Məhkəmə qərarları › İş №2(103)-610/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-610/2021

18.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-610/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6117/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən iddiaçıya ödənilməsi zəruri olan noyabr ayının əmək haqqı olaraq 4000 manat, dekabr ayının əmək haqqı olaraq 5500 manat, 2018-ci ilin yanvar ayının 17 günü üçün əmək haqqı olaraq 3116,66 manat və əmək kitabçasının qanuni verilməli olduğu gündən gecikdirilmiş zaman müddəti (107 gün) üçün orta aylıq əmək haqqı nəzərə alınmaqla cəmi 9716 manat məbləğində pulun, ümumilikdə 22332,66 manat məbləğində pul vəsaitinin, həmçinin son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə müvafiq məbləğdə pul vəsaitinin İddiaçıə ödənilməsi, xx.xx.2018-ci il tarixli AZTİR-1/004 saylı əmrin surətinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(004)- 6117/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC tərəfindən İddiaçıə 3335,83 manat məbləğində pulun ödənilməsi və iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-797/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6117/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 2017-ci ilin noyabr ayından 2018-ci ilin yanvar ayının 17-nə qədər olan müddət üçün 7315 manat məbləğində ödənilməmiş əmək haqqı (ödəniş vaxtı bütün tutulmalar nəzərə alınaraq köçürülməklə) və əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə 9716 manat məbləğində orta əmək haqqının tutularaq, İddiaçıə ödənilməsi, əmək haqqının məbləği 2850 manat əsas götürülməklə son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə kompensasiya hesablanaraq İddiaçıə ödənilməsi və xx.xx.2018-ci il tarixli AZTİR-1/004 saylı əmrin surətinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-797/2019 saylı qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-797/2019 saylı qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı onunla əsaslandırılmışdır ki, iddianın əmək haqqının ödənilməsi hissəsinin həlli sübutların qiymətləndirilməsindən asılıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq əmək haqqı ilə bağlı sübutların təqdim edilməsini işəgötürən olan cavabdeh şirkətin üzərinə qoymuşdur. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının təqdim etdiyi və əmək haqqının müəyyən olunması üçün əsas olan sənədin - “xxxx” MMC-nin vitse-prezidenti Pouya Ahadpour tərəfindən Almaniya Səfirliyinə ünvanlanmış xx xxxxx 2014-cü il tarixli məktubda əks olunmuş məlumatların həqiqiliyi özüözlüyündə mübahisəlidir. Belə ki, məhkəmənin özünün müəyyən etdiyi hal ondan ibarətdir ki, tərəflər əmək münasibətlərinə xx xxxx 2015-ci il tarixdə daxil olmuş və iddiaçının da imzaladığı əmək müqaviləsində əmək haqqının 1000 manat olması göstərilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı özü də əmək haqqının qeyd olunan məktubda göstərildiyi kimi 2850 manat deyil, 4000 manat, 2017-ci ilin dekabr ayından isə 5500 manat olmasını iddia etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi nə səbəbdən əmək müqaviləsini deyil, iddiaçının təqdim etdiyi, onunla müqavilə bağlanmamışdan əvvəl tərtib olunmuş məktubu iddiaçıya ödənilməli olan əmək haqqının hesablanması üçün əsas kimi götürməsini əsaslandırmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə orta əmək haqqının tutulması barədə tələbə hüquqi qiymət verərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə və 87-ci maddəsinin 3-cü maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 6.1 və 6.2-ci bəndlərinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş həmin tələbin əsaslı hesab edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: iddiaçının əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçası ona verilməmiş və bu cavabdehin təqsiri üzündən baş vermişdir. Hazırkı işdə də bu hallar müəyyən edilir. Belə ki, əmək müqaviləsinin xitam olunduğu gün cavabdeh tərəfindən poçt vasitəsilə iddiaçıya bildiriş göndərilməmiş, əmək kitabçası iddiaçıya işdən çıxdığı gün deyil, bundan 107 gün sonra – xx xxx 2018-ci il tarixdə verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə orta əmək haqqı tutulmasını tələb etməkdə haqlıdır və Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq həmin müddət üçün əmək haqqını hesablamaqla, cavabdeh tərəfindən iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır. Belə ki, iddianın göstərilən hissəsinin hüquqi əsasını təşkil edən Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan iddia tələbinin təmini üçün yalnız 2 hal (iddiaçının əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasının verilməməsi və bu cavabdehin təqsiri üzündən baş verməsi) deyil, əlavə olaraq işçinin bu səbəbdən işə düzələ bilməməsi də sübut olunmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hal, yəni iddiaçının iddia etdiyi dövrdə (əmək müqaviləsinə xitam verildiyi tarixdən əmək kitabçası ona rəsmi təqdim edildiyi tarixədək) hər hansı başqa müəssisə və ya təşkilatda işə düzəlmək istəməsi, əmək kitabçasının mövcud olmadığı üçün bunun mümkün olmaması araşdırılmamışdır. Daha sonra, apellyasiya instansiyası məhkəməsi son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə müvafiq məbləğdə pul vəsaitinin tutulması hissəsində Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə, 135-ci maddəsinin 2-ci bəndinə və 140-cı maddəsinin 1-ci bəndinə istinad etməklə hesab etmişdir ki, əmək haqqının məbləği 2850 manat əsas götürülməklə son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə kompensasiya hesablanaraq, iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan səbəblərdən iddiaçının əmək haqqının 2850 manat təşkil etməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmadığı üçün qətnamənin məzuniyyətin əvəzinə pul vəsaitinin hesablanması hissəsi ilə də razılaşmır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx xxxx 2015ci il tarixli əmək müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı həmin tarixdə cavabdeh MMC-də texniki servis mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış və aylıq əmək haqqı kimi 1000 manat göstərilmişdir. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanan əmək müqaviləsinə iddiaçının öz ərizəsi əsasında xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı öz apellyasiya şikayətində onun sübut kimi təqdim etdiyi Almaniya səfirliyinə ünvanlanmış X2 Sadeghin xx.xx.2009-cu il tarixdən «xxxx» MMC-də baş texniki ekspert vəzifəsində işlədiyi və ayda 2850 manat (3635 ABŞ dolları) əmək haqqı aldığı göstərilmiş viza üçün dəstək məktubuna birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmədiyinə istinad etmişdir. Həmçinin, apellyasiya şikayətində iddiaçının faktiki olaraq, xx.xx.2009-cu il tarixdən cavabdeh xxxx MMC-də texniki servis üzrə mütəxəssis vəzifəsində işləməsi, lakin cavabdeh tərəfindən onunla əmək müqaviləsinin uzun müddət rəsmiləşdirilməməsi, yalnız xx.xx.2015-ci ildə əmək müqaviləsinin bağlanması, onların arasındakı razılaşmaya əsasən iddiaçıya aylıq 4000 manat əmək haqqı ödənilməsi nəzərdə tutulması, 2017-ci ilin sentyabr ayına qədər iddiaçının ayda 4000 manat əmək haqqını tam məbləğdə aldığını, lakin məhkəmənin bu halları nəzərə almadığını və faktlara qərəzli və birtrəfli yanaşaraq onun maraqları əleyhinə qətnamə qəbul etdiyini bildirmişdir. Bu dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçının təqdim etdiyi həmin məktubda onun cavabdeh təşkilatda xx.xx.2009-cu ildən işləməsi göstərilsə də, həmin müddətdə tərəflər arasında əmək münasibətlərinin olmasına dair hər hansı sənəd (müqavilə, kontrakt və s.) müəyyən edilməmişdir. Bundan başqa, həmin məktubda iddiaçı X2 Sadeghin 2850 manat (3635 ABŞ dolları) əmək haqqı aldığı göstərilmişdir. Halbuki, iddiaçı öz iddia tələbində onun 4000 manat əmək haqqı almasını qeyd etmişdir. Göründüyü kimi, iddia tələbində və həmin sənəddə göstərilən rəqəmlər özü-özlüyündə ziddiyyətlidir. Həmçinin, iş materiallarında olan əmək müqaviləsi ilə müəyyən edilir ki, tərəflər arasında əmək münasibətləri bu müqavilənin bağlandığı xx.xx.2015-ci il tarixdə əmələ gəlmişdir və həmin müqaviləyə əsasən iddiaçının aylıq əmək haqqı 1000 manat təşkil etmişdir. Həmin əmək müqaviləsi və əmək haqqı məbləği elektron hökumət portalına yerləşdirilmiş əmək müqaviləsi barədə bildirişdə də öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixdən əvvəlki müddətdə iddiaçının cavabdeh «xxxx» MMC-də işləməsinə və əmək haqqının daha yüksək məbləğdə (2850 manat) olmasına, həmçinin 2015-ci ilin mart ayından 2017-ci ilin sentyabr ayınadək onun əmək haqqının 4000 manat olmasına, həmin ilin dekabr ayından isə əmək haqqı məbləğinin artaraq 5500 manat təşkil etməsinə dair iddiaçının dəlilləri rəsmi sənəd olan xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin şərtləri ilə təkzib edilir. AR Əmək Məcəlləsinin (bundan sonra ƏM) 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu maddənin xx xxxxxx 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyasında isə göstərilirdi ki, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Əmək qanunvericiliyinin qeyd edilən müddəalarından məlum olur ki, tərəflər arasında əmək münasibətlərinin yaranmasının və onun şərtlərinin dəyişdirilməsinin yeganə əsasını onlar arasında bağlanmış yazılı əmək müqaviləsi təşkil edir. Lakin iddiaçı onun 2009-cu ildən cavabdeh MMC-də işləməsinə dair əmək müqaviləsinin olmasını məhkəmədə sübut edə bilməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış əmək müqaviləsini və həmin müqavilədə əks olunmuş məlumatları (o cümlədən, əmək haqqının məbləği ilə bağlı) məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul edir. Bu müqavilə ilə iddiaçının işlədiyi müddətdə əmək haqqının 4000 manat olması, sonradan əmək müqaviləsinin şərtləri dəyişdirilərək dekabr ayından etibarən əmək haqqının 5500 manat təşkil etməsi ilə bağlı dəlilləri təkzib olunur. Bundan başqa, iddiaçı apellyasiya şikayətində cavabdeh MMC tərəfindən onun əmək kitabçasının o, işdən azad edildikdən 107 gün sonra – xx.xx.2018-ci ildə verildiyi halda, həmin müddət üçün orta aylıq əmək haqqının hesablanıb ona verilməsi ilə bağlı tələbini təmin etməməklə, məhkəmənin düzgün nəticəyə gəlmədiyini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, ƏM-nin 172-ci maddəsinin 6-cı hissəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Bu maddənin tələbindən göründüyü kimi, əmək kitabçasının işçiyə verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi yalnız o halda işçiyə orta əmək haqqının verilməsi üçün əsas ola bilər ki, işçi bu səbəbdən işə düzələ bilməsin. Əmək kitabçasının verilməsinin işəgötürən tərəfindən gecikdirilməsi özü-özlüyündə gecikmə müddəti üçün işçiyə orta əmək haqqının hesablanaraq verilməsinə əsas deyildir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdehin arasında əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçının başqa yerdə işə düzəlmək istəməsi, lakin əmək kitabçası olmaması səbəbindən düzələ bilməməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının qənaətinə görə, iddia tələbi bu hissədə də əsassız olmuşdur. İddiaçıya 2017-ci ilin noyabr-dekabr ayları və 2018-ci ilin yanvar ayının 17-nə qədər olan müddət üçün əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı məbləğindən (aylıq 1000 manat) və 47 təqvim günü məzuniyyət günləri üçün hesablanmış kompensasiyadan ibarət 3335,83 manat məbləğində son haqq-hesabın hesablanmasını məhkəmə kollegiyası düzgün və işin müəyyən edilmiş hallarına uyğun hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82-ci və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ...Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6117/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar