Məhkəmə qərarları › İş №2(103)-6101/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6101/2021

01.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6101/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 oktyabr 2019-cu il tarixdə MMC-də memar-dizayner vəzifəsinə işə qəbul olunduğunu, bununla əlaqədar onunla müqavilə bağlandığını, MMC-nin direktorunun müqavilədə əmək haqqının 250 manat göstəriləcəyini, amma bundan başqa 450 manatın nağd ödəniləcəyini bildirdiyini, 700 manat əmək haqqının bütövlükdə niyə rəsmiləşdirilmədiyini soruşduqda isə bunu vergidən yayınmaq üçün etdiklərini dediklərini, əmək haqqı alması üçün ona “xxxx” ASC-dən kart da verdiklərini, 09 yanvar 2020-ci il tarixinədək orada işlədiyini, lakin əmək haqqı almadığını, hər dəfə müraciət etdikdə onu aldadaraq əmək haqqını vermədiklərini, bu səbəblə məcbur qalıb 09 yanvar 2020-ci il tarixdə ərizəsini yazıb işdən çıxdığını, işdən çıxdıqdan bir müddət sonra MMC barəsində Əmək Müfəttişliyinə şikayət etdiyini, Əmək Müfəttişliyinin MMC-ni cərimələməsinə baxmayaraq əmək haqqının yenə də ödənilmədiyini bildirmiş, buna görə də 31 oktyabr 2019-cu il tarixdən 09 yanvar 2020-ci il tarixə qədər hər ay 700 manat olmaqla 1633 manat əmək haqqının və ona dəymiş mənəvi zərərin əvəzi qismində 2000 manatın MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən ödənilməmiş əmək haqqına görə 527,76 (beş yüz iyirmi yeddi manat, yetmiş altı qəpik) manatın və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 4 (dörd) manatının İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, əmək qanunverciliyinin müddəalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) gəlmədiklərindən işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etməsinə baxmayaraq, onun iradə ifadəsi də iddianın təmin olunmayan hissələrində qətnamənin ləğvinə yönəlmişdir. Başqa sözlə qətnamə, iddia tələbinin qismən təmin olunması ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı 31 oktyabr 2019-cu il tarixdə Cavabdehndə memar- dizayner vəzifəsinə işə qəbul edilmiş, 09 yanvar 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, işlədiyi dövrdə ona əmək haqqı ödənişləri həyata keçirilməmiş, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ünvanladığı şikayət əsasında araşdırılma aparılmış, araşdırma nəticəsində Cavabdeh iddiaçıya münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozduğu aşkar edilmiş və MMC barəsində 13 avqust 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, MMC-nin direktoru 1400 manat cərimə olunmuşdur. İddiaçının iddiasına görə aylıq əmək haqqı 700 manat təşkil etmiş, işlədiyi müddət üçün ona cəmi 1633 manat əmək haqqı ödənilməli olduğu halda bu məbləğ ödənilməmiş, cavabdehin hərəkəti nəticəsində 2000 manat mənəvi zərərə məruz qalmışdır. Kollegiya hesab edir ki, iddiaçının “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi ilə bağlı irəli sürdüyü faktiki hal onun həmin tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə qismən uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 155.2-ci və 155.3-cü maddələrinə əsasən minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz; 156.1-ci maddəsinə görə, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Məcəllənin 178.1-ci maddəsinə görə isə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Kollegiya iddiaçıya ödənilməli əmək haqqının məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, o, cavabdeh şirkət tərəfindən ona hər ay 250 manat əmək haqqına əlavə olaraq 450 manat veriləcəyi ilə bağlı vəd verildiyini bildirsə də, belə razılaşmanı təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir və sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının artırılması” haqqında 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqı məbləği 250 manat müəyyən edildiyindən kollegiya hesab edir ki, iddiaçıya 31 oktyabr 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixə qədər ödənilməli olan əmək haqqının 500 (250 x 2 ay) manat, 01 yanvar 2020-ci il tarixdən 09 yanvar 2020-ci il tarixədək ödənilməli olan əmək haqqının isə 124,92 manat (2020-ci ilin yanvar ayının iş günlərinin sayı 18-ə bərabər olduğundan 250/18=13,88 manat, 13,88 x 2 iş günü = 27,76) hesablanmalı olduğu barədə gəlinən qənaət işin hallarına uyğun olmuşdur. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin iddiaçının mənəvi ziyan tələbi üzrə gəldiyi nəticəni əsaslı hesab etmir: Belə ki, məhkəmə iddiaçının mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbini rədd edərkən, onun mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edə bilmədiyinə əsaslansa da, hamıya bəlli olan halların və ya faktların sübuta ehtiyacı olmadığını (Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsi) nəzərdən qaçırmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 200 (iki yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1354/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçının mənəvi ziyan tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun. İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərin əvəzi qismində 200 (iki yüz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə, yəni Cavabdehndən ödənilməmiş əmək haqqına görə 527,76 (beş yüz iyirmi yeddi manat, yetmiş altı qəpik) manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar