Məhkəmə qərarları › İş №2(103)-6104/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6104/2022

02.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6104/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 18 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış 11000 manat məbləğində əşyaların, himayəsində olan sağlamlıq imkanları məhdud övladı X3 təyin olunmuş müavinət məbləğindən cavabdehdə qalan 2096 manat pulun alınaraq ona qaytarılması və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh 17 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti verilmə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hüquqi savadsızlığı ilə əlaqədar apellyasiya şikayətinin forma və məzmununa əməl etməmiş, buna görə də şikayət vermək üçün müddəti ötürmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 18 yanvar 2022ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi, qətnamədən şikayət vermək üçün ötürülmüş müddətin bərpa olunması və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq norması kobud şəkildə pozulmuşdur. Belə ki, hakim apellyasiya şikayəti qanuna uyğun olmadıqda – hazırda apellyasiya şikayəti etiraz formasında olduqda, bu zaman apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etməli idi. Daha doğrusu cavabdehin qətnamədən verdiyi 1-ci "apellyasiya etirazını" məktubla geri qaytarmalı deyil, MPM-ə uyğun olaraq qərardad qəbul edib göndərməli idi. İndiki halda birinci instansiya məhkəməsi apellyasiya şikayətinin formaya uyğunsuzluğunu istinad edərək geri qaytarılması haqqında qərardad çıxarmayıb və qanunvericiliyin müəyyənləşdirdiyi tələblərə riayət etməyib. Əgər birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etsə idi, onun tərəfindən də qanunvericilikdə nəzərdə tutulmuş apellyasiya şikayəti vermək üçün 1 aylıq müddəti ötürülməzdi. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 09 avqust 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdehin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsini 13 oktyabr 2021-ci il tarixdə almışdır. 17 noyabr 2021-ci il tarixdə cavabdehin qətnaməyə etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. xx.xx.2021-ci il tarixli məktubla məhkəmə cavabdehə qətnamədən narazı qaldığı halda apelyasiya şikayəti vermək hüququnu izah etmişdir. Buna baxmayaraq cavabdehin 29 noyabr 2021-ci il tarixdə qətnaməyə yenə də etirazı məhkəməyə daxil olmuşdur. xx.xx.2021-ci il tarixli məktubla məhkəmə tərəfindən cavabdehə bir daha qətnamədən apelyasiya şikayəti vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi cavabdeh iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini 13 oktyabr 2021-ci il tarixdə almış, lakin apellyasiya şikayəti vermək əvəzinə qətnaməyə etirazını 17 noyabr 2021-ci il tarixdə göndərmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş qaydada təqdim etsə də tərəfindən müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi isə cavabdehin qətnaməni aldığı gündən hüququnu bilmədiyi halda vəkilə müraciət etmək imkanı olmasını və onun vaxtında vəkilə müraciət etməməsinin qətnamədən şikayət vermə müddətinin üzrlü səbəblərdən buraxılması kimi qəbul edilə bilməməsinə istinad edərək, ötürülmüş müddəti bərpa etməmişdir. Göründüyü kimi cavabdeh qətnamədən apellyasiya şikayətini vermək üçün müəyyən olunmuş müddəti ötürsə belə həmin halı hüquqi savadsızlığı ilə əlaqələndirmişdir. Halbuki cavabdeh apellyasiya şikayəti əvəzinə qətnaməyə etiraz göndərsə belə, bu faktiki olaraq cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalmasını və həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməsi niyyəti olmuşdur. Bununla belə cavabdeh tərəfindən apellyasiya şikayətinin forma və məzmununa əməl edilməmişdir. Beləliklə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini ardıcıl iki dəfə qətnaməyə etiraz formasında verməsini, onun hüquqi savadsızlığı ilə bağlı olmasını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdehə apellyasiya şikayəti vermək hüququnun izah edilməsindən sonra cavabdehin qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti vermiş və ötürülmüş müddətin bərpası barədə ərizə də təqdim etmişdir ki, belə olan halda cavabdeh tərəfindən ötürülmüş müddət üzrlü hesab edilməli və cavabdeh tərəfindən apellyasiya şikayəti vermək müddəti bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən, buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 18 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməklə Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməli və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 18 yanvar 2022ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilsin və Cavabdeh apellyasiya şikayəti qəbul edilsin. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar