Məhkəmə qərarları › İş №2(103)-6045/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6045/2021

08.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6045/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “XƏZƏR-M” firmasında payın alğı-satqı müqaviləsinin Cavabdeh1 aid hissədə ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2055/2021 saylı, 15.04.2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “XƏZƏR-M” firmasında payın alğı-satqı müqaviləsinin Cavabdeh1 aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə məhkəmə tərəfindən baxılıb yekun qətnamə qəbul edilənədək və həmin məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənədək Cavabdeh1 “XƏZƏR-M” firmasındakı 50% təsisçi payının üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı, 15.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, Cavabdeh1 “XƏZƏR-M” firmasındakı 50% təsisçi payının üzərinə həbs qoyulmuş, qərardadın icrasının Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad çıxarılan zaman bundan öncə başa çatmış digər 2 məhkəmə mübahisəsinin nəticələri olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində müəyyən edilmiş faktlar və tərəflərə aid hüquq münasibətləri nəzərə alınmamışdır. Yəni, digər 2 məhkəmə mübahisəsinin predmetinin obyekti olan və hazırda mübahisələndirilən Cavabdeh1 «Xəzər-M» firrnasındakı 50% təsisçi payı ilə əlaqədəar tərəflər arasında yaranmış mübahisə üzrə məhkəmələrdə artıq hüquqi mövqe formalaşmış və alğı-satqı müqaviləsi ilə əlaqədar İddiaçı artıq heç bir hüququnun qalmadığı müəyyən edilmişdir. Hesab edir ki, mübahisə olunan payın Cavabdeh1 mülkiyyətimdə olmasının qanuni əsaslarla əldə edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində müəyyən edilmiş faktlar və hüquq münasibətləri hazırkı məhkəmənin diqqətindən yayındırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı, 03.05.2021-ci il tarixli qərardadıilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Bundan başqa kollegiya qeyd edir ki, hazırda mübahisənin predmeti nəzərə alındıqda, tərəflər arasında mübahisənin gedişi zamanı qeyd olunan payların özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apelyator şikayətində Cavabdeh1 «Xəzər-M» firrnasındakı 50% təsisçi payı ilə bağlı artıq qanuni qüvvəsini almasına dair məhkəmə qərarlarının olmasına istinad etsə də, hazırkı iddia tələbi iddiaçının «Xəzər-M» firrnasındakı təsis paylarına dair mülkiyyət hüquqlarının pozulması ehtimalını özündə ehtiva edir. Mübahisəli MMC-də olan təsis paylarına qoyulmuş həbsin ləğv edilməsi isə gələcəkdə iddianın təmin edilməsinə dair qətnamə qəbul edildiyi halda qətnamənin icrasının qeyri-mümkünlüyünə əsas ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı, 15.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar