Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6141/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 qarşı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərindən ipoteka yüklülüyünün götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Cavabdeh2 birgə nikah dövründə aldıqları Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 108 giriş D mənzil 34-ü onun razılığı olmadan X1 üçün Cavabdeh1 ASC-yə girov qoymuşdur. Həmin ev birgə nikah dövründə alınmışdır. Sonradan məhkəmədən evə bildiriş göndərildikdən sonra ona məlum olur ki, X3 xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ASC tərəfindən 75000 manat pul verilmışdır. Həmin kreditin təminatı kimi qeyd olunan mənzil girov qoyulmuşdur. Mənzil girov qoyularkən o, notariat kontorunda razılıq ərizəsi verməmiş, evin ipotekaya qoyulmasına razı olmamışdır. Əvvəllər 2014-cü ildə o, digər kreditə görə mənzilin girov qoyulmasına razılıq vermiş, həmin kredit üzrə borc bağlanmış və ya həmin borca görə ola bilsin ki, yeni kredit verilmişdir. Lakin sonuncu kredit veriləkən razılıq ərizəsi verməmiş, notariat kontoruna getməmiş, razılığı olmadığı üçün ipoteka müqaviləsi etibarsızdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 giriş D, 34 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli, 100850-72-481/3 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin üzərindən ipoteka yüklülüyünün götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 qarşı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərindən ipoteka yüklülüyünün götürülməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh1 ASC-nin nümayəndəsi, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı, cavabdehlər Cavabdeh1 ASC-nin nümayəndəsi, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, X4 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100850-72481/3 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən E.Qabiyevə illik 20% olmaqla, 36 ay müddətinə 75.000 manat məbləğində kredit ayrılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 14 saylı Notariat Kontorunun sözügedən mənzilə dair ipoteka müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 3M-475 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsində göstərilən öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, 34 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin notariat işində olan İddiaçı ərizəsində göstərilmişdir ki, o, əri Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, 34 saylı mənzili Cavabdeh1 ASC-nin xeyrinə ipotekaya qoyulmasına razıdır. İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeydşərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, 34 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1, 421.1-ci maddələrinin tələbləri ilə, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 ASC ilə X4 arasında illik 20% olmaqla, 36 ay müddətinə 75.000 manat kredit ayrılmasına dair xx.xx.2017-ci il tarixli 100850-72481/3 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsində göstərilən öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, 34 saylı mənzili ipoteka ilə yüklü edilməsinə dair tərəflər arasında həmin tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin bağlanması üçün iş üzrə İddiaçı Notariat Kontoruna ərizə ilə müraciət edərək sözügedən mənzili Cavabdeh1 ASC-nin xeyrinə ipotekaya qoyulmasına razı olmasını, qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeydşərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167№-li Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın lll Fəsil 49-cu bəndindən göründüyü kimi, nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmayaraq notariat qaydasında təsdiq edilmiş razılığı olsun. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı verdiyi apellyasiya şikayətində mənzilin ipotekaya qoyulmasına razılıq vermədiyini bildirmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Kollegiya iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan qeyd edir ki, hazırkı mülki işdə iddiaçı iddia ərizəsində, eləcə də apellyasiya şikayətində mənzilin ipotekaya qoyulmasına razılıq vermədiyini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6141/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6141/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver