Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6105/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və FİNOKO” BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədli, iş № 2(003)-1711/22) mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi kimi, ipoteka müqaviləsinin qanuniliyi məhkəmə çəkişməsinin predmeti olmamışdır. Kredit müqavilələri üzrə borcun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması eyni tərəflər arasında ayrıca icraatda bu müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə işə baxılmasına mane olmamalıdır. Belə ki, bu mübahisələr eyni tərəflər arasında olsa da, iddia tələbləri fərqlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddiaya mahiyyəti üzrə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi icraata xitam verərkən Azərbaycan Respublikası MPMnin 261.0.2-ci maddəsini rəhbər tutmuşdur. Həmin maddənin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-104/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 26929.17 manat əsas borc, 16884.83 manat faiz borcu, 500 manat cərimə, cəmi 44314 (qırx dörd min üç yüz on dörd) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsi və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 115.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 44314 (qırx dörd min üç yüz on dörd) manat məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti ödənilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadına əsasən Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır (Qərardadın nəticə hissəsi). Lakin o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). Baxılan iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Kredit təşkilatının kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə mülki iş üzrə tərəf olduğu və həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə mindiyi üçün hazırkı işə baxılması yolverilməzdir. Əvvəl baxılmış iş üzrə ipoteka müqaviləsinin etibarlılığı barədə məsələyə məhkəmələr tərəfindən qiymət verildiyindən hazırkı iş eyni tərəflər arasında eyni predmeti barəsində eyni əsaslarla qaldırılmış iddiadır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iş üzrə yuxarıda gəldiyi nəticə əqdə əsaslanan iddialar üçün tamamilə qanuni və əsaslıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, əqdə əsaslanan tələblər əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Belə ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun, o cümlədən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə MPM-in 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas götürülmüş məhkəmə aktları üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və işə baxılması zamanı hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxmış məhkəmələrin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi də yaranmamışdır. Bu baxımdan hazırkı iş üzrə icraata MPM-i 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi üçün əsas mövcud olmamışdır. Ona görə də şikayət təmin olunmalı, birinci instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 262, 402, 405-ci maddələrini rəhbər tutaraq, çəhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1711/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ləğv olunsun və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6105/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6105/2022
31.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver