Məhkəmə qərarları › İş №2(103)-6090/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6090/2025

02.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6090/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2025-ci il tarixdə Jasmin adlı övladları doğulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona hamiləlik dövründə və uşaqları doğulduğu gündən üç il ərzində hər ay minimum əmək haqqının 0,75 misli məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 dekabr 2024-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə yaşadıqları müddət ərzində o, hamilə olmuşdur, hazırda 33 həftəlik hamilədir. Cavabdehlə birgə yaşadıqları müddət ərzində aralarında heç bir əsaslı səbəb olmadan narazılıq yaranmış və o, 3 aylıq hamilə olarkən, yəni 16 fevral 2025-ci il tarixdən cavabdeh onu hamilə vəziyyətində qoyaraq çıxıb getmişdir. Həmin vaxtdan da bütün münasibətləri kəsilmişdir. Bu müddət ərzində o, hamilə olduğuna baxmayaraq, cavabdeh onunla maraqlanmamış, ona heç bir maddi yardım göstərməmişdir. Belə ki, o, hamilə olduğu müddətdə onun daim müayinə və müalicələrə ehtiyacı olmuşdur. Bütün bunları o, özü qarşılamalı olmuşdur. Hazırda uşağın dünyaya gəlməsi ərəfəsindədir və bu səbəbdən də, müəyyən ehtiyacları vardır ki, həmin ehtiyacları tək qarşılamaqda çətinliklər çəkir

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2(002)-2942/2025 saylı qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi rədd edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 84.1, 84.2, 84.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən, yalnız cavabdeh tərəfin izahatına və öz əsassız mövqeyinə əsaslanmışdır. Halbuki, iddianın tam əsaslı olmasına dair kifayət qədər əsas vardır. Qanunvericiliyin tələbinə əsasən də, hamiləlik dövründə də, cavabdeh maddi və mənəvi məsuliyyət daşıyır. Bunun əvəzində o, ailəsinə, gələcək doğulacaq övladına və hazırda da, dünyaya gəlmiş övladına biganəlik nümayiş etdirmiş, əfsuslar olsun ki, hakim belə bir şəxsin mövqeyini müdafiə edərək, onun və körpə övladının hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. Cavabdeh və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, bu qəbildən olan işlərə baxılarkən xeyrinə aliment tutulması tələb edilən uşağın bioloji atasının məhz cavabdeh olmasını təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır. Lakin uşağın adına verilən doğum haqqında şəhadətnamə (uşağın atasının ərizəsinə əsasən atalığın etiraf edilməsinə dair şəhadətnamə, yaxud məhkəmə tərəfindən müəyyən edilən hüquqi fakta əsaslanaraq təqdim edilən şəhadətnamə) məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən, hazırkı vəziyyətdə bu səpkili iddia cavabdehin buna maddi imkanı olubolmamasından asılı olmayaraq təmin edilə bilməz.

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

16. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

17. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında rəsmi nikah mövcuddur və bu nikah hələ pozulmayıb. Uşaq qanuni nikahdan doğulmuş uşaqdır.

18. İddiaçı apellyasiya şikayətinə uşağın doğum haqqında şəhadətnaməsini əlavə etmişdir, həmin şəhadətnaməyə görə xx.xx.2025-ci il tarixdə doğulmuş X1 atası Cavabdehdur.

19. Apellyasiya baxışı zamanı həmçinin müəyyən olundu ki, uşağın doğum akt qeydindəki atalıq qeydinə dair məlumatlar cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Yəni, nə qədər ki, bunun əksi sübut olunmayıb, uşaq qanuni nikahdan doğulmuş uşaq hesab edilir və atası da cavabdeh sayılır.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

21. İş materiallarından da görünür ki, tərəflərin uşaqları üç yaşına çatmayıb və iddiaçı 3 aylıq hamilə olarkən, xx.xx.2025-ci il tarixdə cavabdeh onu tərk etmişdir.

22. Qanunvericiliyin mənasına görə hamiləlik dövründə və uşaqlarının doğulduğu gündən üç il ərzində ər arvada maddi cəhətdən kömək göstərməkdən imtina etdikdə arvad zəruri vəsaitə malik olan ərdən aliment tələb edə bilər.

23. İddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən aliment məbləği həmin vaxtdan tutulmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının özü üçün hamiləlik dövründə və uşaq üç yaşına çatanadək ona qulluq etdiyinə görə aliment tutulması tələbini rədd etməklə iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, AZEMİS elektron məhkəmə sistemindən əldə edilən çıxarışa əsasən cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 984 manat təşkil edir.

25. Məhkəmə kollegiyası ölkə üzrə nəzərdə tutulmuş yaşayış minimumunu, ananın uşağa qulluq etdiyinə görə faktiki olaraq işləmədiyini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia qismən təmin edilməklə, cavabdehdən iddiaçının hamiləlik dövrü və uşaq üç yaşına çatanadək iddiaçının özü üçün ağlabatan məbləğ kimi 100 manat sabit pul məbləğində aliment tutulmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya qaydasında mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üç yaşına çatanadək hər ay 100 (yüz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar