəd qonaq otağı dəsti (daxilində 01 ədəd qəhvəyi rəngli künc divan mebeli, 1 ədəd ağ-qəhvəyi rəngli jurnal masası, 08 ədəd ağ rəngli stul, 01 ədəd ağ rənglistol, 01 ədəd qəhvəyi rəngli güzgülü şkaf, 01 ədəd qəhvəyi rəngli tvstend), dəyəri 1720 (bir min yeddi yüz iyirmi) manat olan-02 ədəd ağ rəngli “Gree” markalı kondisoner, dəyəri 1780 (bir min yeddi yüz səksən) manat olan-08 ədəd çılçıraq, dəyəri 1100 (bir min yüz) manat olan - 1 ədəd 750 əyarlı qızıl nişan üzüyü, dəyəri 1100 (bir min yüz)manat olan - 1 ədəd 750 əyarlı qızıl həri üzüyü. Lakin, ekspertiza rəyindən də görünür ki, ekspert şəkillərə münasibətdə qızıl-zinət əşyalarını qiymətləndirmişdir, habelə məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, iddiaçı ilə uşağın paltarların götürməyə birlikdə getmişlər. Maşını qarajda saxlayıb, evə qalxmışlar və qapını Rəşad açmışdır. Rəşad həmin zaman evdə tək idi. Rəşad Südabəyə qapını açan kimi qızılı gətiribgətirmədiyini soruşdu. Südabə isə yolda olan zaman Rəşadın ona bu barədə sms yazdığını bildirmişdir. Rəşad isə nənəsindən yadigar qalan qızılı verdikləri təqdirdə əşyaları götürə biləcəklərini dedi. Bundan sonra xalasıgilə gedərək, qızılı götürüb gəlmiş və Südabəyə vermişdir. Südabə isə həmin paketi Rəşada vermişdir. Əşyaları yığmağa Rəşad da onlara kömək etmişdir. Rəşad onları mehriban qarşılamış və yola salmışdır. Hətta əşyaları aparmağa kömək etdiyini də təklif etsə də onlar razı olmamışlar. Paltarları götürəndə Südabənin qızıl götürüb götürmədiyini bilməmiş, 20-30 paket əşya götürmüşlər. Qızılın olduğu paket şəffaf idi, lakin paketin içinə baxmamışdır. Lap bir dənə qızıl götürsə belə, içinə baxmamışdır. Evdə cəmi 1 dəqiqəlik olmuşdur. Həmçinin bildirmişdir ki, dindirilən şahid Bəxtiyar özü etiraf etmişdir ki, 30 paketə yaxın evdən əşya çıxarılıb. Həmçinin İddiaçı ona məxsus cehiz əmlaklarının hal-hazırda onun mülkiyyətində olan ünvan 2, mənzil 33 ünvanında yerləşən və X6 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3203, OBA MTK yaşayış kompleksi, 2-ci blok, mərtəbə 7, mənzil 35 ünvanında yerləşən evdə olduğunu iddia edir. İddiaçı da qeyd etdiyi kimi 04 iyun 2019-cu il tarixində onunla nikaha daxil olmuşlar. ünvan 2 ünvanında yerləşən 33 nömrəli mənzildə yaşamışlar. 08 avqust 2023-cü il tarixdən etibarən də İddiaçı yaşadıqları evi tərk etmişdir. Dəfələrlə barışıq üçün cəhd etsə də müsbət nəticələnməmişdir. Barışıq cəhdlərinin birinə cavab olaraq qaynatası Ənvər Rəhimov yaşadıqları ünvan 2 ünvanında yerləşən 33 nömrəlimənzilin Südabənin adına keçirilməsi və ona avtomobil almağı şərtilə barışıq ola biləcəyini təklif etmişdir. Bu təklifə etiraz etdikdə iddiaçı tərəf boşanmaqda qərarlı olduqlarını nümayiş etdirmək məqsədilə yaşadıqları ünvandan cehiz və şəxsi istifadəsində olan əşyaları götürmək niyyətlərini elan etdikdə qəti etiraz etməmiş, əksinə, mənzilin açarlarını onlara təqdim etməklə , (ailəmin,evimin dağılmasını görmək mənim üçün çox ağır, stresli olduğundan) özü ümumiyyətlə evə gəlməməklə, bütün lazımi şəraiti onlara təmin etmişdir. 15 oktyabr 2023-cü il tarixində Elvin adlı sahə müvəkkili dəvət edilmiş, video çəkiliş aparılmaqla bütün cehiz, qızıl zinət əşyaları və digər şəxsi istifadə əşyaları İddiaçı, atası Ənvər Rəhimov, bibisi qızı, bacısı və digər şəxslərin iştirakı ilə evdən çıxarılmışdır. İddiaçı tərəfindən həmin qızıl-zinət əşyalarının cavabdehə verilməsi istər şahid ifadəsi ilə istərsə də özünün verdiyi izahatlarla öz təsdiqini tapmamışdır. Həmçinin dəyəri 4000 (dörd min) manat olan-01 ədəd qonaq otağı dəsti (daxilində 01 ədəd qəhvəyi rəngli künc divan mebeli, 1 ədəd ağ-qəhvəyi rəngli jurnal masası, 08 ədəd ağ rəngli stul, 01 ədəd ağ rənglistol, 01 ədəd qəhvəyi rəngli güzgülü şkaf, 01 ədəd qəhvəyi rəngli tvstend), dəyəri 1720 (bir min yeddi yüz iyirmi) manat olan-02 ədəd ağ rəngli “Gree” markalı kondisoner, dəyəri 1780 (bir min yeddi yüz səksən) manat olan-08 ədəd çılçıraqların dəyərinin həmin qiymətə olmasının məhkəmə tərəfindən qeyd olunması qeyri-müəyyəndir və təsdiq olunmamışdır. Bu səbəbdən də qətnamə maddi hüquq normalarını düzgün tətbiq etmədən çıxarıldığı üçün əsassız hesab edilməli və ləğv edilməlidir.
11. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə edərək bildirmişdir ki, qətnamədə qeyd olunan əşyaların ondan alınaraq iddiaçıya verilməsinə heç bir etirazı yoxdur. Lakin qətnamədə qeyd olunan dəyəri 1100 (bir min yüz) manat olan 01 ədəd 750 əyarlı qızıl nişan üzüyü, dəyəri 1100 (bir min yüz) manat olan 01 ədəd 750 əyarlı qızıl həri üzüyü iddiaçının hal-hazırda istifadəsindədir, ona qaytarılmamışdır. Beləliklə, faktiki olaraq cavabdehin həmin üzükləri iddiaçıya qaytarması qeyri-mümkündür. Belə ki, boşanma ərəfəsində keçmiş həyat yoldaşı evə paltarları yığmağa gələcəyini sms yazaraq bildirmişdir. Cavabdeh buna etiraz etməmiş, iddiaçının cavabdehə aldığı qızıl saat və nişan üzüyünü qaytaracağını və evdə termonun üzərinə qoyduğunu bildirmişdir. Həmçinin, cavabdeh verdiyi 03 ədəd üzüyün ona qaytarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh iddiaçının xalasıoğlu ilə evə gəldiyini gördüyündə cavabdeh onlardan üzükləri soruşan zaman xalasıoğlu tıxac səbəbi ilə geri qayıtmadığını və sabah üzükləri gətirəcəklərini bildirmişdilər. Cavabdeh etiraz edərək üzükləri indi gətirməsini istəmiş, iddiaçının xalasıoğlu üzükləri gətirməyə getmişdir. Bir saat sonra xalasıoğlu Bəxtiyar 01 ədəd üzüyü - nənəsinin üzüyünü qaytarmışdır. Cavabdeh həmin ərəfədə iddiaçı ilə barışmaq istədiyinə görə nənəsinin üzüyünü götürərək narazılıq bildirmədən iddiaçının əşyalarını yığmasına icazə vermişdir. Çünki hələ də barışmaq üçün ümidi olmuşdur. Beləliklə 02 ədəd üzüyü iddiaçı cavabdehə qaytarmamış, hal-hazırda iddiaçının istifadəsindədir. Lakin iddiaçı cavabdehdən pul almaq məqsədilə həmin üzüklərin cavabdehdə olduğunu iddia edir və bilir ki, o üzüklər cavabdehdə deyil, bu səbəbdən cavabdeh həmin üzüklərin dəyərini ona ödəmək məcburiyyətində qalacaqdır. Bundan əlavə qeyd edir ki, cavabdehin ona qaytardığı qızıl saat və nişan üzüyünü də iddiaçı həmin gün termonun üzərindən götürüb aparmışdır. Məhkəmə iclası zamanı iddiaçı öz ifadəsində həmin saat və üzüyün onun istifadəsində olduğunu təsdiq etmişdir. Hal-hazırda tərəfindən əmlak tələbi ilə bağlı Bakı şəhər Nərimanov Rayon Məhkəməsində yeni iddia qaldırılmışdır. Hal-hazırda iş icraatdadır. Əlavə olaraq xüsusilə qeyd edir ki, məhkəmədə şahid qismində çıxış edən iddiaçının qohumu Bəxtiyar üzüyü cavabdehə qaytararkən orada neçə ədəd üzük olduğunu bilmədiyini qeyd etmişdir. Həmçinin, Bəxtiyar qeyd etmişdir ki, Rəşad yalnız nənəsinin üzüyünü istəmişdir. İddiaçının mənə 03 ədəd üzük qaytardığı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasından Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan dəyəri 1100 (bir min yüz) manat olan 01 ədəd qızıl nişan üzüyü, dəyəri 1100 (bir min yüz) manat olan 01 ədəd qızıl həri üzüyünün iddiaçıya qaytarılması hissəsi ləğv olunaraq, qətnamə dəyişdirilərək yeni qətnamə qəbul edilsin.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.
17. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 225.2 nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
19. Maddə 34 nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.
20. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
21. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda qətnaməni Cavabdeh mübahisələndirdiyindən, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni dəyəri 1100 (bir min yüz) manat olan 01 ədəd 750 əyarlı qızıl nişan üzüyü, dəyəri 1100 (bir min yüz) manat olan 01 ədəd 750 əyarlı qızıl həri üzüyünün iddiaçıya qaytarılması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1344/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
32. İş materiallarından görünür ki, iddiaçının iddia tələbində göstərdiyi sadalanan cehiz əmlaklarından 01 ədəd qonaq otağı dəsti, 02 ədəd kondisoner, 08 ədəd çılçıraq faktiki olaraq cavabdehin evində saxlanılır. Digər mübahisələndirilməyən məqam isə qızıl əşyalarının həqiqətən mövcudluğudur. Belə ki, bu faktı cavabdeh tərəf özü təsdiq edir.
33. İşin müəyyən edilən faktiki hallarından görünür ki, iddiaçı cavabehə onda qalan 03 ədəd üzük- həri, nişan və nənəsindən yadigar olan üzükləri qaytardığını və bunun müqabilində cavabdehin onu evə buraxdığını və bundan sonra həmin evdən əşyalarını götürə bilməsinə imkan yaradıldığını bildirir. Hətta cavabdehin bu barədə tələbini göstərən votsap yazışmasını məhkəməyə təqdim etmişdir.
34. Göründüyü kimi Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olması onun tərəfindən Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə uyğun olaraq sübuta yetirilmişdir.
35. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 9/2405 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qızıl-zinət əşyalarının orta-bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2200 manat müəyyən edilmişdir. Qızıl-zinət əşyalarının real qiymətinin əks etdirdiyindən məhz həmin rəydə göstərilən qiymətlər əsas götürməklə cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
36. Belə ki, qeyd edilən rəyindən görünür ki, Tədqiqat (obyekti) obeyktləri: çəkisi 10 qram, əyarı 750 olan bir ədəd brilliant qaşlı qızıl (nişan) üzüyü və çəkisi 10 qram, əyarı 750 olan bir ədəd brilliant qaşlı qızıl (həri) üzüyü. Həmin qızıl-zinət əşyaları tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qayda aparılır. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələri məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, qızıl-zinət əşyaları alqı-satqı məntəqələrin mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilmək ekspertiza təyini haqqında qərardadda göstərilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2200,00 manat müəyyən edilir. Çəkisi 10 qram, əyarı 750 olan qızıl (nişan üzük) ümumi qiyməti 1100 manat; Çəkisi 10 qram əyarı 750 olan qızıl (həri üzük) ümumi qiyməti 1100 manat.
37. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin icazəsi ilə qalan əşyalarını götürmək üçün evə buraxılır və cavabdeh də öz növbəsində ona hədiyyə edilən qızıl saat və nişan üzüyünü iddiaçıya qaytarır. Bu halda cavabdeh sübut etməli idi ki, iddiaçı ondan tələb edilən qızıl əşyalarını qaytarmamışdır. Lakin cavabdeh bu hissədə apellyasiya şikayətini və ona əlavəni formal mülahizələrlə əsaslandırmış və mötəbər sübutlar təqdim etməmişdir. Hansı ki, qızılları israrla tələb edən və gətirilənə kimi iddiaçı tərəfin evə daxil olmasına icazə verməyən cavabdehin qızıl üzüklər ona təqdim edildikdən sonra, sayını yoxlamaması və buna irad bildirməməsi tərəflər arasında olan mübahisənin gərginlik dərəcəsi nəzərə alındıqda inandırıcı deyildir. Şahid qismində dindirilən iddiaçının qohumu Rüstəmov Bəxtiyar isə həmin hal barədə dəqiq məlumatı olmamışdır.
38. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1344/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.