Məhkəmə qərarları › İş №2(103)-6046/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6046/2024

18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6046/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("uşağın ölkədən kənara çıxarılması”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların ölkədən çıxarılmasına icazə verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4284/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı "uşaqların ölkədən çıxarılmasına icazə verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 2008-ci il təvəllüdlü X9 və 16 iyun 2010-cu il təvəllüdlü X4 anaları Cavabdeh razılığı olmadan ataları ilə birlikdə ölkədən getmək hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki ailə münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Nikah xx.xx.2008-ci ildə rəsmi qaydada qeydə aldırmışdır. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-ci il təvəllüdlü X6 adlı üç uşağı doğulmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-239/2024 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişi barədə Qərardadına əsasən tərəflər arasında nikah pozulmuş, nikahın pozulmasından sonra 26 aprel 2008-ci il təvəllüdlü X9 və 16 iyun 2010-cu il təvəllüdlü X1 Rüstəmovun yanında, digər uşaq 16 may 2016-cı il təvəllüdlü X6 isə anası Cavabdeh yanında saxlanılmışdır. Hazırda 26 aprel 2008-ci il təvəllüdlü X9 və 16 iyun 2010-cu il təvəllüdlü X8 ataları ilə birlikdə Portuqaliya Respublikasında yaşamaqla yanaşı, eyni zamanda təhsil alırlar. Uşaqlar davamlı olaraq ölkəyə gəlmək və ölkədən getmək məcburiyyətində olduğu üçün digər valideyinin icazəsi tələb olunur. Tərəflər arasında davamlı olaraq münasibətlərin soyuq olması bəzən bu icazənin verilməsinə maneələr yaradır. Davamlı olaraq maneəsiz şəkildə uşaqların ölkədən aparılıb-gətirilməsini təmin etmək üçün məhkəmə qətnaməsinə ehtiyac yaranmışdır. Tərəflər Mediasiya prosesindən keçsələr də, lakin bu məsələ öz həllini tapmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4284/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və İddiaçı Cavabdeh razılığı olmadan 26 aprel 2008-ci il təvəllüdlü X9 və 16 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək, iddiaçı ilə birlikdə daimi əsaslarla ölkəni tərk etmələri istisna olunmaqla, müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalarına icazə verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 24, 28; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5; 7.10, 7.11, 7.17, 7.18, 7.19; Ailə Məcəlləsinin 49.3, 50, 51.1, 51.4, 60.1, 60.2, 61.1, 61.2, 61.3, 61.4; Miqrasiya Məcəlləsinin 9.1, 9.2, 11.1, 11.2-ci maddələrinə; "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 saylı Qərarına; "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin 1, 2, 3-cü bəndlərinə istinadən qeyd edilmişdir ki, cavabdehin razılığını almaq mümkün olmadığından iddiaçının öz uşaqları ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək hüquqları pozulur. Bu zaman isə iddiaçı uşaqları ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək, təhsil və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur, hazırki işin halları baxımından iddiaçının uşaqları ilə birlikdə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar da mövcud deyildir. Belə olan halda, məhkəmə iddia ərizəsi ilə bağlı işin faktiki hallarını araşdıraraq, hesab etmişdir ki, iddia təmin olunmalı, İddiaçı Cavabdeh razılığı olmadan 26 aprel 2008-ci il təvəllüdlü X9 və 16 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək, iddiaçı ilə birlikdə daimi əsaslarla ölkəni tərk etmələri istisna olunmaqla, müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalarına icazə verilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Doğum haqqında şəhadətnamələrin surətinə əsasən, tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-ci il təvəllüdlü X6 anadan olmuşdur; - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 396813 saylı xx.xx.2020-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin nikahından 26 aprel 2008-ci il tarixdə X9 anadan olmuşdur; - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 474467 saylı xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin nikahından 16 iyun 2010-cu il tarixdə X8 anadan olmuşdur; - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 807331 saylı xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin nikahından 16 may 2016-cı il tarixdə X6 anadan olmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilməsi: 1. Tərəflər razılaşırlar ki, aralarında olan nikahın pozulmasına etiraz etmirlər. 2. Tərəflər yetkinlik yaşına çatana qədər 26 aprel 2008-ci il təvəllüdlü X5, 16 iyun 2010-cu il təvəllüdlü X4 "İddiaçının” yanında saxlanılmasının müəyyən edilməsi, yetkinlik yaşına çatana qədər 16 may 2016-cı il təvəllüdlü X3 isə "Cavabdehin” yanında saxlanılmasının müəyyən edilməsi barədə yekun məhkəmə aktının çıxarılması barədə razılaşırlar. 3. Tərəflər razılaşırlar ki, "İddiaçı” Məhkəmənin yekun aktı qanuni qüvvəyə minib nikahın pozulması barədə icra vərəqəsi veriləndən sonra "Cavabdeh” və 16 may 2016-cı il təvəllüdlü X3 yaşaması üçün "Cavabdeh”ə Bakı şəhərinin - Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının birində 2 otaqlı, yeni tikili hesab edilən təmir edilmiş, yeni əşyalarla təchiz edilmiş 2 otaqlı mənzil alıb verməyi və onun mülkiyyətinə keçirməyi öhdəsinə götürür. 4. Tərəflər razılaşırlar ki, "Cavabdeh” barışıq sazişi hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanıb elektron məhkəmə sistemi vasitəsilə təqdim edildikdən sonra aralarında olan Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatında olan e2(009)-409/2024 saylı mülki iş üzrə, Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan e-2(009)- 796/2024 saylı mülki iş üzrə iddiaların baxılmamış saxlanılması barədə ərizə verməyi öhdəsinə götürür. 5. Tərəflər razılaşırlar ki, "Cavabdeh” "Saziş” məhkəmədə təsdiq edilib hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alıb icra vərəqəsi veriləndən sonra, Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatında olmuş e-2(009)- 310/2024 saylı mülki iş üzrə qəbul edilmiş qətnamədən irəli gələn tələbindən imtina etməsi barədə ərizə verməyi, Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olmuş e-2(009)- 413/2024 saylı iş üzrə tərəfindən verilmiş apellyasiya şikayətini geri götürməyi, eyni zamanda Sazişin 3-cü bəndində qeyd edilən mülki işlər üzrə iddialardan imtina edilməsi barədə ərizələri müvafiq məhkəmələrə təqdim etməyi öhdəsinə götürür. 6. Bu sazişlə tərəflər gələcəkdə bir-birlərinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı iddia və tələblərinin olmayacağını öhdələrinə götürür. 7. Bu Sazişlə müəyyən edilmiş öhdəliklərin "İddiaçı” və ya "Cavabdeh” və ya hər ikisi tərəfindən yerinə yetirilməməsi Sazişin etibarsız hesab edilməsinə əsas olacaqdır. 8. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 9. Tərəflər təsdiq edirlər ki, X14 Barışıq Sazişi imzalanması səlahiyyəti aydın şəkildə qeyd edilmiş və məhkəmədə təmsil etmək səlahiyyəti olan etibarnamə verilmiş nümayəndəsi tərəfindən imzalanır. 10. X14 imzalandığı və Səbail rayon Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və "Saziş” üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 11. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir. 12. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir. Nüsxələrin biri "İddiaçı”da, ikincisi isə "Cavabdeh”də, saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Səbail Rayon Məhkəməsinə təqdim olunur. İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması və s” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(009)-239/2024 saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkməsinin e-2(004)- 4284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddanın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qəbul edilmiş xx.xx.2024-cü il tarixli e- 2(009)- 413/2024 saylı qətnaməsi əsaslandığı sübutları və halları düzgün təhlil etməmişdir. Bununla da,qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Maddənin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi onların izahatlarını təsdiq edən şahidləri dindirmədən, məhkəmə onlara məlum olmayan səbəbdən digər sübutlar olmadan halları yoxlamayıb qanunsuz və qiymətləndirmədən qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26 aprel 2008-ci il təvəllüdlü X9 və 16 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək, iddiaçı ilə birlikdə daimi əsaslarla ölkəni tərk etmələri istisna olunmaqla, müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalarına icazə verilməsi barədə qətnamə qəbul edən zaman əsaslandığı yeganə hal nümayəndəyə verdiyi suala aldığı cavabdır. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, uşaqların Portuqaliyada yaşama səbəbləri təhsil ilə əlaqədardır. Daimi olaraq xaricdə yaşama fikirləri yoxdur. İddiaçının işi Bakıdadır. Qanunun tələblərini pozan məhkəmə bu halı aydınlaşdırmamışdır ki, uşaqlar hal-hazırda hansı əsasla Portuqaliya Respublikasında yaşamaqdadırlar, prosessual Məcəllədə nümayəndəyə verilən suala cavab almaqla qətnamə qəbul edilməsi nəzərdə tutulmamışdır, Məcəllədə sübutlar əsasında qətnamə qəbul edilməsi nəzərdə tutulmuşdur. Hər tərəfli araşdırma vəzifəsi daşıyan məhkəmə bu deyilən suala cavabı hansı sübutlarla əsaslandırıldığına baxmalı idi. Artıq cavabdehin övladları bir il altı aydan artıqdır ki, Portuqaliya Respublikasında yaşamaqdadırlar və orada iddiaçının suala cavabda qeyd etdiyi kimi Azərbaycandan Portuqaliyaya sadəcə övladlarını oxutmaq üçün getməmişdirlər, hazırda iddiaçı orada bizness qurub investisiya etməklə viza əldə etməklə orada yaşamaqdadır, iddaçının hər hansı biznes və ya işi Azərbaycanda da deyildir, bu halların araşdırılması lazım idi, lakin məhkəmə bunu araşdırmalı, bu halların müəyyənləşdirilməsi ilə bağlı sübutları təqdiq etməli idi, lakin məhkəmə bunları araşdırmamışdır. Bununla belə qətnaməsində qeyd edir ki, daimi əsaslarla olmadan bunu hansı əsasla müəyyənləşdirir ki, artıq məhkəməyə bəlli olmamışdır ki, həmin uşaqlar ölkə ərazisindən kənarda hansı əsaslarla yaşamaqdadırlar. Hesab edir ki, iddiaçı uşaqların daimi əsaslarla aparılmaması halını məhkəmədə sübut edilməsinə dair hər hansı bir hala dair sübut təqdim etməmişdir. Bununla belə qanunsuz qətnamə qəbul edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:

5. İddiaçının vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etdiklərini, işi uzatmaq məqsədilə verildiyini, tərəflər arasında barışıq sazişinin olduğunu və həmin saziş əsasında X9 və X4 iddiaçının yanında saxlanılmasına dair qərardad olduğunu bildirməklə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. . Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanunun 1-ci maddəsinə və 2-ci maddəsinin 3-cü hissəsinə görə: Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ var. 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərin birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ-İV hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.

10. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3 və 5-ci maddəsinə əsasən: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60 və 61-ci maddələrinə əsasən 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 61.4. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. 61.5. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında sosial xidmət müəssisələrindən məlumat almaq hüququna malikdir. 61.6. Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduqda bu cür məlumat verilməsindən imtina edilir. Məlumat verilməsindən imtinadan şikayətə məhkəmə qaydasında baxılır.

12. "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən: 7.17. Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. 7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. 7.19. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. 7.20. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz. 7.21. Məhkəmə bu halda yuxarıda qeyd edilənlərdən fərqli olaraq, ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübut etmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər daha ciddi yoxlamadan keçirilməlidir. Belə ki uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır. Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir. Odur ki, uşağın valideyni ilə birlikdə daimi əsaslarla başqa ölkəyə getməsi onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübut etmə yükü də, məhz iddiaçının üzərinə düşür. 7.22. Bu yanaşma iddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiq edilməlidir. 7.23. Məhkəmələrə izah edilir ki, qətnamənin nəticə hissəsində iddia tələbində göstərilməyən, icazəni formal edən qanunla nəzərdə tutulmayan məhdudlaşdırıcı şərtlərin qeyd edilməsindən çəkinilməlidir. 7.24. Analoji işlər üzrə tələblərin xüsusiyyəti məhkəmələrə işlərə daha çevik və operativ baxılmasını zəruri edir. Xüsusilə, iddia tələbi icazənin konkret vaxt, konkret məqsədlər üçün verilməsi ilə şərtləndirildikdə məhkəmələr həmin tələbə elə ağlabatan müddətdə baxmalıdırlar ki, etiraz edən tərəfin prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək bütün məhkəmə instansiyalarını keçdiyi təqdirdə (və yaxud digər prosessual hüquqlarından istifadə etdiyi təqdirdə) irəli sürülən tələb öz aktualllığını itirməmiş olsun. Nəzərə almaq lazımdır ki, mübahisəni daha erkən yekunlaşdırmaq üçün məhkəmələrin Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulan səlahiyyətlərindən istifadə edərək uşağın mənafeyi ilə bağlı tərəflərin razılığa gələ bilmədikləri digər məsələlər də daxil olmaqla mübahisəni barışıq sazişinin təsdiqi yolu ilə yekunlaşdırması istisna edilmir. 7.25. Uşağın sağlamlığının qorunması məqsədi ilə xarici ölkədə təxirəsalınmaz şəkildə tibbi müayinə və müdaxilənin həyata keçirilməsinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahan və müsabiqələrdə iştirakının zəruri olduğu hallarda, uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan, iddianın ümumi şəkildə icazənin verilməsi məzmununda verildiyi halda məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın qeyd edilən məqsədlə konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verilə bilərlər. Məhkəmələr mübahisənin həllinədək uşağın məhdud şəkildə minimal səfər müddətində müvəqqəti olaraq valideynlərindən biri və yaxud beynəlxalq yarışlarla bağlı komandanın tərkibində təkbaşına getməsinə (valideynin birinin razılığının olduğu halda) icazənin verilməsindən ibarət müvəqqəti təminat tədbiri ilə bağlı vəsatətə baxılarkən, təxirəsalınmazlıqla bağlı yuxarıda qeyd edilən əsasların olmasına dair ilkin sübutların mövcudluğuna qiymət verməlidirlər. 7.26. Məhkəmələrə izah edilir ki, uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu, uşağın mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq - aşkar təhlükə yaradacağı digər hallarda, buna etiraz edən valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən icazənin ləğv edilməsinə dair yuxarıda sadalanan əsaslara dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşağın ölkədən çıxışı qadağan edilə bilər.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, şikayətin sübuta yetirilməyən dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, uşağın ölkədən getmək hüququ buna əsas olmadan məhdudlaşdırıla bilməz, iddia əsaslıdır və onun təmin edilməməsi üçün əsas olmayıb. Valideynlər arasındakı gərgin münasibət və uşaqların ölkə hüdudlarından kənara çıxmasına icazə verməməsi, yaxud digər səbəblərdən bunun mümkün olmaması uşaqların hüquqlarının həyata keçirilməsinə və dünya görüşünün artırılmasına maneə olmamalıdır. Bununla bərabər kollegiya qeyd etməyi vacib bilir ki, uşaqların ölkədən çıxarılması, baxılan hazırki iddia tələbi üzrə onların mənafeləri daxilində, yalnız müvəqqəti (istirahət, müalicə və s. məqsədlər üçün) səciyyə daşıya bilər. Belə ki, Konstitusiya və ailə qanunvericiliyi ilə uşaqların tərbiyyə və təhsilində, onlarla ünsiyyətdə olmaqda valideynlərin və digər yaxın qohumların hüquq və vəzifələri vardır, dövlət isə uşaqların hüquqlarının həyata keçirilməsinə nəzarət edir. Hazırki mülki münasibətlərdə uşağın xaricə aparılması uşağın digər hüquqlarından məhrum olunmasına və ya məhdudlaşmasına şərait yaratmamalıdır. Hazırki iş üzrə iddiaçı uşağının istirahət etmək, müayinə və müalicə olunmaq, mədəni tədbirlərdə iştirak etməsi üçün onunla birlikdə ölkə hüdudlarından kənara getmək məqsədi ilə iddia tələbi irəli sürmüşdür. Ona görə bu müstəvidə uşaqların hüquqlarının məhdudlaşması üçün əsaslar müəyyən edilmir. İddiaçının uşağı ilə bağlı malik olduğu təməl hüquqlardan biri onunla birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək və ölkəyə qayıtmaq hüququdur. Onun bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğu və mötəbər sübutlarla dəstəkləndiyi hallarda hər hansı məhdudiyyətə məruz qala bilər. Cavabdeh isə uşaqların atası ilə ölkədən getmək hüququnu məhdudlaşdırmağa imkan verən konkret hallara əsaslanmamış və bunları təsdiq edən sübutlar təqdim etməmişdir. Uşaqlar atanın himayəsindədir və uşaqların hər hansı digər şəxslərlə deyil, məhz atası ilə ölkədən getməsi təmin olunduğu halda, onların mənafeyinin pozulması ehtimalı ümumiyyətlə istisna edilir. Qeyd edilməlidir ki, - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli Barışıq Sazişinə əsasən: 1. Tərəflər nikahın pozulmasına və yetkinlik yaşına çatana qədər 26 aprel 2008-ci il təvəllüdlü X5, 16 iyun 2010-cu il təvəllüdlü X4 "İddiaçının” yanında saxlanılmasının müəyyən edilməsi, yetkinlik yaşına çatana qədər 16 may 2016-cı il təvəllüdlü X3 isə "Cavabdehin” yanında saxlanılması barədə razılaşmışlar. Bununla da, uşaqların mövqeyləri və mənafeləri istisna edilməklə Rüstəmli Alsunun və Rüstəmli Aylinin atalarının yanında qalmaları onları sonuncu ilə bir yerdə ölkəyə gəlmək-getmək hüququna təminat vermiş olur. Uşağın hüquqlarının təmin edilməsi - tərəflər arasında münaqişəli vəziyyətin olmamasını, onların birinin digərinə hörmət bəsləməsini və üstün mənafeyinə müvafiq uşağa tükənməz məhəbbətin nümayişi, habelə qarşılıqlı razılıq şəraitində valideyinlik hüquqlarının həyata keçirilməsini zəruri edir. Uşaqların rəsmi olaraq bir valideynin yanında qalması digər valideynə münasibətdə hüquq və vəzifələrin məhdudlaşdırılması kimi qiymətləndirlməməli, valideynlər uşaqların yaşam, tərbiyə və təhsillərinin həyata keçirilməsinə layiqli şərait yaratmalı və bunun üçün birgə hərəkət etməli, müvafiq icra orqanları uşaq hüquqlarının müdafiəsi üçün nəzarət səylərin əsirgəməməli, valideyn vəzifələrinin və uşaq mənafelərinin həyata keçirilməsinə öz səlahiyyətləri hədlərində əlverişli şəraitin və ona müvafiq münasibətlərin təmin edilməsinə imkanlar yaratmalıdırlar.

14. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4284/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar