Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6092/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2880/2021 saylı işi üzrə 18 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.12.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər 2016-cı ilin fevral ayında qeyri-rəsmi ailə həyatı qurmuşlar. Cavabdehlə faktiki nikahdan 08.12.2017-ci il tarixdə Osman adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri normal olsa da, sonra pisləşmiş və birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşağın maddi tələbatının ödənilməsi, sağlamlığının qayğısına qalması və normal inkişafı üçüm xeyli vəsait tələb olunur. Uşağın təkbaşına bütün maddi tələbatlarını ödəməyə imkanı olmadığından aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2880/2021 saylı işi üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 25.02.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 08.12.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilnməsi qət edilmişdir. Qətnamədə Konstitusiya 17; "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa; Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər.Beləliklə, məhkəmə uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsini cavabdehin hal-hazırki maddi vəziyyətinə və mənafeyinə uyğun hesab edir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 18.03.2021 -ci il tarixli, 2(001)-2880/2021 saylı qətnaməsinin qismən ləğv edilərək Cavabdeh hər ay X4 görə tutulması qət edilmiş 175 manat miqdarında aliment məbləğinin azaldılaraq hər ay 100 manat sabit pul məbləğinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, ilk olaraq bildirmək istər ki, məhkəmə mövcud iş üzrə bütün faktiki halların araşdırılması öhdəliyini layiqincə həyata keçirməmişdir. Nəzərə almaq lazımdır ki, Cavabdeh 2-ci dəfə ailə həyatı qurmuşdur. Belə ki, Cavabdeh ilə X5 18.12.2007-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Tərəflərin birgə nikah münasibətlərindən 07.09.2001-ci il təvəllüdlü X6, 13.03.2003-cü il təvəllüdlü X7, 05.08.2008-cı il təvəllüdlü X9 və 03.06.2013-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Hazırda cavabdehin X5 ilə rəsmi ailə münasibətləri davam etməkdə, himayəsində isə 2-si yetkinlik yaşına çatmamış olmaqla dörd övladı var və onların bütün maddi ehtiyacı cavabdeh tərəfindən qarşılanmaqdadır. Lakin nəticədə isə cavabdehin himayəsində dörd övladının olmasına, daimi iş yerinin olmaması və günəmuzd işləməsinə, eləcə də mövcud pandemiya şəraitinin höküm sürməsi nəticəsində cavabdehin maddi vəziyyətinin qənaətbəxş hesab edilməməsinə baxmayaraq, məhkəmə tərəfindən 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilmişdir. Halbuki sözügedən qətnamənin qəbul edilməsi cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə ağırlaşmasına səbəb olmuşdur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 2. İkinci qeyd edəcəyimiz hal isə ondan ibarətdir ki, sözügedən qətnamədə cavabdehin məhkəmə iclasının vaxtı və yeri ilə başlı qanunla müəyyən edilmiş qaydada və müddətdə məlumatlandırılması qeyd edilməsinə baxmayaraq, bu barədə cavabdeh nə elektron qaydada, nə də məhkəmə bildirişi vasitəsi ilə hec bir xəbərdaredici xarakterli məlumat əldə etməmişdir. Eyni zamanda onu da bildirmək istəyir ki, cavabdehin Binəqədi Rayon Məhkəməsində həyata keçirilmiş 18.03.2021-ci il tarixli iclasda iştirak etməməsi üçün heç bir səbəb mövcud deyildir. Əgər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi dərəcədə məlumatlandırılsa idi, məhkəmə iş üzrə materialları hərtərəfli şəkildə araşdırmaq vəzifəsini yerinə yetirməsə belə, cavabdehin digər ailəsinin və himayəsində 4 övladının olmasını, nəticədə isə maddi vəziyyətinin qənaətbəxş olmamasını əks etdirən sənədlər müvafiq məhkəməyə təqdim ediləcək idi. Lakin mövcud vəziyətdə bu hal mümkün olmadığı üçün Binəqədi Rayon Məhkəməsi tərəfindən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilmədən iddiaçının iddia tələbini himayəedici qətnamənin qəbul edilməsi tamamilə qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, alimentdən əvvəl kirayə pulunu ödədiyini, lakin alimenti ödəməyə başladıqdan sonra kirayəni ödəmədiyini, aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini bildirmiş və aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 17; "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 5, 13; Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu; Ailə Məcəlləsinin 19-23, 75, 76, 81, 84-87; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağın mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən ziddiyyətli dəlilləri uşaqların üstün mənafeləri və təminatları (valideynlərin onlara münasibətdə vəzifələri) baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, cavabdeh alimentin məbləğini və uşağın kimin yanında saxlanılması barədə bir-birini istisna edən dəlillər irəli sürmüş, bunları müəyyən edən sübutlar və ya müvafiq vəsatətlər müzakirəyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2880/2021 saylı işi üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6092/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6092/2021
05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver