Məhkəmə qərarları › İş №2(103)-6131/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6131/2022

17.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6131/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-165/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb, Müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22(011)-165/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Zaur Əliyev elektron qaydada apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirərək hesab edir ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti elektron qaydada verilsə də, qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin Məcəllənin 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Yəni, cavabdehin nümayəndəsi və vəkili Z.Əliyev sadəcə məhkəmə aktının hansı hissəsini mübahisələndirdiyini qeyd etmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, 6,7,9 və 11-ci qrafalar ümumiyyətlə boş saxlanılmışdır. Eyni zamanda apellyasiya şikayətinin giriş hissəsində “apellyasiya şikayət verən şəxs” qrafasında Cavabdeh2 deyil, “Verdiktum Vəkil Bürosu” və vəkil Zaur Əliyevin adı qeyd edilmişdir. Bundan əlavə, şikayətə əlavə edilmiş etibarnamə qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdir. Sadəcə gürcü dilində verilmiş etibarnamənin tərcümə edilmiş varianti şikayətə əlavə edilmişdir. Halbuki, bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Ümumilikdə, bu sənədlərə apostil verilir: dövlət orqanları tərəfindən verilən sənədlər, məhkəmə sənədləri, notariat qaydasında təsdiq edilmiş sənədlər (o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələri; fiziki şəxsin imzaladığı sənədlər, əgər onun imzası notariat qaydasında təsdiq edilibsə). Bununla da kollegiya hesab edir ki, cavabeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 2 saylı Əlavəsinə uyğun tərtib edilmədiyi, həmçinin onun verdiyi etibarnamə qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmədiyindən qeyrimümkün hesab edilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Xətai Rayon Məhkəməsinin 2(011)-165/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar