Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6071/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Fəxrəddin oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh Fəxrəddin oğlu apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya nikahları məhkəmə qaydasında ləğv edilmədən öncə övladlarının aliment pulunu birdəfəlik ödəmişdir. Belə kı, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu X3 iştirakı ilə İddiaçı övladlarının aliment pulunu birdəfəlik ödəmişdir. İddiaçı da notarial qaydada təsdiq edilmiş ərizədə ondan və valideynlərindən aliment tələb etməyəcəyini bildirmişdir. Birdəfəlik alimenti ona görə iddiaçıya ödəmişdir ki, gələcəkdə ona qarşı tələbi olmasın. İddiaçının ona qarşı bu iddiası qərəzlidir və niyyəti onun ikinci ailəsinə xələl gətirməkdir. O, xx xxx 2019-cu il tarixdə İddiaçı Əliyar qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Lakın 2018-ci ildən qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. Onların birgə münasibətindən bir övladları- xx xxxx 2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Hal-hazırda da övladları Şəfiqə və Süleyman ilə görüşür. Onlar ilə olan münasibəti çox yaxşıdır. Bunu iddiaçı özüdə çox yaxşı bilir. Övladlarına aliment pulunu bırdəfəlik ödəməsinə baxmayaraq, onların digər təlabatlarını da ödəyir (geyim, yemək, içmək və digər məktəb xərcləri). Bunları qeyd etməkdə məqsədi iddiaçının ona qarşı etdiyi bu haqsız addımdır. Övladlarına birdəfəlik alimenti ödəmək üçün evini satmış, hazırda işsizdir,heç bir yerdən gəliri yoxdur. Məhkəmə iclasında Cavabdeh Fəxrəddin oğlu şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı bildirdi ki, cavabdeh həmişə onu öldürəcəyi ilə təhdid edirdi. Qorxduğu üçün qeyd etdiyi ərizəni yazmışdır. Çünki, cavabdeh xəstəliyi ilə bağlı əsgərliyə də getməmişdir. Lakin indi cavabdehdən heç bir qorxusu yoxdur, ondan şikayət də etmək istəyir. Çünki artıq uşaqların xərclərini çatdıra bilmir. Satılan mənzilin pulundan ona heç nə verilməyib. Əgər verilsəydi bunu ərizəsində qeyd edərdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə da şikayətə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixii, 2(004)- 9184/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 anasının yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 170 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi onun alimenti ödəməyə imkanı çatmadığı onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu əvvəlki nikahından doğulmuş uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Üçüncüsü, cavabdeh alimenti birdəfəyə ödəməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Təqdim etdiyi ərizənin məzmunu isə nəinki alimentin birdəfəyə ödənilməsini təsdiq edir, əksinə iddiaçının apellyasiya baxışında göstərdiklərinin inandırıcı və ağlabatan olduğunu bilavasitə təsdiq edir. Çünki, uşaqlara aliment tələb edilməsindən imtina edilməsinə şəxs məcbur edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Fəxrəddin oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh Fəxrəddin oğlunun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6071/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6071/2020
07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver