Məhkəmə qərarları › İş №2(103)-6064/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6064/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6064/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil2, Cavabdehin nümayəndəsi, vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı "alimentin yarısının uşağın bank hesabına köçürülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami rayon məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(007)-997/2021-007 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ilkin, iddaçı Cavabdeh İddiaçı qarşı alimentin yarısının uşağın bank hesabına köçürülməsinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Nikahın qeydiyyatı 25.12.2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsində aparılmışdır. Bu nikahdan 10.03.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Amma artıq bir ildən çoxdur ki, nikahları faktiki olaraq pozulmuşdur. O, övladı ilə birlikdə anasının himayəsində yaşayır. Həyat yoldaşı rəsmi olaraq çalışır və daimi gəliri vardır. Onda olan məlumata əsasən, cavabdeh “X5” şirkətində çalışır, pilotdur və vertolyot idarə edir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını, cavabdehin aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasını və iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində birgə nikah dövründə 10.03.2016-cı il tarixdə anadan olmuş X1 dair aliment tələbi ilə məhkəməyə müraciət etmiş və tələbin əsası kimi Ailə Məcəlləsinin 76.1.2-ci maddəsini rəhbər tutmuşdur. Belə ki, bir müddət öncə aralarında narazılıq yaranmış və həyat yoldaşı Rəfiqə övladı ilə birlikdə ondan uzaqlaşmış, hal-hazırda ayrı yaşayır. O, vaxtaşırı onlara baş çəkir, övladı ilə görüşür və ona dəstək verir. Dəfələrlə cəhd göstərməsinə baxmayaraq, yoldaşı barışmaq niyyətində olmadığını göstərmiş və hazırki mövcud vəziyyət onu göstərir ki, ailələri dağılmaq üzrədir. O, işləyir, stabil gəliri mövcuddur. Odur ki, qarşılıqlı iddianı təmin edərək əmək haqqının dörddə bir hissəsinin 50%-ni övladı X2 adına bankda açılmış hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(007)-997/2021-007 nömrəli qətnaməsi ilə İlk iddia tələbi təmin edilmiş, Cavabdeh 10 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment İddiaçı tutulması qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianın hansı səbəbdən təmin olunmadığını göstərməmişdir. Həmçinin, məhkəmə işi araşdırmamış, təqdim edilən sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin qarşılqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin edərək əmək haqqısının (dörddə bir hissəsinin) 1/4 hissəsinin 50% övladı X2 adına bankda açılmış hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılqılı iddia tələbinə hüquqi qiymət verərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibət bildirmədən, hansı səbəbə görə təmin olunmadığı qeyd etmədən, onun təmin olunmamasını qət etmişdir. İşin mübahisləndirilməyən hallarından görünür ki, tərəflər 25.12.2014-cü ildə nikahlarını qeyd etdirməklə evlənmişlər, onların birgə nikahından 10 mart 2016-cı ildə X4 anadan olmuş, hazırda tərəflər arasındakı ailə münasibətləri pozulmuş və iddiaçı nikahın pozulması, uşağın ananın yanında qalması və alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. İş materiallarından həmçinin görünür ki, qarşılıqlı iddiaçı ASP Helicopter Services MMC-də ikinci pilot vəzifəsində çalışır və aylıq əmək haqqı 5637 manat təşkil edir. Qarşılıqlı iddiaçı onunla iddiaçının arasında nikahın pozulmasına, onların birgə uşaqları olan Amiran Məlikovun nikah pozulduqdan sonra anasının yanında qalmasına və aylıq qazancının ¼ hissəsinin uşağın saxlanması üçün ondan tutularaq iddiaçıya ödənilməsinə etiraz etməsə də, aliment məbləğinin yarısının uşağın adına açılacaq bank hesabına köçürülməsini xahiş etmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa görə, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin sadalanan normalarınından göründüyü kimi qarşılıqlı iddiaçıdan aliment şəklində tutulmalı olan onun aylıq gəlirinin məbləği «2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqların saxlanması üçün müəyyən edilmiş 175 manat yaşayış minimumu həddindən əhəmiyyətli dərəcədə artıqdır. Tutulmalı olan aliment məbləğinin 50 faizinin uşağın adına açılacaq bank hesabında yerləşdirilməsindən sonra, yerdə qalan aliment məbləği hazırkı vəziyyətdə uşağın minimal tələbatları ilə yanaşı, onun əvvəlki yaşayış şəraitinə uyğun təminatını da tam təmin etməyə imkan verir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası uşağın yaşının az olmasını və həmin yaşa uyğun tələbat səviyyəsini nəzər alır. Bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, uşağın adına açılacaq bank hesabında yerləşdirilən aliment məbləğinin özü də ailə qanunvericiliyinin müddəalarına görə, uşağın əmlakı sayılır və uşaq böyüdükcə, həmin hesabda toplanmış məbləğ onun artan tələbatlarının ödənilməsi məqsədilə istifadə edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsaslı olmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.9-cu bəndində göstərilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №-li 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərətindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstorilməlidir. Həmin Qərarın 8.1-ci bəndinə əsasən işdə qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraatda bir neçə tələb birləşdirildikdə və yaxud işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Plenum qeyd edir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin qarşılıqlı iddianın rədd olumasına dair hər hansı əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, qarşılıqlı iddia təmin olunmalı, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 384, 385, 385, 386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-997/2021 saylı 12.03.2021-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh 10 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2020-ci il tarixdən başlayaraq tutulan əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin 50 faizi X2 adına bankda açılmış hesaba köçürülsün. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar