Məhkəmə qərarları › İş №2(103)-6054/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6054/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6054/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı “X9 Evi-Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-32/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “X9 Evi-Uşaq Bağçası” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xidməti otaqların təmirinə çəkilmiş xərclər qismində 10.342 manat, əldən çıxmış fayda qismində 20.210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 30.582 manat məbləğində pul vəsaitinin cavabdeh “X9 Evi-Uşaq Bağçası” MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3969/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı “X9 Evi-Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair 2(007)-3969/2021 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-32/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 10.342 manat dəymiş zərər və 10.105 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 20.447 manat pul vəsaitinin tutularaq, iddiaçı “X9 Evi-Uşaq Bağçası” MMC-yə ödənilməsi, ekspertiza xərci qismində sərf edilmiş 350 manatın 66%, yəni 231 manat hissəsinin Cavabdeh, qalan 34%, yəni 119 manat hissəsinin iddiaçı “X9 Evi-Uşaq Bağçası” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 66 %, yəni 20 manat hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 34 %, yəni 10 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2023-ci il tarixli, 2(103)-6054/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı “X9 Evi-Uşaq Bağçası” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış və hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qətnamə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş və bu barədə ona bildiriş göndərilmişdir. Həmin qətnamənin xx.xx.2023-cü il tarixdə yerləşdirilməsi barədə bildiriş eyni zamanda cavabdehin nümayəndəsi və vəkilinə də göndərilmişdir. Buna baxmayaraq, apellyasiya şikayəti cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə, yəni müəyyən olunmuş prossesual müddət bitdikdən 19 gün sonra verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin mülki prosessual qanunvriciliklə müəyyən edilmiş müddətlərdə verildiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(103)-6054/2023 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-32/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-32/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Lakin qətnamənin tərəflərin, o cümlədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin sistemdə yaradılmış elektron kabinetlərinə yerləşdirilməsi müəyyən edilmir. Lakin iş materiallarında olan poçt qəbzindən qətnamənin cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim edildiyi müəyyən edilir. Bu baxımdan cavabdehə münasibətdə apellyasiya şikayəti vermək üçün 1 aylıq müddətin axını xx.xx.2023-cü il tarixdə başlanmış, xx.xx.2023-cü il tarixdə isə bitmişdir. Apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni 16 gün gecikmə ilə göndərilmişdir. Bununla belə, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbləri baxımından cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Nəticə etibarı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Bu da öz növbəsində apellyasiya şikayəti üzrə apellyasiyanın müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi əsası ilə qeyri-mümkün hesab edilməsinə əsas yaradır və apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(103)-6054/2023 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-32/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360-cı, 363-cü, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(103)-6054/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-32/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-32/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar