Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6071/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2868/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 m2 olan mənzilin əvəzinə Bakı şəhəri, K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binada sahəsi 89.4 m2 olan 2 otaqlı 31 nömrəli və sahəsi 89.4 m2 olan 2 otaqlı 58 nömrəli təmirsiz mənzil verilməsi, Cavabdeh isə "xxxx" MMC-yə 22000 (iyirmi iki min) manat pul ödəməsinə dair 04 iyul 2021-ci il tarixli müqavilələrin ləğv edilməsi, Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə vəsatət təqdim edərək hazırki işin aidiyyatı üzrə Naxçıvan MR Culfa Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2868/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mülki iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindəncavabdehə təklif edilən mənzil Nizami rayonunun ərazisində yerləşir. Bu səbəbdən hazırkı iş üzrə müstəsna aidiyyət tətbiq edilməlidir. Həmçinin müqavilənin icra yeri Bakı şəhəri Nizami rayonu ərazisində olduğundan işə mahiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2868/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş, cavabdehin nümayəndəsi və vəkili tərəfindən şikayətə etiraz, iddiaçı tərəfindən aidiyyat məsələsinə daha öncə baxılması ilə bağlı qərardad təqdim edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Nizami Rayon Məhkəməsinin 2(007)-2868/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyatı üzrə göndərərkən hazırki iddianın cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq məhkəmədə baxılmalı olduğu qənaətinə gəlmiş və buna görə də işin aidiyyatı üzrə Culfa Rayon Məhkəməsinə göndərilməli olduğunu hesab etmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən normalarını hazırki iddia tələbinin mahiyyətinə uyğun tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədənnin ləğv edilməsi ilə bağlıdır və bu da yuxarıda qeyd edilən Məcəllənin 36.11-ci maddəsini, yəni müqavilənin icra yerinə görə iddianın verilə bilməsinin mümkünlüyünü ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, işin materiallarından göründüyü kimi hazırki mülki iş aidiyyat qaydalarına riayət edilməklə 2(007)-1919/2024 nömrə ilə Nizami Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə cavabdehin aidiyyat üzrə vəsatətini müzakirə edərək təmin etməmiş, həmin qərardad qanuni qüvvəsini almışdır. Həmçinin Nizami Rayon Məhkəməsində olan e-2(007)-215/2024 saylı iş üzrə də hazırki iddia tələbi qarşılıqlı iddia ərizəsi olaraq təqdim edilmiş və düzgün aidiyyat qaydalarına əsasən icraata götürülmüş, sonradan iddiaçının müraciəti ilə ərizə geri götürülmüşdür. Göründüyü kimi sözügedən iddia ərizəsi daha öncə də Nizami Rayon Məhkəməsi tərəfindən düzgün olaraq icraata götürülərək aidiyyat üzrə baxılması məsələsinə artıq hüquqi qiymət verilmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilən şikayət təmin edilməli, Nizami Rayon Məhkəməsinin 2(007)-2868/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilən şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2868/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-6071/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6071/2024
23.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver