Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-606/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 oğlunun, Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin (bundan sonra"xxxx" MTK) Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “mənzilin hərracda satılması, satışdan əldə edilən 25.000 manat vəsaitin və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.08.2021-ci il il tarixli, 2(010)-35/2021 nömrəli qətnaməsindən ilk iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MTK Cavabdeh qarşı (3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin boşaldılması və 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Cavabdeh "xxxx" MTK-ya qarşı (3-cü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC olmaqla) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka haqqında qanunun normalarına əsasən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı “mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK-nın mülkiyyətində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə, ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı, 106 nömrəli mənzil Cavabdeh satılmışdır. Cavabdeh bir müddət müqavilə üzrə ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq, ödənişlərini dayandırmışdır. Cavabdehə dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baömayaraq, o, ödəmə qabiliyyətinin olmadığını bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən cavabdehə bu barədə dəfələrlə bildirişlər göndərilmişdir. Cavabdehlə Beynəlxalq Bank arasında bağlanmış müqavilənin 13.9-cu bəndinə əsasən Borc alan tərəfindən həmin müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər üz ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 30 avqust 2016-cı il tarixli "xxxx" MTK ilə Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə, ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı, 106 nömrəli mənziln qeyd şərtsiz boşaldılmasını tələb edir. Borc alan isə qeyd şərtsiz həmin mənzili boşaldır. Bütün bunlara baxmayaraq, cavabdeh mənzilin könüllü olaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da, cavabdeh müqavilə üzrə öhdəlik tələblərini yerinə yetirməmişdir. Bu səbəblərə görə Cavabdeh mənzilə mülkiyyət hüququnu itirməsini nəzərə alınaraq mənzilin boşaldılması, onunla "xxxx" MTK arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi zərurəti yaranmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasını belə əsaslandırmışdır ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasına razı deyil. COVİD-19 koronavirus pandemiyası səbəbindən onun ödəmələrində gecikmələr olmuşdur. Həmin mənzilə onun tərəfindən təmir xərcləri çəkilmişdir. Ödənilən və çəkilən xərclər çıxıldıqdan sonra yenidən ödəmə qrafikinin tərtib edilməsini və həmin qrafik əsasında ödəmələri edəcəyini bildirir. Hazırda onun başqa yaşamağa yeri yoxdur və himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Buna görə də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin hərracda satılmasını, satışdan əldə edilən 25.000 manat pulun ona ödənilməsini və mənzilin təmirinə xərclənən pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(010)- 35/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, 10 manat məhkəmə xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, borcun qaytarılmasına dair öhdəliyi cavabdeh bank qarşısında götürmüş və həmin mənzilə dair ödənişlərin bankın hesabına ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. Azərbaycan Beynəlxalq Bankı ilə "xxxx" MTK arasında isə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçı cavabdehin Azərbaycan Beynəlxalq Bankı qarşısında yaranmış öhdəliyinə əsasən "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış payçı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, cavabdeh "xxxx" MTK qarşısında başqa öhdəlik, Azərbaycan Beynəlxalq Bankı qarşısında isə başqa öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Həmin qətnamədən narazı qalan ilk iddiaçı "xxxx" MTK apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(010)-35/2021 saylı qətnaməsini ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edib ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbuil edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, bankın təminatlı kredit müqaviləsi üzrə cavabdehə verdiyi kredit məbləğinə görə MTK-nın külli miqdarda əmlakı və pul vəsaitləri bankın girovundadır. Bundan başqa, MTK-nın həmin kredit məbləğinə görə bank qarşısında zaminliyi də vardır. Bank cavabdehə həmin krediti məhz MTK-nın bu təminatlarına görə vermişdir. MTK isə bu təminatı banka payçı müqaviləsi üzrə cavabdehin MTK qarşısında üzərinə götürdyü, yuxarıda qeyd edilmiş öhdəliyi nəzərə alaraq vermişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işi lazımi səviyyədə araşdırmamış və qətnamədə mübahisəli mənzili yanlış olaraq bankın girovunda olan mənzil kimi qiymətləndirmiş və hesab etmişdir ki, cavabdeh kredit öhdəliklərinə görə MTK qarşısında deyil, bank qarşısında məsuliyyət daşıyır. Buna görə də, cavabdehin kredit öhdəliklərini icra etməməsi, MTK ilə cavabdeh arasında bağlanılmış payçı müqaviləsinin ləğvinə səbəb ola bilməz. Lakin məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilməmişdir. Əksinə MTK bankın təminatlı kredit müqaviləsi üzrə cavabdehə verdiyi kredit məbləğinə görə özünün külli miqdarda əmlakını və pul vəsaitlərini banka girov qoymuşdur. Həmçinin, cavabdehin aldığı mənzilə görə bank tərəfindən MTK-ya ayrılan kredit məbləğini də bank öz depozitində girov saxlamışdır. Buna görə də MTK depozit hesabında yerləşən həmin pul vəsaitindən istifadə etməmişdir. Belə olan halda isə tərəflər arasında bağlanılmış, yuxarıda qeyd edilmiş müqavilə şərtlərinə uyğun olaraq, payçı müqaviləsinin ləğvi barədə MTK-nın cavabdehə qarşı iddia qaldırmaq hüququ vardır. Lakin məhkəmə bu halları və müqavilə şərtlərini nəzərə almamış, nəticədə tamamilə qanunsuz və əsassız olan qətnamə çıxarmışdır. Bununla da MTK -nın hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil, yalnız ilk iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsi təşkil edir. Məhkəmə iclasında iştirak edən ilk iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və X8 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, ilk iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan ********* saylı 30 avqust 2016-cı il tarixli payçı müqaviləsinin 1.1-ci bəndindən müəyyən edilir ki, MTK payçı qismində çıxış edən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli, 3 otaqlı mənzili tikib və Payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndindən müəyyən edilir ki, payçı bu müqaviləyə əsasən payçı qismində çıxış edən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndindən müəyyən edilir ki, “Payçı” müqavilə qiymətinin qalan 130.115 AZN-nə bərabər tutulan məbləğini, “Payçı” “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.7-ci maddəsindən müəyyən edilir ki, “Payçı” tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzilin sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir. Həmin Müqavilənin 8.1-ci bəndindən müəyyən edilir ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, «MTK» müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda «MTK» həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ «Payçı»ya qaytarılır. Həmin Müqavilənin 8.11-ci bəndindən müəyyən edilir ki, «Payçı» tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrı-ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda «Payçı» qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. İş materiallarına əlavə edilmiş 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh ilə bağlanmış təminatlı kredit müqaviləsindən (daxili ipoteka üçün) müəyyən edilir ki, "xxxx" MTK arasında imzalanmış 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqavilənin predmeti olan mənzilin alınması üçün 130115 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li kredit müqaviləsinə əlavə No. 1-dən müəyyən edilir ki, bank Cavabdeh illik 10 % olmaqla 240 ay müddətə, aylıq ödəniş 1255.70 manat olmaqla 130.115 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li Azərbaycan Beynəlxalq Bankı ilə "xxxx" MTK arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, "xxxx" MTK 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li kredit müqaviləsinə əsasən 130115 manat məbləğindən 240 ay müddətinə verilən kreditin və ona hesablanmış qaytarılmasının təminatı kimi öhdəliklərin yerinə yetirilməsinə görə Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh və "xxxx" MMC-yə ünvanlanmış «İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında» Bildirişin surətindən görünür ki, 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li kredit müqaviləsinin şərtləri borclu Cavabdeh tərəfindən pozulmuş və aylıq ödənişlər gecikdirilmiş, nəticədə onun 09.06.2017-ci il tarixə Banka olan gecikdirilmiş borcu 6105,88 manat təşkil etmişdir. Bank kredit müqaviləsinin 13.2 və 13.9-cu bəndləri xatırladaraq borcludan 5 iş günü ərzində yaranmış borcu ödəməyi tələb etmiş, borc ödənilməyəcəyi təqdirdə, kredit və zaminlik müqavilələrinin ləğvi, mənzilin boşaldılaraq zaminə təhvil veriləcəyi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı ASC-nin müştəri xidmətləri Departamenti tərəfindən verilmiş 14.01.2022-ci il tarixli 035 saylı arayışdan müəyyən edilir ki, 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT saylı müqaviləyə əsasən X6 verilmiş kreditin təminatı olaraq Azərbaycan Beynəlxalq Bankı ASC ilə "xxxx" QSC arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borc alanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc 18,021.95 (on səkkiz min iyirmi beş) manat məbləği "xxxx" QSC-nin Azərbaycan Beynəlxalq Bankı ASC-də yerləşdirilmiş əmanətinə yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı ASC-nin müştəri xidmətləri Departamenti tərəfindən verilmiş 14.01.2022-ci il tarixli MXK-036 saylı arayışdan müəyyən edilir ki, 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT saylı müqaviləyə əsasən X6 mənzilin əldə edilməsinə görə 130,115.00 (yüz otuz min yüz on beş) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. X4 həmin kredit müqaviləsi üzrə 14.01.2022-ci il tarixə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilərək keçirilmiş və iş materiallarına əlavə edilmiş 17.06.2021-ci il tarixli 10/828 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin daxilində istilik xətti çəkilmiş, yalnız eyvanda kombi avadanlığı quraşdıralaraq mətbəxin daxilində istilik sistemi çəkilmiş və həmin istilik sistemi çəkilməsinin ümumi dəyəri (zəhmət haqqı və material ilə birlikdə) 1395 manat təşkil etmişdir. Mənzildə payçının vəsaiti hesabına mətbəxin daxilində 25 mm ölçüdə plasmas boru ilə istilik xətti çəkilmiş, 2,7x5,0 ölçüdə dekor divar kağızı vurulmuş, mətbəx mebelinin arxasına kafel vurulmuş, eyvanın daxilində plastik materialından şkaf və kombi aparatı quraşdırlılmış, mətbəxin, dəhlizin, uşaq otağının tavanı boya ilə rənglənmiş, yaşayış otağının və dəhlizin döşəməsinin haşiyəsi dəyişdirilmiş, hamamın daxilində 0,45x2,5 m ölçüdə rəngli plastik qapı və hamamayaqyolunun havalandırma quraşdırılmış, görülən təmir və quraşdırılma işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2514,5 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi nəticə ilə razılaşmır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilən hallarından görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzil MTK tərəfindən Cavabdeh verilmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li təminatlı kredit müqaviləsi ilə Cavabdeh və "xxxx" MTK arasında imzalanmış 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqavilənin predmeti olan mənzilin alınması üçün Cavabdeh 130.115 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı ilə "xxxx" MTK arasında bağlanmış 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF-GT №-li zaminlik müqaviləsinə əsasən 31 avqust 2016-cı il tarixli 1-31-08-2016-AF- GT №-li kredit müqaviləsi üzrə götürülmüş 130.115 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi öhdəliklərin yerinə yetirilməsinə görə MTK Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətləri kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh (Budaqova) tərəfindən müqavilə üzrə bir müddət öhdəlikləri icra edilsə də, sonradan o, ödənişlərini dayandırmış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda iş materialları ilə o da müəyyən edilir ki, "xxxx" MTK 31 avqust 2016-cı il tarixli zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq borclu Cavabdeh (Budaqovanın) Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında kredit müqaviləsi üzrə yaranmış borcunu tam ödəmişdir və hazırda həmin kredit müqaviləsi üzrə bank qarşısında icra edilməmiş öhdəlik qalmamışdır. Cavabdeh (Budaqova) tərəfindən ümumilikdə 18169,79 manat ödənişlər aparılmış, habelə onun tərəfindən mübahisəli mənzildə 2514 manat dəyərində müəyyən təmir işləri həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 567-ci maddəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını qanunvericiliyin yuxarıda sadalanan tələbləri, həmçinin tərəflərin arasında bağlanmış müqavilənin yuxarıda sadalanan şərtləri əsasında qiymət verməklə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" MTK cavabdeh Qafarlı (Budaqova) Arzu Rahib qızının "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, Cavabdeh (Budaqova) ilə aralarında bağlanmış 30 avqust 2016-cı il tarixli ********* saylı «Payçı müqaviləsi»nin ləğv edilməsini, habelə Cavabdeh (Budaqovanın) mübahisəli mənzili boşaltmasını tələb etmək hüququ yaranmışdır («Payçı müqaviləsi»nin 2.4, 4.2.7, 8.1, 8.11-ci bəndləri). Ona görə də, "xxxx" MTK cavabdeh Qafarlı (Budaqova) Arzu Rahib qızına qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini düzgün təfsir etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu səbəbdən hazırkı mülki iş üzrə mübahisələndirilən hissədə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə mübahisələndirilən hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 229, 392-1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(010)- 35/2021 saylı qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilsin və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan 3 otaqlı mənzil cavabdeh tərəfindən boşaldılsın. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-606/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-606/2022
14.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver