Məhkəmə qərarları › İş №2(103)-6141/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6141/2023

12.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6141/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyasının ödənilməsi, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə ödəncin, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın və mənəvi ziyanın əvəzinin tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı MMC-nə sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə öz xahişi əsasında əmək müqaviləsinə xitam verilmişdir.

2. Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı MMC-nə sürücü vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı 210 manat məbləğində razılaşdırılmış, xx.xx.2019-cu il tarixdə öz xahişi əsasında əmək müqaviləsinə xitam verilmişdir.

3. Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2020-ci il tarixdə yeni əmək müqaviləsi bağlanmış, İddiaçı MMC-nə sürücü vəzifəsinə işə götürülmüş, aylıq əmək haqqı 300 manat məbləğində razılaşdırılmışdır.

4. İddiaçı 172 nömrəli avtobusun sürücüsü olmuş, müxtəlif vaxtlarda “Daewoo” markalı avtobusu idarə etmişdir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 29 iyul 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 2018-2021-ci il tarixlərdə cəmi 3339,48 manat məbləğində gəliri olmuşdur.

6. Cavabdeh MMC tərəfindən verilmiş haqq-hesab cədvəlində göstərilmişdir ki, İddiaçı iyul 2020-ci il tarixdən oktyabr 2021-ci il tarixədək cəmi 1812,85 manat ödənişləri olmuşdur.

7. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nə ərizə ünvanlayaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və bildirmişdir ki, onun MMC-dən əmək haqqı ilə bağlı alacağı yoxdur.

8. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 902 saylı əmri ilə, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ödənilməmiş əmək haqqına görə 5040 (beş min qırx) manatın, əmək haqqının gecikdirilməsinə görə 6080 (altı min səksən) manatın, istifadə etmədiyi əmək məzuniyyətinə görə 420 (dörd yüz iyirmi) manatın və mənəvi ziyana görə 5000 (beş min) manatın, yəni cəmi 16 540 (on altı min beş yüz qırx) manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2016- cı il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək əmək müqaviləsi əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işləmiş, əmək müqaviləsi üzrə vəzifələrini tam və vaxtında icra etmişdir. Əmək müqaviləsinə əsasən əmək haqqı 210 (iki yüz on) manat olmuşdur. Lakin MMC-də işlədiyi 2 il 1 ay 7 gün müddət üçün ona cəmi 2 ayın əmək haqqı verilmiş, qalan 23 ay 7 günün maaşı ödənilməmişdir. Nəzərə alınmalıdır ki, avtobus sürücüsü kimi gündəlik planı yerinə yetirmiş və plan üzrə toplanmış pul vəsaitlərini də cavabdehə ödəmişdir. Hər dəfə əmək müqaviləsi üzrə maaşının ödənilməsini cavabdehdən tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə maaşın verilməsini yubatmışdır. xx.xx.2021-ci il tarixdə cavabdehlə arasında əmək müqaviləsinə xitam verilsə də, hal hazıradək cavabdeh tərəfindən onun 23 ay 7 gün üçün vəzifə maaşı ödənilməmişdir. Beləliklə, cavabdeh tərəfindən ona 5040 (beş min qırx) manat məbləğində əmək haqqı ödənilməmişdir. Odur ki, əmək haqqı ilə yanaşı Azərbaycan Respublikası Əmək Məlləsinin 172-ci maddəsinin 5ci hissəsinə əsasən əmək haqqının gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğ hesablanmaqla cəmi 6080 (altı min səksən) manat məbləğində pul və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən 2 il 1 ay 7 gün üçün istifadə edilməmiş əmək məzuniyyətinin əvəzinə 420 (dörd düz iyirmi) manat cavabdeh tərəfindən ona ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir əmək haqqı ödənilmədiyi üçün ailəsinin maddi tələbatlarını ödəyə bilməmiş, nəticədə psixoloji və mənəvi sarsıntı keçirmişdir.

11. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, ödənilməmiş əmək haqqına görə 7560 manatın, əmək haqqının gecikdirilmsinə görə 6080 manatın, istifadə edilməmiş əmək məzuniyyətinə görə 420 manatın, mənəvi ziyana görə 5000 manatın, yəni cəmi 19 060 manatın Cavabdeh MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Cavabdeh MMC-də sürücü işləmiş, sürücülərin əmək haqqı gündəlik gəlirlə hesablanmışdır. Gündəlik plan ödənildikdən sonra sürücülərin gündəlik qazancı ən azı 30- 40 manat məbləğində olmuş və bu məbləğ ay üzrə ən azı 500 manat təşkil etmişdir. İddiaçıya ödənilməmiş əmək haqqı qalmamışdır, həmçinin nəzərə alınmalıdır ki, o, iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.

13. Məhkəmənin şahid qismində dindirdiyi X3 ifadəsində bildirmişdir ki, o da Cavabdeh MMC-də sürücü işləyir, onların əmək haqqı gündəlik gəlirlə hesablanır. Gündəlik plan ödənildikdən sonra gündəlik qazancı ən azı 30-40 manat olmuşdur və bu məbləğ ay üzrə ən azı 500 manat təşkil etmişdir. İddiaçı ilə bir yerdə işləmişdir və axşam haqq-hesab etdikdən sonra İddiaçı gündəlik ən azı 30-40 manat qazanc götürdüyünün şahidi olmuşdur.

14. Birinci instansiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

15.1. İş materiallarına əlavə edilmiş və iddiaçının özünün imzası ilə təsdiq edilmiş ərizəsindən bəlli olur ki, iddiaçının Cavabdeh MMC-dən əmək haqqı alacağı yoxdur. Həmin ərizəni iddiaçı işdən çıxarkən yazaraq imzalamış və Cavabdeh MMC-yə təqdim etmişdir. Həmin ərizənin təzyiq və ya təhdid altında yazılmasına dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı işlədiyi dövrdə, yəni həmin ərizəni verənədək “əmək haqqının verilməməsindən” məhkəməyə və ya digər yerə şikayət etməmiş və işini işdən çıxanadək davam etdirmişdir. Məhkəmə iddiaçının illər boyu bir yerdə işləyərək bunun müqabilində maaş (əmək haqqı) almamasını və bundan şikayət etməməsini ağlabatan saymır. Belə ki, heç kəs 1 aydan artıq (hazırki işdə isə illər boyu) maaş almadan, bundan narahatlıq keçirmədən, heç yerə şikayət etmədən eyni yerdə işləməz. Hazırki işdən isə belə müəyyən olunur ki, iddiaçı illər boyu maaş almadan eyni bir işə gedib-gəlmişdir və bundan heç yerə şikayət etməmişdir. Ona görə də məhkəmə iddiaçının iddiasını ağlabatan saymayaraq əsassız hesab edir. 15.2. Bundan əlavə, iddiaçı hüququnun pozulmasını əmək fəaliyyətini davam etdirdiyi müddətdə, eyni zamanda əmək müqaviləsinə xitam verildiyi vaxt, yəni xx.xx.2021-ci il tarixdə, həmçinin həmin müddətdən sonra bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə müəyyən müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Əmək Məcəlləsinin 296-cı, Mülki Məcəllənin 375-ci və 377-ci maddələrinə istinad etmişdir.

17. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, qanunvericiliyin tələblərini pozduğunu, iddiaçının adından yazılmış saxta ərizəni əsas götürdüyünü, həmin ərizələrin işə qəbul edilən bütün işçilərdən alındığını, iddia müddətini ötürülmüş olması barədə səhv nəticəyə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

19. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

20. Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

21. Maddə 3 (5-ci bənd). Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

22. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

23. Maddə 9 (“d” bəndi). Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur.

24. Maddə 110. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

25. Maddə 113. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər.

26. Maddə 135 (1-ci hissə). Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

27. Maddə 135 (2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

28. Maddə 140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkəndə tətbiq edilir.

29. Maddə 143 (1-ci hissə). Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

30. Maddə 143 (2-ci hissə). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

31. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

32. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

33. Maddə 172. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

34. Yuxarıda göstərilən maddənin qeydində göstərilir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

35. Maddə 175 (3-cü hissə). İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

36. Maddə 175 (5-ci hissə). Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

37. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

38. Maddə 296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarı

39. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

47. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

52. Belə ki, iddiaçı iddia tələblərinin əsaslı hesab olunmasına imkan verəcək heç bir mötəbər sübut təqdim etməmişdir.

53. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

54. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

55. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələblərinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyri-mümkündür.

56. Belə ki, iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsi nəzərə alındığında, ödənilmədiyini iddia etdiyi əmək haqqının və digər ödəmələrin xx.xx.2019-cu il tarixinə qədər bağladığı əmək müqavilələri əsasında yarandığı qənaətinə gəlmək mümkündür; iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyinə görə isə, onun iddia müddətini ötürmüş olduğu qəbul edilməlidir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-98/2023 saylı iş üzrə 12 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar