Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6043/2025 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqına əlavələrin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli qətnamədən iddiaçı İddiaçı Ramiz oğlunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və apellyatorun özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İş üzrə iddiaçı cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, əmək stajına görə əmək haqqına edilən əlavələrin ödənilmədiyi tarixdən, yəni 2023-cü ilin yanvar ayından hesablanaraq cavabdeh QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ilin avqust ayından QSCnin ** saylı X4 * saylı Salyan məntəqəsinin 6-cı fəhlə bölməsinə 2-ci dərəcəli yol montyoru vəzifəsinə işə qəbul olmuşdur. Həmin vaxtdan ərizə verilən tarixədək və ##.##.2002-ci ildən ərizə verilən tarixədək QSC-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin ** nömrəli Salyan Yol sahəsində yol montyoru vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində də o, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının (MHİ) üzvü olmuş, hər ay üzvlük haqqı ödəmişdir. Lakin bu müddət ərzində MHİ-nin hər hansı güzəştindən istifadə etməmişdir. Bu səbəbdən də iddiaçı, 2023-cü ilin yanvar ayından ərizə yazaraq, MHİ-nin üzvü olmaqdan imtina etmişdir. MHİ-nin üzvlüyündən çıxdıqdan sonra əmək haqqı alarkən iddiaçıya məlum olmuşdur ki, əmək haqqının məbləği azalıb. Təxminən 450 manat alırdısa, üstəlik deyilənə görə əmək stajının müddətinə görə də 60 manat əlavə alırdı. Bu səbəbdən də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab verilsə də, müsbət nəticə əldə olunmamışdır. Xidmət həmin cavabdeh məktubunda iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh QSC-nin nümayəndəsi “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı, MHİ-nin üzvlüyündən çıxdığından əmək stajının müddətindən asılı olaraq hər ay əmək haqqına ödənilən əlavələr 2023-cü ilin yanvar ayından dayandırılmış, lakin iddiaçı mediasiya təklifini 2024-cü ilin iyul ayında göndərmiş, ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayışı ##.##.2024-cü il tarixdə əldə etmiş, məhkəməyə isə 2025-ci ilin fevral ayında müraciət etmişdir. İddiaçı qanunvericilikdə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 il müddətində məhkəməyə müraciət etməmişdir. Buna görə də, göstərilənlərə əsasən iddia tələbi iddia müddətinin üzürsüz səbəbdən buraxıldığına görə rədd edilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddia tələbi özü özlüyündə əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış ##.##.2021-ci il tarixli, ** №-li “xxxx” əsasən iddiaçı, cavabdeh QSC-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin ** nömrəli Salyan Yol sahəsində yol montyoru vəzifəsində işləmişdir. QSC-nin əmək kollektivinin səlahiyyətli nümayəndəsi olan Azərbaycan Dəmiryolçularının MHİ ilə razılığa gələrək 2023-2025-ci illər üçün “Sahə kollektiv sazişi” bağlanmışdır. Həmin “Kollektiv sazişə” əsasən MHİ öz üzvlərinin hüquq və maraqlarının müdafiəsini həyata keçirir. “Sazişdə” nəzərdə tutulan müddəalar yalnız MHİ-nin üzvlərinə şamil edilir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının öz təşəbbüsü ilə Azərbaycan Dəmiryolçularının MHİ-nin üzvlüyünə xitam verməsi, habelə mübahisəli dövrdə qüvvədə olmuş 2023–2025-ci illər üzrə “Sahə kollektiv sazişinin” müddəalarına əsasən həmin “Sazişdə” nəzərdə tutulmuş təminatların yalnız MHİ-nin üzvlərinə şamil edilməsi müəyyən olunduğundan iddiaçının tələb etdiyi əmək stajına görə əlavə haqqın ödənilməsi üçün hüquqi əsas mövcud deyildir. Buna görə də iddia təmin edilməməlidir. Bundan başqa iddiaçı cavabdeh QSC-yə qarşı bu kimi iddianı irəli sürərkən iddia müddətini də ötürmüşdür. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2006-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, iddia əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyət kəsb edən halları tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Çünki, MHİ-ya üzvlük işçinin qanunla təmin edilmiş hüququ olduğundan həmin təşkilatın üzvlüyündən çıxması əmək hüquqlarının, o cümlədən əmək stajına görə ödənilən əlavənin itirilməsi ilə nəticələnə bilməz. Bundan başqa, əmək stajına görə əlavə əmək haqqının tərkib hissəsini təşkil etdiyindən onun ödənilməməsi əmək qanunvericiliyinin tələblərinə ziddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh QSC arasında yaranmış hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz, çünki tələb davam edən əmək münasibətlərindən irəli gələn əmək haqqı tələbi ilə bağlıdır. Göründüyü kimi tələb edilən əlavə vəsaitlərin ödənilməsi davam edən əmək münasibətləri prosesində olan hala aiddir və bu hissədə iddia müddətinin tətbiqi tamamilə əsassizdir. Eyni zamanda həm iddia müddətini əsas götürməklə həmdə iddianin əsassiz olduğunu müəyyən etməklə iki əsasla iddia rədd edilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh QSC-nin infrastruktur departamentinin yol xidmətinin ** nömrəli Salyan yol sahəsinə, QSC-nin infrastruktur departamentinə qarşi 3 iddia ərizəsi Salyan Rayon Məhkəməsinin icraatinda olmuşdur. Bununla bağli bütün zəruri sənədlər şikayətə əlavə edilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı iddia müddəti ötürülməmiş, ##.##.2024-cü il, 03.10.024-cü il, ##.##.2024-cü il tarixdə iddia ərizələri Salyan Rayon Məhkəməsinin icraatinda olmuşdur. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Apellyator - iddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hər bir tərəf istinad etdiyi halların təsdiqi üçün sübut təqdim etməli, tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi faktları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Məhkəmə hər bir sübuta onun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından ayrıca, bütün sübutlara isə onların qarşılıqlı əlaqəsinə əsasən məcmu halında qiymət verir (maddə 88.).
12. İşdə olan sənədlərə və iş üzrə tərəflərin verdikləri məlumatlara əsasən müəyyən olunur ki, iddiaçı, 1997-ci ildən cavabdeh QSC-də əmək fəaliyyəti göstərmiş, ##.##.2023cü il tarixli ərizəsi əsasında Azərbaycan Dəmiryolçularının MHİ-nin üzvlüyündən çıxmış, bundan sonra əmək stajına görə əvvəllər ödənilən əlavə haqqın hesablanması dayandırılmışdır. Göstərilən hallar tərəflər arasında mübahisə doğurmur.
13. Beləliklə, iş üzrə mübahisə iddiaçının əmək stajının mövcudluğu, əmək münasibətlərinin davam etməsi və ya əmək funksiyasının icrası ilə bağlı olmayıb, iddiaçının MHİ-nin üzvlüyünə xitam verməsindən sonra əmək stajına görə əlavə haqqın ödənilməsinin cavabdeh QSC-nin hüquqi öhdəliyi olub-olmaması ilə bağlıdır. Buna görə də Məhkəmə ilk növbədə iddiaçının tələb etdiyi ödəniş üzrə subyektiv maddi hüququnun mövcud olub-olmadığını müəyyən etməyi zəruri hesab edir. Çünki yalnız belə hüququn mövcudluğu müəyyən edildikdən sonra həmin hüququn pozulması, tələb olunan məbləğin hesablanması və digər hüquqi məsələlərə qiymət verilə bilər.
14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin konstitusion təminat şəxsin yalnız qanundan, müqavilədən və ya digər hüquqi əsasdan irəli gələn subyektiv hüququnun müdafiəsini nəzərdə tutur. Buna görə də məhkəmə tərəfindən irəli sürülmüş tələbin təmin edilməsi üçün ilk növbədə iddiaçının müdafiəsini tələb etdiyi subyektiv maddi hüququn mövcud olub-olmaması müəyyən edilməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qəbul etdiyi müxtəlif qərarlarında nümayiş etdirdiyi hüquqi mövqeyə görə, məhkəmə iddia tələbinin mahiyyəti üzrə qiymətləndirilməsi zamanı əvvəlcə iddiaçının istinad etdiyi subyektiv hüququn mövcudluğunu, daha sonra həmin hüququn pozulub-pozulmadığını müəyyən etməlidir. Subyektiv hüququn mövcudluğu müəyyən edilmədiyi halda iddianın təmin edilməsi üçün hüquqi əsas yaranmır. Məhkəmə hazırkı mübahisəni də məhz bu hüquqi yanaşma baxımından qiymətləndirir.
16. İş materiallarından görünür ki, iddiaçı əmək stajına görə əlavə haqq almaq hüququnun onun uzun illər həmin ödənişi alması nəticəsində yarandığını hesab edir. Məhkəmə həmin yanaşma ilə razılaşmır. Çünki mülki və əmək hüquq münasibətlərində hər hansı ödənişin müəyyən müddət ərzində faktiki həyata keçirilməsi həmin ödəniş üzrə müstəqil subyektiv hüququn yaranması üçün kifayət etmir. Belə hüququn mövcudluğu yalnız qanundan, kollektiv müqavilədən, kollektiv sazişdən, əmək müqaviləsindən və ya digər hüquqi əsasdan irəli gəlməlidir.
17. İş materiallarında olan ##.##.2021-ci il tarixli “Əmək müqaviləsi” araşdırıldıqda müəyyən edilir ki, tərəflər arasında bağlanmış fərdi əmək müqaviləsində iddiaçıya əmək stajına görə ayrıca əlavə haqq ödənilməsinin işəgötürənin fərdi müqavilə öhdəliyi kimi nəzərdə tutulduğu müəyyən edilmir. Deməli, iddiaçının tələb etdiyi ödəniş fərdi əmək müqaviləsindən irəli gələn hüquq deyil.
18. Məhkəmə hesab edir ki, bu iş üzrə əmək stajına görə əlavə haqqın hüquqi mənbəyi yalnız tərəflərin istinad etdiyi “2023–2025-ci illər üzrə “Sahə kollektiv sazişi”” ola bilər. Buna görə də mübahisənin həlli zamanı ilk növbədə həmin “Kollektiv sazişin” tətbiq dairəsinin müəyyən edilməsi zəruridir. Çünki ödənişin hüquqi əsası mövcud olmadıqda onun hesablanmasının və ya tutulmasının müzakirəsi hüquqi əhəmiyyət kəsb etmir.
19. İş materiallarında olan ##.##.2023-cü il tarixli həmin “Sazişdən” müəyyən edilir ki, həmin “Saziş” üzrə Azərbaycan Dəmiryolçularının MHİ öz üzvlərinin əmək, sosialiqtisadi hüquq və mənafelərinin müdafiəsini həyata keçirir və sazişdə nəzərdə tutulmuş sosial təminatlar və güzəştlər yalnız Həmkarlar İttifaqının üzvlərinə şamil edilir. İş materiallarında həmin kollektiv sazişin etibarsız hesab edilməsinə, qüvvəsinin dayandırılmasına və ya qanunvericiliyə zidd hesab olunmasına dair hər hansı sübut mövcud deyildir. Buna görə Məhkəmə həmin kollektiv sazişi mübahisənin həlli zamanı tətbiq edilməli hüquqi akt kimi qəbul edir.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin kollektiv sazişlərin hüquqi qüvvəsini və tətbiq dairəsini tənzimləyən müddəalarının mənasına görə, kollektiv saziş onun tərəfləri arasında əldə edilmiş razılaşmanı ifadə edən lokal normativ hüquqi akt olmaqla, həmin sazişdə nəzərdə tutulmuş hüquq və təminatlar məhz sazişdə müəyyən edilmiş subyektlərə şamil olunur. Məhkəmə tərəfindən qanunvericiliyə zidd hesab edilməyən kollektiv sazişin tətbiq dairəsinin genişləndirilməsi və ya dəyişdirilməsi yolverilməzdir (Əmək Məcəlləsinin “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları” adlı üçüncü fəsli, “Kollektiv saziş” adlı altıncı fəsli).
21. İddiaçı tərəfindən yazılmış ##.##.2023-cü il tarixli ərizədən və işdə olan sənədlərdən görünür ki, iddiaçı, öz iradəsini sərbəst ifadə etməklə Azərbaycan Dəmiryolçularının MHİ-nin üzvlüyündən çıxmasını xahiş etmiş, həmin ərizə əsasında onun üzvlüyünə xitam verilmişdir.
22. İddiaçı nə Rayon Məhkəməsində, nə də apellyasiya baxışı zamanı həmin ərizənin onun iradəsinə zidd yazıldığını, saxtalaşdırıldığını və ya hüquqi nəticələrinin düzgün rəsmiləşdirilmədiyini iddia etməmişdir.
23. Apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının Əmək Məcəlləsinin 9-cu maddəsinə istinad etməklə MHİ-ya üzvlüyün könüllü xarakter daşımasını göstərməsi və bunun nəticəsində həmin təşkilatın üzvlüyündən çıxmasının əmək stajına görə əlavə haqqın ödənilməsinin dayandırılması üçün hüquqi əsas təşkil etmədiyini bildirməsidir. Məhkəmə həmin dəlili əsaslı hesab etmir.
24. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsi işçinin əsas əmək hüquqlarını müəyyən edən norma olmaqla işçinin həmkarlar ittifaqlarına könüllü surətdə üzv olmaq, habelə həmin təşkilatdan çıxmaq hüququnu təmin edir.
25. Eyni məzmun “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında da təsbit olunmuşdur.
26. Lakin qeyd olunan normaların hüquqi məqsədi işçinin sərbəst birləşmək azadlığını təmin etməkdən ibarətdir. Həmin normalar kollektiv sazişdə müəyyən edilmiş hüquq və təminatların tətbiq dairəsini dəyişmir, kollektiv sazişin subyektlərini genişləndirmir və ya kollektiv sazişdə yalnız müəyyən şəxslər üçün nəzərdə tutulmuş təminatların bütün işçilərə şamil edilməsini nəzərdə tutmur.
27. Hazırkı iş üzrə iddiaçının MHİ-nin üzvlüyündən çıxmasına görə hər hansı intizam məsuliyyətinə cəlb olunması, xxxx xitam verilməsi, əmək funksiyasının dəyişdirilməsi, əmək haqqının tarif (vəzifə) hissəsinin azaldılması və ya qanunla müəyyən edilmiş digər əmək hüquqlarının məhdudlaşdırılması müəyyən edilmir. Mübahisə yalnız kollektiv sazişlə nəzərdə tutulmuş əlavə sosial təminatlardan birinin tətbiqi ilə bağlıdır. Belə olan halda, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 9-cu maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hüquqi əsas mövcud deyildir.
28. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi mövqeyi qəbul edilərsə, bu, kollektiv sazişin tətbiq dairəsini müəyyən edən müddəaların hüquqi əhəmiyyətini tam aradan qaldırmış olar. Halbuki kollektiv saziş tərəflərin qarşılıqlı razılığı əsasında bağlanan, qanunvericiliyə zidd olmadığı müddətdə hüquqi qüvvəyə malik olan lokal normativ aktdır və onun tətbiq dairəsi ilk növbədə həmin sazişin öz müddəaları ilə müəyyən edilir. İş materiallarında isə “2023–2025-ci illər üzrə sahə kollektiv sazişinin” etibarsız hesab edilməsinə, qanunvericiliyə zidd olmasına və ya tətbiq edilməməli olmasına dair hər hansı sübut mövcud deyildir.
29. Məhkəmə iddiaçının Əmək Məcəlləsinin 154-cü maddəsinə istinadını da əsaslı hesab etmir. Çünki qeyd edilən həmin maddəyə görə, əmək haqqı müvafiq qanunvericilik, kollektiv müqavilə, kollektiv saziş və əmək müqaviləsi ilə müəyyən edilmiş qaydada işçiyə ödənilən pul və digər ödənclərdən ibarətdir.
30. Lakin həmin norma əmək haqqının anlayışını müəyyən edir və özlüyündə hər hansı əlavə ödəniş üzrə müstəqil hüquq yaratmır. Əksinə, maddənin məzmunundan da göründüyü kimi, konkret ödənişin mövcudluğu üçün həmin ödənişin hüquqi əsası müəyyən edilməlidir. Hazırkı iş üzrə isə əmək stajına görə əlavə haqqın hüquqi əsası kimi yalnız kollektiv saziş müəyyən edilmişdir.
31. Məhkəmə tərəfindən müəyyən edildiyi kimi, mübahisəli dövrdə qüvvədə olmuş “2023–2025-ci illər üzrə Sahə kollektiv sazişinin” müddəalarına əsasən həmin təminat yalnız Həmkarlar İttifaqının üzvlərinə şamil olunur. İddiaçının isə ##.##.2023-cü il tarixdən etibarən MHİ-nin üzvlüyündən könüllü olaraq çıxması iş materialları ilə təsdiq edilir. Belə olan halda, əmək stajına görə əlavə haqqın iddiaçıya ödənilməsi üçün zəruri hüquqi faktların məcmusu mövcud olmadığından, cavabdehin həmin ödənişi həyata keçirmək öhdəliyi də yaranmamışdır. Çünki Əmək Məcəlləsinin 195-ci maddəsinin tələbinə görə, işəgötürənin maddi məsuliyyəti yalnız onun üzərinə qanunvericilikdən, kollektiv müqavilədən, kollektiv sazişdən və ya əmək müqaviləsindən irəli gələn konkret öhdəliyin pozulması nəticəsində işçiyə zərər vurulduğu hallarda yarana bilər. Hazırkı iş üzrə isə Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli dövrdə cavabdehin iddiaçıya əmək stajına görə əlavə haqq ödəmək vəzifəsi mövcud olmamışdır. Belə olan halda cavabdehin maddi məsuliyyətindən və iddiaçının zərərə məruz qalmasından söhbət gedə bilməz.
32. Göründüyü kimi apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızıdır.
33. Apellyasiya şikayətində, həmçinin, iddiaçının əvvəlki illərdə eyni xarakterli ödənişləri almasının onun həmin ödəniş üzrə qazanılmış hüququnun mövcudluğunu təsdiq etdiyi göstərilmişdir.
34. Məhkəmə apellyasiya şikayətinin bu dəlililə də razılaşmır. Çünki hər hansı ödənişin müəyyən müddət ərzində həyata keçirilməsi həmin ödənişin gələcək dövrlərdə də dəyişməz qaydada ödənilməsi barədə müstəqil subyektiv hüquq yaratmır. Əksinə, belə ödənişlərin davam etdirilməsi onların hüquqi əsasının sonradan da mövcud olmasından asılıdır. Hazırkı işdə isə mübahisəli dövrdə qüvvədə olan kollektiv saziş həmin hüquqi əsası yalnız Hİ-nın üzvləri üçün nəzərdə tutmuşdur.
35. Məhkəmə nəzərə alır ki, kollektiv saziş qanunun əvəzi deyil, əmək qanunvericiliyinin yol verdiyi həddə sosial-əmək münasibətlərini tənzimləyən lokal hüquqi aktdır. Hazırkı iş üzrə kollektiv sazişin hər hansı müddəasının əmək qanunvericiliyinə zidd olması müəyyən edilmədiyindən onun tətbiq edilməməsi üçün hüquqi əsas mövcud deyildir.
36. Məhkəmə bildirir ki, iddiaçının hüquqi mövqeyi qəbul edilərsə, bu, faktiki olaraq kollektiv sazişin tətbiq dairəsinin məhkəmə tərəfindən dəyişdirilməsi ilə nəticələnərdi. Halbuki məhkəmənin vəzifəsi tərəflərin iradəsi əsasında bağlanmış və qanunvericiliyə zidd olmayan kollektiv sazişin şərtlərini dəyişdirmək deyil, həmin şərtləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun tətbiq etməkdir. Hazırkı iş üzrə kollektiv sazişin etibarsızlığı, onun ayrı-ayrı müddəalarının qanunvericiliyə zidd olması və ya tətbiq edilməməsini şərtləndirən hüquqi əsaslar müəyyən edilməmişdir.
37. Məhkəmə bundan başqa qeyd edir ki, apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında iddiaçının xeyrinə ödənilməli olduğu iddia edilən əmək stajına görə əlavələrin məbləğinin müəyyən edilməsinə dair suallar qoyulmuş, lakin ekspertiza müəssisəsi tərəfindən ekspertiza aparılmadan materiallar məhkəməyə qaytarılmışdır.
38. Məhkəmə hesab edir ki, həmin hal iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının qanuniliyinə təsir göstərmir. Çünki ekspertiza təyin edilməsinin məqsədi yalnız iddia tələbinin hüquqi baxımdan əsaslı hesab ediləcəyi halda tutulmalı pul məbləğinin müəyyən edilməsindən ibarət olmuşdur. Hazırkı iş üzrə isə iddiaçının həmin ödənişi tələb etmək üçün maddi hüquqi əsası müəyyən edilmədiyindən ekspertiza nəticəsinin olmaması mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlməyə mane olmur.
39. Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini həm iddianın əsassız olmasına görə, həm də, iddia tələbi üzrə iddia müddətinin köçməsinə görə rədd etmişdir.
40. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsinin bu yanaşması səhv olmuşdur, çünki eyni zamanda həm iddia müddətinə, həm də iddianin əsassiz olmasına görə iddianın rədd edilməsi yolverilməzdir.
41. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşır. Çünki əsassız olan iddiaya iddia müddətinin tətbiq edilməsi həqiqətən də yolverilməzdir. Amma nəzərə alınmalıdır ki, bu kimi hal mövcud olsa da, Rayon Məhkəməsinin qəbul etdiyi “iddianın rədd edilməsi haqqında” qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Rayon Məhkəməsi iddianı rədd etməklə, faktlar nöqteyi-nəzərindən iş üzrə qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. g) apelyasiyanın nəticəsi
42. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur
43. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.