Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6104/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil Fəzil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının, kitabların, sənədlərin, 1800 manat pulun və dövlət tərəfindən ödənilmiş müavinətin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)-476/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının, kitabların, sənədlərin, 1800 manat pulun və dövlət tərəfindən ödənilmiş müavinətin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 06 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Cavabdeh qarşı «əmlak bölgüsü və s.» tələblərə bağlı məhkəmə prosesinə getmiş, oradan valideynlərinin məcburi köçkün kimi yaşadığı yataqxanaya getmiş, axşam vaxtı evə qayıdarkən açarı qapını açmamış, məlum olmuşdur ki, cavabdeh qapının kilidini dəyişdirmişdir. O, dərhal 102 xidmətinə zəng etmiş, lakin polis əməkdaşları hadisə yerinə gəlməmiş və o, polis bölməsinə gedərək ərizə yazmışdır. Polis əməkdaşları bütün bu cinayətlərə ər-arvad arasinda olan mübahisə deyib cinayət işinin başlanmasını rədd edərək mülki qaydada əmlaklarını tələb etmək hüququnu ona izah etmişlər. Hazırda onun tələbi özünə məxsus qızıl-zinət əşyalarının, evdə olan və cavabdeh tərəfindən götürülən, bacısının təhsil haqqı olan 1800 manat məbləğində pulun, sənədlərin və cavabdeh tərəfindən mənimsənmiş 2040 manat müavinətin cavabdehdən alınaraq ona verilməsi ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)- 476/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin olunmuş, Cavabdeh dəyəri 3474 (üç min dörd yüz yetmiş dörd) manat olan 750 əyarlı, 38,6 qr çəkidə ağ qızıl dəst (kolye, sırğa, bilərzik, üzük), dəyəri 3240 (üç min iki yüz qırx) manat olan 750 əyarlı, 36 qr çəkidə ağ qızıl dəst (kolye, sırğa, bilərzik, üzük), 4,8 qr çəkidə «bəxt» üzüyü və dəyəri 770 (yeddi yüz yetmiş) manat olan 585 əyarlı, 11 qr çəkidə boyunbağı və ya onlar olmadığı təqdirdə onların dəyərinin, həmçinin 1700 (min yeddi yüz) manat məbləğində pulun, 2040 (iki min qırx) manat on yeddi ay ərzində alınmış müavinətin əvəzinin, iddiaçıya və övladlarına məxsus doğum haqqında şəhadətnamələrin, iddiaçıya məxsus olan orta məktəbi bitirməsi barədə şəhadətnamənin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının qızıl-zinət əşyalarını özü gedəndə aparması, uzun müddət iddiaçıdan ayrı yaşaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən də tələb olunan qızıl-zinət əşyaları faktiki mövcud olmuş, lakin iddiaçı evdən gedərkən həmin qızılları özü ilə aparmışdır. Qızıllar cavabdehdə deyildir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmamışdır. Bundan başqa iddiaçının tələb etdiyi pul 1800 manat deyil, 1700 manat olmaqla ona məxsus olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, evdən çıxarkən onun evi tərk etmək niyyəti olmadığından, cavabdehin evdən çıxarkən qızılları da özü ilə götürməsi fikrini qəbul etmir. Həmçinin bildirir ki, cavabdehlə ayrı yaşadığından, uşaqlarla tək qalmasın deyə bacısı onlarla qalırdı və iddia ərizəsində tələb etdiyi 1800 manat məbləğində pul bacısına məxsus olmaqla, sonuncunun təhsil haqqı olmuş, saxlaması üçün ona verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində işə baxaraq, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır. İlk növbədə qeyd edilməlidir ki, tərəflərin 19 sentyabr 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan üç yetkinlik yaşına çatmayan uşaqlarının olması, nikahların pozulması, ayrı yaşamaları işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda cavabdeh tərəf iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyalarının mövcudluğunu və iddiaçıya hədiyyə olunmasını təsdiq etmiş, lakin etirazının əsası kimi onların iddiaçıda olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı evdən bir daha geri qayıtmamaq məqsədilə çıxmamış, məhkəmə iclasına getmiş, qayıdanda da qapının kilidinin dəyişdirildiyini aşkar etmiş və evə bundan sonra daxil ola bilməmişdir. Bu xüsusatlar iş materiallarında olan İddiaçı müraciəti əsasında Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində toplanmış materiallarla ilə öz təsdiqini tapır. Cavabdeh Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində verdiyi izahatda göstərilmişdir ki, qapının kilidini ilk dəfə iddiaçı dəyişmişdi çünki o, evə gələndə qapını aça bilməmişdir. O, da qapının kilidini sındırıb kilidi dəyişmişdir ki, evə daxil ola bilsin. Bundan sonra, o, iddiaçının paltarlarını yığıb evin komendantının otaqına qoymuşdur ki, gəlib aparsınlar, lakir aparmamışlar. O, qızıl-zinət əşyalarını götürməmişdir. İddiaçı hər dəfə valideynlərinin yanına gedəndə qızılzinət əşyalarını da özü ilə aparırdı. Məhkəmə tələb olunan qızıl-zinət əşyalarının ümumi çəkisi və sayını nəzərə alaraq cavabdehin həmin etirazını da inandırıcı hesab etməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı mənzilin qapısının qıfılının dəyişdirilməsini təsdiq etmiş, bununla yanaşı iddiaçı məxsus bəzi əşyaların evdən çıxararaq kommendatın otağına yığmasını bildirmişdir. Belə olan halda isə, cavabdeh evdə olan qızıl-zinət əşyalarının hansı şəraitdə iddiaçı tərəfindən aparılmasını obyektiv və ağlabatan əsaslandıra bilməmiş, formal mülahizələrdən çıxış etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə tələb olunan qızıl-zinət əşyalarının dəyəri müəyyənləşdirmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qeyd edilməlidir ki, əksi sübuta yetirilməyədək şəxs mülkiyyətində olan əşyanın faktiki sahibi və istifadəçisi kimi qəbul edilməklə, ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Çünki, MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.10-cu maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. MM-nin 152.11-ci maddəsinə əsasən mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və tədqiq olunmuş sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia olunan və həqiqiliyi mübahisə doğurmayan iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindədir, bu səbəbdən də iddiaçı onları tələb etməkdə və birinci instansiya məhkəməsi iddianı qızılzinət əşyalarına aid hissədə təmin etməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı - 2040 manat on yeddi ay ərzində alınmış müavinətin əvəzinin, həmçinin müəyyən sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissədə də iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, işin mübahisələndirilməyən hallarına əsasən tərəflər məcburi köçkün olmaqla ailə üzvünə görə hər ay müvafiq müavinət verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər məcburi köçkün ailəsi olduğuna görə, dövlət onlara hər ailə üzvünə 60 manat olmaqla müavinət vermiş, həmin pul ailə başçısı kimi cavabdehə məxsus olan hesaba oturmuşdur. Tərəflər arasındakı münasibətlər pisləşəndən sonra cavabdeh, həmin müddətdə qızı iddiaçının yanında yaşasa da, 2019-cu ilin may ayından 17 ay ona və qızına aid müavinətdən onları məhrum etmiş və həmin pulu onlara verməmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil tərəflərin 2019-cu ilin may ayından ayrı yaşadıqlarını təsdiqləmişdir. Cavabdeh tərəf isə məhkəmə baxışı zamanı qeyd edilən dövr üzrə müvafiq pul vəsaitlərinin iddiaçıya təqdim olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı başqasına (bacısına) məxsus əmlakı (təhsil haqqı olan 1800 manat pul vəsaitini) cavabdeh tələb etməkdə haqlı olmamışdır. İddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya baxışı zamanı verdiyi izahatında tələb etdiyi 1800 manatın əslində onun bacısı Könül Yusifovaya məxsus olmasını, bacısının universitet tələbəsi olmasını və həmin pulun da onun təhsil haqqı olmasını göstərmiş, bacısı onunla birgə qaldığından pulu saxlamaq üçün ona verməsini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bacısına məxsus olan pul vəsaitini cavabdehdən tələb etməkdə sübyektiv (tələb) hüquqları mövcud deyildir. Birinci instansiya məhkəmə ba hala diqqət yetirməmiş, iddianı həmin hissədə qismən təmin etməkdə haqlı olmamışdır. Belə olan halda iddia həmin hissədə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının hazırki mövqeyi həmin hissədə maraqlı şəxslərin tələb hüququnu istisna etmir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən, yəni «cavabdehdən 1700 (min yeddi yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi» hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının, kitabların, sənədlərin, 1800 manat pulun və dövlət tərəfindən ödənilmiş müavinətin verilməsi» tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)-476/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)- 476/2021 saylı qətnaməsi qismən (yəni, «1700 (min yeddi yüz) manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı verilməsi» hissəsində) ləğv edilsin, iddia həmin hissədə təmin edilməsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6104/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6104/2021
13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver